PAYIZ GƏLDİ: Dünya qaz bazarında şok, SOCAR isə Türkiyədə neft axtarır – İlham Şaban YAZIR  

PAYIZ GƏLDİ: Dünya qaz bazarında şok, SOCAR isə Türkiyədə neft axtarır – İlham Şaban YAZIR  

Hazırda oxunan: PAYIZ GƏLDİ: Dünya qaz bazarında şok, SOCAR isə Türkiyədə neft axtarır – İlham Şaban YAZIR  

93109

Payız qəribə gəlib. Onun qəribəliyi təkcə Şimal yarımkürəsində təbiətdə yaşanan erkən payız faktoru ilə əlaqəli deyil. Düzdür, havaların xeyli sərin keçməsi bu dəfə enerji qiymətlərini üzü yuxarı aparmadı, əks istiqamət özünü daha qabarıq göstərdi. Qəribəliyin başqa bir tərəfi ondan qaynaqlanır ki, qütbləşən dünyanın bir tərəfinin getdikcə daha da böyüməsi çoxlarına bəlli olur.

Ona görə də necə deyərlər indiki dünyanın “sonu” ilə bağlı uzun müddət verilən proqnozların dumanı artıq seyrəlməyə başladığından qlobal bazarların buna adekvat reaksiyası da başa düşülən olur.

Qlobal bazarlar. Həftənin əvvəli Avropa bazarlarında qazın hərrac qiymətləri 30% artaraq 1000 kubmetr üçün 2917 dollara qədər yüksəldi.

Bunun başlıca səbəbi isə Rusiya qazının “Şimal axını-1” kəmərləri ilə Avropaya nəqlinin sentyabrın 3-də vəd edildiyi kimi bərpa edilməsinə “Qazprom” şirkətinin əməl etməməsi oldu. Nəticədə bazar ertəsi London birjası öz işinə başlayrkən bazarlarda yaşanan emosiyalar özünü qazın qiymətində büruzə verdi. Amma Həftənin son hərracında - yəni dünən qazın qiyməti Avropada 2150 dollardan ucuz satılırdı.
 

MÖVZU İLƏ BAĞLI:

“Şahdəniz”də qaz hasilatı niyə dayandırıldı? – Dünya qaz bazarında baş verənləri İlham Şaban ŞƏRH EDİR 


Qiymətin belə aşağı düşməsinin səbəbi isə Avropa Birliyi üzrə yeraltı qaz anbarlarına artıq ümumi tutum həcminin 80%-i qədər mavi yanacaq ehtiyatının yığılması, bəzi ölkələr üzrə (Polşa) bu göstəricinin hətta 100%-ə çatması xəbərləri oldu. 

Bazara təsir edən xəbərlərdən bir də bu il Avropada elektrik enerjisi hasilatında “yaşıl enerji”nin artım tempinin 17%-ə qədər artımı idi. 

Amma qaz qiymətlərini aşağı salan əsas xəbər təbii ki, Rusiya faktoru ilə bağlı idi. Belə ki, ictimailəşən məlumatlardan aydın oldu ki, “Qazprom” 2022-ci ilin yanvar-avqust aylarında Avropaya ixrac etdiyi qazın həcmlərini 37,4% azaldıb. Rusiyanın Avropa Birliyi ölkələrində (27 ölkə) satdığı qazın ümumi həcmi isə 8 ayda 47,9% azalıb. Yəni bu o deməkdir ki, Avropa əslində Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra kömür idxalını tam dayandırmağa müvəffəq olub, kömürdən sonra isə kifayət qədər qaz idxalını azaldıb.

Özünün ehtiyatlarını isə alternativ mənbələrdən tədarük etdiyi mavi yanacaq hesabına kifayət qədər artıra bilib.
 

Və bu müddətdə Avropada qazın və elektrik enerjisinin qiymətləri dəfələrlə artsa da, Rusiyanın ayağlna getmək arzusu gündəmdə olmayıb və Kremlin ciddi-cəhdlə yaratmaq istədiyi “enerji xofu” yalnız qiymətlər ətrafında olan emosiyalarda özünü göstərə bilib.


Ona görə də Avropa hələ ki, nəinki Moskva qarşısında enerji amilinə görə “ağ bayraq” qaldırmayıb, heç qorxunc proqnozlarda verildiyi kimi dağılmağa yaxın da deyil. Bəli, çətinlikləri var, özü də bunun təkcə cari illə limitlənməyəcəyini də anlayırlar. Amma görünən odur ki, Avropa artıq yavaş-yavaş deyil, sürətlə Rusiyanı özünün ENERJİ bazarından itələyib çıxarır və orta perspektivdə onsuz keçinməyin mümkün olduğu artıq bazar iştirakçıları üçün xülya deyil. Avropadakı ölkələrin Azərbaycanla yeni qaz sövdələşməsi isə getdikcə daha çox gündəmi tutur.

Avropa-Azərbaycan qaz əməkdaşlığı. BolqarıstanAzərbaycandan əlavə qaz həcminin nəqlinə ümid edir, lakin bu tədarükü 2025-ci ildən əvvəl gözləmir. Bu barədə cari həftə Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov bəyan edib.

“Bolqarıstan Cənub Qaz Dəhlizinin genişlənməsindən Azərbaycandan qaz tədarükünün artırılmasında maraqlıdır. Biz başa düşürük ki, bu dəhlizi ilə əlavə tədarük 2025-ci ildən əvvəl mümkün deyil, lakin ölkəmiz artıq indi əsl şaxələnməsi üçün təməl qoymalıdır”, - deyə bolqarıstanlı nazir Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazovla keçirdiyi danışıqlara dair fikrini yerli mətbuata açıqlayarkən bildirib.

Qeyd edək ki, hazırda Bolqarıstan Azərbaycandan qaz alan 3 Avropa İttifaqı ölkəsindən biridir. 2021-ci ildə Azərbaycan Bolqarıstana 280 milyon kubmetr qaz ixrac edib. Bu ilin 8 ayında isə qaz idxalı 275 milyon kubmetr olub. Ümumilikdə isə plana əsasən, cari ildə qaz idxalı həcmini 600 milyon kubmetrə, gələn ildən isə 1 milyard kbmetrə çatdırılması gözlənilir.
 

Yola saldığımız həftə Moldova baş nazirinin müavini Andrey Spınu yerli televiziya efirində Azərbaycan qazı ilə bağlı maraqlı açıqlama verib. Onun sözlərinə görə, Moldova Azərbaycan və Rumıniya ilə qaz təfarükünə dair danışıqlar aparır.


“Biz Azərbaycanla 10-15 illik uzunmüddətli müqavilə imzalamaq arzusundayıq. Hələlik müzakirələr aparılır, nüanslar çoxdur. Hələlik qaz tədarükü ilə bağlı müqavilələrin nə vaxt imzalanmasının mümkün olacağı məlum deyil. Biz bunun mümkün qədər tez olmasını istərdik. Heç bir tələb və şərt yoxdur, təkarlayıram: biz heç zaman, xüsusilə də siyasi şərtlərlə razılaşmamışıq”, - baş nazirin müavini vurğulayıb.

O qeyd edib ki, hökumətin Azərbaycanla müzakirə etdiyi qazın qiymətinin hesablanması düsturu “Qazprom”un hətta yay ayları üçün təklif etdiyi qiymət yaranma şərtlərindən daha cəlbedicidir.  

Belə bir şəraitdə Avropa İttifaqının 2022-2023-cü illərdə Azərbaycandan hansı həcmdə qaz almasına dair proqnozlar açıqlanıb.

“Fitch Ratings” Beynəlxalq reytinq agentliyi Rusiyadan qaz tədarükünün azalması şəraitində Avropa İttifaqı ölkələrinin qaza və tədarük həcminə dair tələbatı üzrə proqnoz dərc edib.

2022-ci ildə Avropa İttifaqı ölkələrində təbii qaza illik tələbat 357 milyard kubmetr həcmində proqnozlaşdırılır (2021-ci ildə - 397 milyard kubmetr). 2023-cü ildə tələbat 339 milyard kubmetr təşkil edir.

Həmçinin, 2022-ci ildə Avropa İttifaqına qaz idxalı 322 milyard kubmetr səviyyəsində (2021-ci ildə - 349 milyard kubmetr), 2023-cü ildə - 313 milyard kubmetr səviyyəsində gözlənilir.

“Fitch Ratings” agentliyinin qiymətləndirmələrinə əsasən, 2022-ci və 2023-cü illərdə Azərbaycan qazına tələbat Avropada 12 milyard kubmetr təşkil edəcək. Qeyd edilir kİ, 2021-ci ildə Avropa Azərbaycandan 8 milyard kubmetrdən bir qədər artıq qaz idxal etmişdi.

Xəbər verildiyi kimi, 31 dekabr 2020-ci ildə Azərbaycan TAP qaz kəməri ilə Avropaya – İtaliya, Yunanıstan və Bolqarıstana qaz nəqlinə başlayıb.

2022-ci ilin 18 iyul tarixində Bakıda Azərbaycan və Avropa İttifaqı 2027-ci ilədək qaz tədarükünün iki dəfə artırılmasına dair anlaşma Memorandumu imzalayıblar. Azərbaycan qazının Avropaya nəql həcmlərinin artırılması isə təbii ki, ilk növbədə bizim qazı Avropada qəbul edən magistral qaz kəməri TAP-ın illik buraxıcılıq gücünün artırılmasından asılıdır.

TAP-ın genişləndirilməsi layihəsi. TAP qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması ilə əlaqədar son qərar gələn ilin əvvəlində qəbul ediləcək. Bu barədə “TAP AG” boru kəməri konsorsiumunun baş icraçı direktoru Luka Şippati açıqlama verib.

“Bu ilin sonunda və ya gələn ilin əvvəlində TAP bazar sınaqlarının son mərhələsinə başlamağı planlaşdırır. Bu zaman yük göndərənlər TAP AG-dən boru kəmərinin əlavə uzunmüddətli gücləri üçün sorğu göndərcəklər. Bu sorğu prosesi ən çox iki ay davam edə bilər. Əgər güclərə kifayət qədər tələb olarsa, o zaman biz TAP qaz kəmərinin genişləndirilməsinə başlayacağıq”, - Şippati Milanda keçirilən Gastech beynəlxalq konfrans çərçivəsində bildirib.
 

Onun sözlərinə görə, TAP-ın genişlənməsi mərhələli şəkildə ola bilər, TAP-a əlavə qaz həcmi isə Azərbaycanın bir neçə yatağından daxil olacaq.


“36 aydan sonra biz ilk əlavə güc təqdim edə biləcəyik, 60 aydan sonra isə gücləri artıq iki dəfə artıra biləcəyik”, - Şippati qeyd edib.

TAP-la hidrogen nəqli mümkündürmü?

TAP konsorsiumu eyni zamanda həm də TAP-ın infrastrukturunu hidrogen nəqlinə hazırlamaq üzərində işləyir. Spatti bu layihənin texniki-iqtisadi əsaslandırılması müsbət nəticə verib deyib:

“Hazırda sənaye karbon neytrallığını əldə etmək məqsədilə hidrogenə diqqəti yönəldib. TAP-da biz bu ideyanı tam başdan qəbul etdik. 2021-ci ildə apardığımız ilkin araşdırma təsdiq etdi ki, TAP hidrogen nəql edə bilər”, - Şippati konfransda bildirib. 

O əlavə edib ki, növbəti addım boru kəmərinin materialını və qaynaqını sınaqdan keçirmək olacaq ki, onların hidrogen daşınması ilə uyğunluğuna əmin olsunlar.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycanın TAP-ın genişləndirilməsi ilə bağlı praktiki danışıqlara başladığını təsdiq edib. Onun sözlərinə görə, bu, TAP-ın ötürmə qabiliyyətinin iki dəfə - 20 milyard kubmetrə qədər artırılması üçün lazımdır.

“Bunu tezliklə etmək lazımdır. Çünki biz Avropa Komissiyası ilə razılığa gəlmişik ki, 2027-ci ilədək Azərbaycandan Avropa İttifaqına qaz ixracını iki dəfə - 20 milyard kubmetrə qədər artıraq. TAP genişləndirilməsə, bu, mümkün olmayacaq. Beləliklə, biz ilk olaraq bunu etməli, daha sonra isə müqavilələrlə bağlı danışıqlara başlamalıyıq”, - deyə İ.Əliyev vurğulayıb.

TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.

SOCAR-ın ölkədən kənar qazma layihələri. SOCAR və Türkiyənin TPAO şirkətləri bir il ərzində Türkiyənin Suriya ilə sərhədində yerləşən Batman vilayətində kəşfiyyat quyularının qazılmasına dair müqavilə imzalayıblar. 
 

TPAO tərəfindən Türkiyənin Batman vilayətində neft-qaz quyularının qazılması layihəsinin icrası məqsədi ilə SOCAR-ın “Kompleks qazma işləri” tresti tenderin qalibi olub. Müqavilə şərtlərinə əsasən Batman vilayəti ərazisində 8 ədəd kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.


Məlumata görə, hazırda müqavilə üzrə müvafiq avadanlıqların əməliyyat sahəsinə daşınması prosesinə başlanılıb. 

Xəbər verildiyi kimi, 15 iyun 2021-ci il tarixində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şuşaya rəsmi səfəri zamanı bəyan edib ki, Azərbaycan və Türkiyə böyük bilik və təcrübəyə malikdirlər, bu səbəbdən qazma sahəsində birgə adıımlar ata bilərlər. O qeyd edib ki, bu məsələni Azərbaycan prezidenti İlham Əliyev ilə müzakirə edib və dövlət başçımız bu istiqamətdə işləməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, SOCAR-ın Azərbaycandan kənar ilk kəşfiyyat qazma sifarişi İsrail şelfində onun törəmə şirkəti CDC şirkəti tərəfindən icra edilib. Daha sonra Azərbaycan Dövlət Neft Şirkətinin daha bir qazma şirkəti - SOCAR AQŞ Banqladeşdə quru ərazilərdə kəşfiyyat quyuları qazıb.

SOCAR-ın ilk istismar qazma müqaviləsi isə Türkiyədə “Tuzgölü” yeraltı qaz anbarı layihəsi çərçivəsində SOCAR AQŞ-nin əməliyyatları olub (hazırda davam edir).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO