Neft və qaz sahəsi üzrə ekspert İlham Şaban yazır ki, Azərbaycan karbohidrogen ehtiyyatarından iqtisadi, siyasi və mədəni anlamda çox böyük gəlirlər əldə edib.
Ekspert ötən həftədəki prosesləri analiz edərkən aşağıdakıları qeyd edib:
“Qəribə bir həftəni yola salırıq. Onun qəribəliyi isə onunla bağlıdır ki, həftənin ortasında Rusiya prezidenti Vladimir Putin xalqa müraciət edərək ölkə ordusuna qismən səfərbərlik edilməsi, rəsmi Brüsseldən gələn xəbərlərdə isə yaxın zamanlarda Avropa İttifaqının Rusiya nefti üçün “yuxarı hədd qiyməti” tətbiq edilməsini müzakirəyə çıxaracağı bildirilsə də, amma həftə sonuna neftin də, qazın da qiyməti kifayət qədər ucuzlaşdı. Başqa zamanda belə təlatümlü xəbərlər hökmən enerjidən asılı olan ölkələri təlatümə gətirər və nəticədə qiymətlər qısamüddətli olsa da üzüyuxarı hərəkət edərdi. Amma bu dəfə belə olmadı.
Qlobal bazarlar. Bazar ertəsi maksimumda bareli 92,57 dollara satılan Brent markalı neft həftənin sonuncu hərracında minimumda 85,51 dollara qədər ucuzlaşdı. Dünən neft qiymətini 5%-ə qədər itirdi. Sonuncu dəfə 86 dollardan ucuzuna Brent markalı neft cari il yanvarın 27-də ticarət edilmişdi.
Qaz qiymətləri də həftə ərzində ucuzlaşmaya meylli oldular. Belə ki, sentyabrın 19-da hər min kubmetr üçün 1886 dollara alınan qaz artıq cümə günü hərrcını 1828 dollarla bağladı. Bir ay öncə isə qazın hərrac qiymətləri 3507 dollara qədər yüksəlmişdi.
Qeyd edim ki, neft qiymətləri bazarda təklifin aşağı düşməsi perspektivinə baxmayaraq ardıcıl olaraq dördüncü həftədir ki, ucuzlaşır.
Bazara təzyiqi isə dünya üzrə mərkəzi banklarının faiz dərəcələrini yüksəltməsi nəticəsində qlobal iqtisadiyyatda yaşanacaq tənəzzül qorxusu təhlükəsidir. Son günlər ABŞ Federal Ehtiyat Sistemi, İngiltərə Bankı, eləcə də İsveçrə və Norveç Mərkəzi Bankı uçot dərəcəsini artıracağını açıqlayıb.
Yüksək inflyasiya şəraitində yeridilən sərt pul siyasəti biznesin kredit bazarına çıxışını çətinləşdirir, bu da öz növbəsində iqtisadi fəallığın qarşısını alır. Sonuncu isə təbii ki, iqtisadi tənəzzülə və enerjiyə tələbatın azalmasına gətirib çıxarır.
Treyderlərin qorxduqları da məhz bu amildir: görünməmiş miqyasda geosiyasi gərginlik, çoxillik yüksək inflyasiya və davamlı yüksələn dollar, şübhəsiz ki, neftə olan tələbin azalmasını şərtləndirən amillərdir.
ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ölkənin strateji neft ehtiyatında həftəlik həcmlər əvvəlki həftə ilə müqayisədə 7 milyon barel azalaraq 427 milyon barel təşkil edib. Bu isə 1984-cü ildən bəri ən aşağı səviyyədir.
Amma buna baxmayaraq Bayden administrasiyası qlobal və yerli bazarda yürütdüyü neft siyasətindən razıdır. Çünki ilk uğurlar artıq göz qabağındadır. Əgər cari il yayın əvvəlində neftin bir barelinin qiyməti 115 dollardan baha satılırdısa, indi təqribən 25% ucuzlaşıb. “GasBuddy” məlumatlarına görə, ABŞ-da yanacağın qiyməti son üç ayda tədricən azalmağa başlayıb və iyunun ortalarında 5,03 dollar/qallondan 3,66 dollar/gallona düşüb.
Amma bununla belə yaxın perspektivdə enerji bazarları üçün proqnoz olduqca qeyri-müəyyən olaraq qalır, çünki qiymətlərə təsir edən siyasi-iqtisadi amillər çox tez-tez dəyişir.
Belə bir şəraitdə ölkələrin əsas iqtisadi hədəfi enerjiyə olan tələbatlarının optimal ödənilməsi yollarının tapılmasıdır. O ölkələrin bəxti gətirib ki, TAP kimi kəmərə hazırda çıxışları var.
TAP kəmərinin səmərəsi. Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə kommersiya əməliyyatları başlanandan (31 dekabr 2020-ci ildən) Azərbaycanın “Şahdəniz” yatağından Avropaya 16 milyard kubmetrdən çox qaz nəql olunub. Bunu “TAP AG” konsorsiumunun idarəedici direktoru Luka Şippati sentyabrın 22-də İtaliyada keçirilən «TheYoungHope» tədbirində deyib.
Onun sözlərinə görə, Azərbaycandan nəql edilən qazın 13,5 milyard kubmetrdən çoxu və ya 84,4%-i İtaliyanın payına düşüb.
“Bu il İtaliya Azərbaycandan 9,5 milyard kubetrdən çox qaz qəbul etməyə hazırlaşır ki, bu da ölkənin qaza tələbinin 13%-dən çoxunu təminatı deməkdir”, - deyə Şippati əlavə edib.
Azərbaycan Avropa qaz əməkdaşlığı məsələlərinə sentyabrın 21-22 tarixlərində Buxarestdə keçirilən “V Rumıniya Beynəlxalq Qaz Konfransı”nda da toxunulub. Tədbirdə iştirak edən Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bəyan edib ki, 2022-ci ildə Azərbaycan Avropaya qaz tədarükünü 2021-ci illə müqayisədə 40% artıraraq 11,5 milyard kubmetrə çatdıracaq.
“İki ildən az müddətdə (20 aydan bir qədər çox) Azərbaycandan Avropaya 16 milyard kubmetrdən çox qaz çatdırılıb. 2022-ci ildə Azərbaycan qazının Avropaya ixracı 40% - 8,2 milyard kubmetrdən 11,5 milyard kubmetrə qədər artacaq. Bu, Cənub Qaz Dəhlizinin maksimum gücü ilə işlədiyini, həmçinin tədarükün davamlılığını və dayanıqlığını göstərir”, - deyə Şahbazov bildirib.
Pərviz Şahbazov Buxarestdə keçirilən konfrans çərçivəsində Bolqarıstanın energetika naziri Rosen Xristovla görüşü zamanı isə cari ildə Azərbaycandan Bolqarıstana 600 milyon kubmetr qazın ixrac ediləcəyini bəyan edib. Bu həcm Bolqarıstanın illik qaz tələbatının 19%-ni ödəməyə imkan verəcək.
Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas ilə görüşdə isə Pərviz Şahbazov Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Azərbaycan qazının tədarükü üzrə əməkdaşlığı müzakirə edib.
Bu il Yunanıstana Azərbaycandan 1,1 milyard kubmetr qaz göndərilməsinin proqnozlaşdırıldığını bildirib.
Nazir Şahbazovun səsləndirdiyi məlumatlardan belə nəticəyə gəlmək olar ki, 2022-ci ildə Azərbaycan qazının İtaliyaya tədarükü 9,8 milyard kubmetr (artım 44%) təşkil edəcək. Qeyd edək ki, ötən il Azərbaycan “Şahdəniz-2” layihəsi çərçivəsində İtaliyaya 6,8 milyard kubmetr qaz ixrac edib.
Buxarestdə keçirilən konfransda Pərviz Şahbazov həmçinin Azərbaycanın Avropada yaşanan enerji böhranının aradan qaldırılması üçün bazarları tarazlaşdıracaq təchizat mənbələrinin şaxələndirilməsinə verdiyi töhfədən də danışıb.
Nazir qeyd edib ki, Cənub Qaz Dəhlizinin 5 il ərzində genişləndirilməsi “enerji təhlükəsizliyinin təmin edilməsində növbəti addım” olacaq.
Onun sözlərinə görə, Azərbaycanın təbii qaz ixracını iki dəfə artırmaqla 20 milyard kubmetrə çatdırmaq boru kəmərinin gücünə və qaz hasilatına investisiyalar, həmçinin müqavilə və texniki tədbirlər tələb edir.
“Bu layihənin sürətlə həyata keçirilməsi bizim üçün ümumi maraq kəsb edir. 2022-ci il iyulun 18-də imzalanmış Azərbaycan və Avropa İttifaqı arasında Strateji Enerji Tərəfdaşlığına dair Anlaşma Memorandumu birgə işimiz üçün həlledici addımdır və lazımi siyasi təminat verir. İnanırıq ki, birgə siyasi iradə sayəsində Azərbaycan təbii qazının artan həcmləri enerji təhlükəsizliyinin həlledici məqamında - 2027-ci ildə Avropaya çatacaq”, - deyə Şahbazov əlavə edib.
O, həmçinin Azərbaycanın uzunmüddətli perspektivdə Avropaya enerji təchizatının şaxələndirilməsi prosesində bərpa olunan enerji mənbələrindən və hidrogendən istifadə etmək planlarına da diqqət çəkib.
“Bununla əlaqədar olaraq, nazir Xəzər dənizindən külək enerjisinin Avropaya ötürülməsi və yaşıl enerji dəhlizinin yaradılması üçün Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal rabitə layihəsinin əhəmiyyətini vurğulayıb.
“Neftçilər günü”. Sentyabrın 20-si Azərbaycanda neft-qaz sənayesində çalışan işçilərin peşə bayramı kimi qeyd edilir. Bu bayramın isə maraqlı tarixçəsi var, çünki həmin tarixdə baş verən hadisə müasir Azərbaycanın inkişafı ilə birbaşa əlaqəlidir.
20 sentyabr 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Bakıda, "Respublika" sarayında "Əsrin müqaviləsi"nin imzalanmasının birinci ildönümü münasibəti ilə neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüş keçirilib. Bu görüşdən sonra hər il 20 sentyabrda Azərbaycan Prezidenti Heydər Əliyevin neft-qaz sənayesi kollektivləri ilə görüşləri mütəmadi xarakter alır.
Nəticədə Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilir.
Bu, iqtisadiyyatda az sayda insanın (70 minə yaxın) peşə bayramı kimi rəsmən qeyd edilsə də, amma reallıqda respublika əhəmiyyətli bir hadisəyə çevrilib. Çünki “Azəri-Çıraq-Günəşli” müqaviləsinin imzalanması günündən qaynaqlanır və həmin müqavilənin ölkəyə gətirdiyi birbaşa və dolayı töhfələrlə əlaqədardır.
Və təbii ki, cəmiyyəti maraqlandıran əsas sual bundan ibarətdir: AÇG bir layihə kimi ona bəslənilən ümidləri doğrulda bildimi? Onun cavabı 28 il sonra, birmənalı olaraq, bəli deyimidir! Axı o zaman Azərbaycan ilk neft müqaviləsini imzalayarkən qarşısına nə məqsədlər qoymuşdusa, onları əsasən reallaşdıra bilib:
Yenicə müstəqilliyini qazanmış və digər postsovet ölkələrindən fərqli olaraq müstəqilliyinə ərazi bütövlüyünün sarsılması, 1 milyon qaçqın axını, hiperinflyasiya və hətta dövlət sektorunda belə əməkhaqlarının aylarla gecikdirilməsi kimi problemləri olan ölkənin arzusu nə ola bilərdi? Əlində olan mümkün potensialdan istifadə etmək, nəyisə kapitala çevirə bilmək və sadaladığım problemlərin aradan qaldırılmasına nail olmaq. Bəs Azərbaycanın qlobal bazarda kapitala çevirilə biləcək nəyi vardı? Nefti. Azərbaycan da bundan istifadə etdi.
2022-ci il 1 sentyabr tarixinə Neft Fonduna təkcə “Azəri-Çıraq-Günəşli” layihəsindən 162 milyard 2 milyon dollar vəsait daxil olmaqla iş yekunlaşmayıb axı. Azərbaycan bu müddətdə təkcə libasını dəyişən ğlkə olmadı axı. AÇG müstəqilliyini yenicə qazanmış ölkənin iqtisadi baxımdan dirçəlməsinin lokomotivinə çevrildi, Azərbaycanın bir gənc ölkə kimi nəhəng ölkələrlə əlaqələrinin yaranmasına və bəziləri ilə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlməsini təmin etdi, ölkənin cəlbediciliyinin artması ona təkcə marağı artırmır, Azərbaycanda və regionda marağı olan ölkələrin təsirlərini də artırır.
Bu baxımdan AÇG təkcə Azərbaycanın iqtisadi suverenliyinin onurğa sütunu rolunu deyil, həm də milli təhlükəsizliyimizin vacib elementi kimi ortaya çıxdı.
Üç onillik işğalda olan ərazilərimizin azad edilməsi və onların bərpası kimi strateji məsələnin həllinində də “Əsrin müqaviləsin”in xüsusi əhəmiyyəti və neftçilərin fədakar əməyi olub”.
İlham Şaban, Bizim.Media