Azərbaycanda istehsal olunan yod niyə DƏRMANA çevrilmir? – “90 faizdən artığı xaricə gedir”

Azərbaycanda istehsal olunan yod niyə DƏRMANA çevrilmir? – “90 faizdən artığı xaricə gedir”

Hazırda oxunan: Azərbaycanda istehsal olunan yod niyə DƏRMANA çevrilmir? – “90 faizdən artığı xaricə gedir”

93426

Ölkədə dərman istehsalına başlanılması əhali arasında narahatlıq yaradır. Daha keyfiyyətli və münasib qiymətə çox təsirli dərman preparatlarının istehsalı üçün yollar əlçatan olsa da, nədənsə Azərbaycanda buna maraq yoxdur.

Hətta ilkin tibbi yardım üçün gərəkli olan yod, spirt, ağrıkəsici və digər dərman pereparatlarının belə istehsalına başalaya bilmirik.

Məlumat üçün bildirık ki, ötən əsrin əvvəlindən Neftçalada yod istehsalına başlanılıb. Belə ki, 1927-ci ildə 5 nömrəli quyu fontan vurarkən oradan neftlə yanaşı, duzlu su da çıxır və analiz aparılarkən bu suyun tərkibində yod olduğu məlum olur. Sonralar bu ərazidə zəngin yod ehtiyatları aşkarlanır. Həmin illər burada quyular şəklində ilkin yod zavodu tikilir və 1931-ci ilin aprelində Bakıya 1500 kiloqram yod göndərilir.
 

MÖVZU İLƏ BAĞLI:

Apteklərdə DƏRMAN QITLIĞI yaranıb – İnsanları panikaya salan SƏBƏBİ necə aradan qaldırmalı?


1932-ci ilin may ayında rayonun indiki Mirqurbanlı kəndində yeni yod zavodu istifadəyə verilir. Sonralar Xəzər dənizinin sahillərində yeni yodlu-bromlu su yataqları aşkar olunur. 1984-cü ildə burada istehsal gücü əvvəlkindən 4 dəfə çox olan yod-brom zavodu tikilir.

Sovetlər İttifaqı dağıldıqdan sonra iqtisadi çətinlik nəticəsində zavodun fəaliyyəti dayanır. Yalnız 2004-cü ildən zavodda əsaslı təmir işlərinə başlanılır. Əsaslı təmir işləri başa çatdıqdan sonra zavod 2007-ci ildə “Azər-yod” MMC şəklində fəaliyyətə başlayır və burada istehsal olunan kristal yod və dəmir-bromid duzu ölkə və xarici bazarlara çıxarılır.

İndi də bu təbii sərvətin istehsalı davam edir. Amma bu yod tibbi göstəriş üçün yararlı deyil.

“Azər-yod” MMC-nin rəsmisi Mahmud Kəsəmənli Bizim.Media-ya açıqlamasında ölkədə istehsal olunan yodun əhəmiyyətindən söz açıb. O, deyib ki, hazırda Neftçalada istehsalı gedən yod tibbi göstərişlərdə deyil,  elektronikada, neft kimyasında, təmiz metalların istehsalında istifadə olunur:

“Səbəbi də odur ki, yod məhluluna aid xeyli komponentlər Azərbaycanda istehsal olunmur. Xaricdən gətirəndə isə baha-başa gəlir. Qonşu ölkələrdə bu komponentlər, hətta şüşə qab ucuz olduğu üçün orada istehsal daha sərfəlidir”.

Mahmus Kəsəmənli xatırladıb ki, sənaye yararlı yodlu bromlu su Azərbaycanda yalnız Neftçala rayonunun ərazisində çıxır:

“Müəssisədə 2 əsas və 3 köməkçi sex mövcuddur. Hazırda istismara yararlı 100 quyunun 70-dən istifadə olunur. Gün ərzində bu quyulardan 30 min kubmetr yodlu-bromlu su hasil edilir. 800-2500 metr dərinlikdən çıxarılan yodlu-bromlu su 8 mərhələdən keçirilərək kristal yod halına gətirilir və sonradan təyinat üzrə istehsal halına salınır. İldə zavodda 250 ton yod istehsal olunur. Daxili bazarda bu yoddan cüzi istifadə olunur. Dünyada yod istehsalı çox azdır. Ən geniş istehsal Çilidədir. Istehsalın 90 fazidən artığı xaricə - Rusiya, Hindistan, Polşa, Çin və digər ölkələrə ixrac olunur”.

Farmokoloq Aydın Əliyev ölkədə gündəlik işlənən və vacib dərmanların istehsalının aparılmasını vacib sayır. O, hökumətin Vətən müharibəsindən əvvəl belə bir qərarı olduğunu vurğulayıb:

“Yod insan bədəni üçün vacib aktiv bioloji maddədir. Yod olmayanda qalxanvari vəzinin finksiyası pozulur. Yod olanda maddələr mübadiləsi güclənir və insanın əhval ruhiyyəsi yaxşılaşır. Bir sözlə insan orqanizmində enerjini işə salan maddələrdən biridir. Vətən müharibəsindən əvvəl 2 böyük zavodun açılması planlaşdırılmışdı. Rəsmi hökumətin planında olan bu iş nədənsə dayandı. Ölkədə dərman zavodları işə düşəndə, büdcəmizdən keyfiyyətsiz dərmanlara gedən var-dövlətimiz Azərbaycanda qalacaq. Əgər yod istehsal edə bilirdiksə, yenə də edə bilərik. O zavodların açılışına ciddi ehtiyac var və bunları qlobal mənada reallaşdırmaq lazımdır”.

Aydın Əliyev əlavə edib ki, bu gün çox sayda sahələr özünün sahibkarını gözləyir:

“O cümlədən dərman istehsalına da maraqlı olanlar var. Müvafiq zavodlar açılsa, nəinki yod, digər pereparatlarla bağlı da problem həll olunacaq. Məsələ burasındadır ki, Azərbaycanda ümumi yod istehsalı aparılır, amma onun dərmana çevrilməsi üçün sexlər mövcud deyil.
Nəzərə almalıyıq ki, dünyada silahdan sonra ən çox büdcə pulu dərmanlardan gəlir. Müstəqil dövlət müstəqil şəkildə də ərzaq, dərman təminatını həyata keçirməlidir ki, güclü olaq”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO