Qadınların müdafiəsi üçün yeni QANUN hazırlanır? – Təklifə deputatdan REAKSİYA

Qadınların müdafiəsi üçün yeni QANUN hazırlanır? – Təklifə deputatdan REAKSİYA

Hazırda oxunan: Qadınların müdafiəsi üçün yeni QANUN hazırlanır? – Təklifə deputatdan REAKSİYA

91584

Son vaxtlar qadınlara qarşı zorakılıq halları gündəlik qarşılaşdığımız hala çevrilib. Hər gün mətbuatda eləcə də cəmiyyətdə ən azı bu tipli xəbərlərə rast gəlirik. Qadınlara qarşı olan bu aqressivliyin və zorakı hərəkətlərin qarşısını almaq mümkün olmur. 

Bu baxımdan qadın hüquqlarını müdafiə edən təşkilatlar yeni təkliflə çıxış edərək zəif cinsin nümayəndələrinin təhlükəsiliyi məsələsini gündəmə gətiriblər. 
Qadın və qızların təhlükəsizliyi mexanizminin hazırlanması və bunun qanunla tənzimlənməsi təklif olunur. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razı Nurullayev bildirib ki, qadın və qızların təhlükəsizliyinin təminatı ilə bağlı qanun layihəsinin hazırlanmasına ciddi ehtiyac yoxdur:

“Çünki bizim mövcud qanunvericilikdə və hüquqi normativ aktlarda ümumiyyətlə Azərbaycan vətəndaşlarının hüquqları ilə bağlı bütün müddəlar yer alıb. Əlavə olaraq qadınların hüquqlarının qorunması ilə bağlı Azərbaycan müxtəlif beynəlxalq konvensiyaların da iştirakçısıdır.

Hesab edirəm ki, ayrılıqda qadın və qızların təhlükəsizliyinin qorunması ilə bağlı qanun layihəsinin hazırlanıb qəbul olunması bu təklifləri irəli sürənlərin nəzərdə tutduğu problemləri aradan qaldıra bilməyəcək.

Qanun bir kağızdır. Düşünürəm ki, ölkədə qadınların hüquqlarının müdafiəsi və onlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı müəyyən çətinliklər var. Amma bu, kütləvi deyil. Sadəcə aidiyyəti qurumlar bu istiqamətdə fəaliyyətlərini daha da gücləndirməlidir.

Təklifi irəli sürənlər bunu məntiqi şəkildə parlamentə təqdim edərsələrsə və bu, məqbul sayılarsa, biz mövcud qanunvericilikdə dəyişiklik etmək, yaxud əlavə müddəlar əlavə etmək haqqında düşünə bilərik. Amma ayrılıqda qanun qəbul edilməsi məsələnin həlli deyil.
Cəmiyyətdə maarifləndirməyə, cəza tədbirlərinin gücləndirilməsinə ehtiyac var. Ümumilikdə isə ailələrin üzərində ciddi nəzarət mexanizmi də olmalıdır. Fikrimcə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılmalıdır. Onların üzərinə digər öhdəliklər də qoyula bilər. İstənilən halda məsələ müzakirə olunmalıdır və məqbul varianta gəlinə bilər”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO