Quba Soyqırım Kompleksinə qarşı TERROR – Məhkəmə isə “məsələyə 40 günə baxarıq” deyir - VİDEO

Quba Soyqırım Kompleksinə qarşı TERROR – Məhkəmə isə “məsələyə 40 günə baxarıq” deyir - VİDEO

Hazırda oxunan: Quba Soyqırım Kompleksinə qarşı TERROR – Məhkəmə isə “məsələyə 40 günə baxarıq” deyir - VİDEO

97530

“Erməni vandallığının əyanı və faktlarla yeganə sübutu olan Quba "Soyqırımı Memorial Kompleksi"nin mühafizə zolağında qanunsuz tikinti və qazıntl aparan şəxslər ciddi cəzalanmalıdır. Nəinki onlar, bu torpağı onlara satanlar da cinayət məsuliyyətinə cəlb edilməlidir. Künki bu kompleksə, Azərbaycan tarixinə, həqiqətlərinə qarşı terrordur”.

Bu fikirləri Bizim.Media-ya son günlər kompleksin mühafizə zolağı ətrafında baş verən hadisələri şərh edən arxeoloq Qəhrəman Ağayev deyib.

Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropolgiya İnstitutunun şöbə müdiri, Quba soyqırımı ekspedisiyasının rəhbəri olmuş Qəhrəman Ağayev bu əməli ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə eyni tutub, təcili tədbirlərin görülməsini tələb edib:

“Mən bu olaydan çox təsirləndim, bərk narahatçılıq keçirdim. Biz burada gecə- gündüz işləmişik, araşdırma aparmışıq və dünyaya sübut etmişik ki, burada tapılan insan sümükləri 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qətlyamda vəhşicəsinə öldürən dinc insanlardır. İndi "Quba Soyqırımı Memorial Kompleksi"nin mühafizə olunan ərazisində qanunsuz tikinti işlərinin aparılması amalımıza xəyanətdir. Burada tikinti aparan da, buranı satan da erməni cinayətlərinə şəriklik edir”.

"Quba Soyqırımı Memorial Kompleksi"nin direktoru Rəxşəndə Bayramova da məsələdən bərk narahat olduqlarını deyib:

“Bu vaxta qədər kompleksi 1 milyondan artıq insan ziyarət edib. Onlardan 168 min nəfəri əcnəbi vətəndaşlardır. Kütləvi ziyarətçilərimizin axını davam etdiyi bir vaxtda kompleksin müşahidə zolağında özbaşına tikinti aparılması bizi bərk həyəcanlandırdı. Dərhal Mədəniyyət Nazirliyinin Mədəniyyət İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, Quba rayon icra hakimiyyətinə məlumat verdik. Operativ tədbirlər nəticəsində artıq tikinti dayandırılıb”.

Rəxşəndə Bayramova onu da qeyd edib ki, tikinti kompleksi enerji ilə təchiz edən yüksək gərginlikli xəttin üzərində aparılırdı:

“Tikinti aparanlar yüksək gərginlikli elektrik və internet xəttinin üzərindən qanunsuz  yol salmışdılar, həmin yoldan ağır tonnajlı yük maşınları hərəkət edirdi. Kompleksin ümumi dəyəri olan 168 000 manat olan  havalandırma sistemi və diğər  texniki avadanlıqlar da meşə zolağının yaxınlığında yerləşir. Aparılan beton işləri zamanı axıntı həmin istiqamətə hərəkət etməyə başlamışdı. Təsəvvür edin, bu  da çox ciddi fəsadlara yol aça bilərdi”.

Quba İH başçısının birinci müavini Tariyel İbrahimov da Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, burada yaşayış evinin tikilməsi qanuna ziddir və ərazi əvvəllər "Spartak" Peşəkar Futbol Klubuna aid olub:

“Kompleksin yaxınlığındakı ərazi 1988-ci ildə "Spartak" Peşəkar Futbol Klubu tərəfindən icarəyə götürülüb. Uzun müddət istifadə olunmayan ərazi sonradan klub tərəfindən vətəndaşa satılıb. Artıq klubu məhkəməyə vermişik. Bundan sonra da qanunvericiliyin tələbləri çərçivəsində bütün kəsərli tədbirlər görüləcək”.

Quba rayon məhkəməsindən məsələ ilə bağlı hələlik dəqiq məlumat almaq mümkün olmadı. Rayon məhkəməsinin sədri vəzifəsini icra edən Samir Məmmədov məsələyə hakimin səlahiyyətinə uyğun olaraq 40 gün ərzində baxılacağını bildirib. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO