İllərdir məşəqqəti bitməyən Bakı-Sumqayıt yolunun “qara günləri” yenidən başlayıb. Hər il eyni yol təmir edilsə də, fasiləsiz istismar baş tutmur. 6 ay əvvəl tam təmir olunub, istifadəyə verilən yol dağılır. Bu yoldan intensiv istifadə edən sürücülər isə hər an keyfiyyətsiz asfaltın çökəcəyindən və baş verə biləcək faciələrdən ehtiyatlanırlar.
Maraqlıdır, 30 il müddətində istismarı nəzərdə tutulan və hər il təmir-bərpa işləri ilə yenilənən bu yol niyə dağılır?
Xatırladaq ki, Bakı-Sumqayıt yolunu 2006-2009-cu illər ərzində "Akkord" şirkəti inşa edib. O zaman şirkət bu yolun 30 il müddətində dağılmayacağını, bu müddət ərzində fasiləsisiz istismar ediləcəyini bildirmişdi.
Nəinki 30 il, təxminən 3 il sonra - 2012-ci ildən Bakı-Sumqayıt yolunda müxtəlif yerlərdə çökmə, qabarma və dağılmalar başladı.
Daha sonra mütəmadi olaraq yolun xeyli hissəsi təmirə bağlandı. 2016-cı ildə ölkə başçısı İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi üçün yeni layihə yaradılması ilə bağlı aidiyyəti qurumlara tapşırıq verdi.
Sözdə bu tapşırıqlara əməl olundu. Ən son Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 6 ay əvvəl təmirdən yenicə çıxmış yol sürücülərin ixtiyarına verildi.
Zamanında bu yolun çəkilişi ilə bağlı müxtəlif söz-söhbətlər dolanırdı. Başlıcası isə keçmiş nəqliyyat naziri Ziya Məmmədovla məşhur bir Alman şirkəti arasında yaşanan problemlə bağlı xəbərlər olmuşdu.
Yayılan məlumatlara görə Ziya Məmmədov bu yolun çəkilişini həyata keçirməli olan məşhur Alman şirkəti ilə “anlaşa bilməmişdi”. Məhz Ziya Məmmədovun sayəsində Bakı-Sumqayıt yolu yerli təşkilatların ümidinə qalmışdı...
Qeyd edək ki, Bakı-Sumqayıt-Quba yolunun inşasına 13 il əvvəl 600 milyon manata yaxın vəsait xərclənmişdi.
Əlavə olaraq Prezidentin Sərəncamına, ayırdığı vəsaitə uyğun olaraq avtomobil yolunun təmiri və tikintisi ilə bağlı hər il yenidənqurma işləri aparılır. Amma problem birdəfəlik həllini tapmır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlasaq da, qurumdan zəngimizə cavab verən olmayıb.
Ümid edirik ki, Bakı-Sumqayıt yolunda aparılan kor-təbii təmir-bərpa işləri ilə bağlı məsələ birdəfəlik həll olunacaq və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi keçmiş nümunələri nəzərə alıb Ziya Məmmədovun səhvlərini təkrarlamayacaq...
Mövzunu davam etdirəcəyik...
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 29.08.2022
Kabusa çevrilən Bakı-Sumqayıt YOLU – Ziya Məmmədovun səhvi yenidən TƏKRARLANIR?
Hazırda oxunan: Kabusa çevrilən Bakı-Sumqayıt YOLU – Ziya Məmmədovun səhvi yenidən TƏKRARLANIR?
Hazırda oxunan: Kabusa çevrilən Bakı-Sumqayıt YOLU – Ziya Məmmədovun səhvi yenidən TƏKRARLANIR?
90955
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.