Xəstəxananın baş həkimi həbs edildi - FOTO

Xəstəxananın baş həkimi həbs edildi - FOTO

Hazırda oxunan: Xəstəxananın baş həkimi həbs edildi - FOTO

9604

Azərbaycan Respublikasında əlilliyi və sağlamlıq imkanları məhdud olan şəxslərin sosial təminatı sahəsində rast gəlinən korrupsiya hüquqpozmalarına yol verən vəzifəli şəxslərin ifşa olunması istiqamətində prokurorluq orqanlarının kompleks tədbirləri davam etdirilir.

Bizim.Media Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, uzun müddət Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyən Nəzərov Cəlil Oruc oğlunun xəstəxananın həkim-məsləhət komissiyasının sədri kimi vətəndaşlara əlillik dərəcəsinin müəyyən edilməsi üçün rüşvət qismində müxtəlif məbləğlərdə pul vəsaiti alması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.

Həyata keçirilmiş ilkin tədbirlərlə C. Nəzərovun ona müraciət edən iki vətəndaşdan əlillik dərəcəsinin təyin edilməsi üçün xəstəlik tarixçələrinin hazırlanması və "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə daxil edilməsi müqabilində tələb etdiyi 4500 manat pulu 2020-ci il ərzində ayrı-ayrı vaxtlarda xəstəxananın binasında özü və qeyri-rəsmi köməkçisi olan Sultanlı Davud Məmməd oğlu vasitəsilə təkrarən rüşvət qismində almasına, habelə, çox sayda digər sağlam və həqiqi xəstəliyi olan vətəndaşlara xəstəliklə bağlı saxta tibbi sənədlərin hazırlanması, həmin sənədlərin reyestrə daxil edilməsi müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına dair əsaslı şübhələr müəyyən edilib.

İş üzrə baş həkimin xidməti otağında və digər aidiyyəti ünvanlarda axtarış aparılan zaman 2015-ci ilin əvvəllərindən başlayaraq pensiya təyinatı üzrə göndərişlərin verilməsi, xəstəliklər üzrə diaqnozların müəyyən olunması və sair təyinatlar üzrə çoxsaylı vətəndaşların adlı siyahısı və həmin vətəndaşlardan alınan müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər olan dəftərçələr, milli və xarici valyutada olan pul vəsaitləri, xəstəxananın mühasibatlığından isə 49 ədəd plastik hesab kartı və müxtəlif tibbi sənədlər aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb və ilkin sübutlarla 23 yanvar 2021-ci il tarixdə məhkəmənin qərarı əsasında Cəlil Nəzərov barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda C.Nəzərovun rəhbərlik etdiyi Masallı rayon Mərkəzi Xəstəxanasının işçi heyətinin məvacib kartlarını özündə saxlamaqla onların əmək haqlarının, habelə rəhbərlik etdiyi Xəstəxanaya dövlət tərəfindən ayrılmış dərman preparatları və tibbi avadanlıqların mənimsənilməsi ilə bağlı faktların araşdırılması, eləcə də, təqsirləndirilən şəxsin digər qanunsuz hərəkətlərinin aşkar edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO