57 ildir ləzgilərin gəlini olan Şəkili xanımın HƏYAT HEKAYƏSİ – Aytəkin Alxaslı yazır

57 ildir ləzgilərin gəlini olan Şəkili xanımın HƏYAT HEKAYƏSİ – Aytəkin Alxaslı yazır

Hazırda oxunan: 57 ildir ləzgilərin gəlini olan Şəkili xanımın HƏYAT HEKAYƏSİ – Aytəkin Alxaslı yazır

90939

Müsahibim, hazırda ömrünün 83-ci baharını yaşayan Həyat Hüseynova Qusarın Hil kəndində yaşayır. Söhbətcil və ziyalı xanımdır. Əslən Şəkidəndir. O, Hil kəndinə 57 il əvvəl gəlib. 
1940-cı ildə Şəki şəhərində faytonçu Ələfsərin ailəsində doğulan müsahibim 5 övladı olan ailənin sonbeşiyi olub.

Deyir ki, zadəgan nəslindən olan anam Zeynəb Şəkidə qızlar məktəbinə şagirdlərə qarmon çalmağı öyrətməklə məşğul olub.

Anasının, ixtisası olmasa da müəllimlik peşəsinə xüsusi hörmətlə yanaşması Həyatın həyat yolunu da müəyyənləşdirib. Müəllim olmağı arzulayıb.
Deyir ki, Şəki şəhərindəki N.Gəncəvi adına 7 saylı məktəbi bitirəndən sonra bir il əmək stajı toplamaq üçün Şəki İpək kombinatında fəhlə kimi işləyib. 1960-cı ildə ovaxtkı V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ibtidai təhsilin pedaqogikası fakültəsinə daxil olub.

Həyat müəllimənin gələcək ailə həyatının təməli də elə 4-illik tələbəlik həyatında qoyulub. Heç ağlına gəlməzdi ki, 4 il birgə oxuduğu qrup yoldaşı qusarlı Hüseyn diplom alana yaxın ürəyini açacaq. Sən demə, ləzgi balası Hüseyn 4 il imiş ona göz qoyurmuş. Hüseynin evlilik təklifinə müsbət cavab verən Həyat müəllimə o illəri belə xatırlayır:

"1964-cü ildə institutu bitirdik. Ailələrimizin razılığını aldıq. Amma qərara aldıq ki, toyumuzu təyinatdan sonra edək. Elə də etdik.

Təyinatla mən Xızının Giləzi qəsəbə məktəbinə, Hüseyn isə Xaçmazın Yalama kənd məktəbinə işləməyə (o vaxt Yalama kəndi Qusar rayonunun inzibati ərazisinə daxil idi) getdik.

Həmin məktəblərdə 1 il müəllim işləyəndən təyinatımızı Hüseynin doğulduğu Qusarın Hil kənd natamam orta məktəbinə aldıq. Bir müddət burada işlədikdən sonra hər ikimiz ixtisasımızı dəyişərək qiyabi 2-ci ali təhsil də aldıq.

Mən filoloq, Hüseyn isə tarix müəllimi kimi bu məktəbdə uzun illər işlədik". Şəkili qızı Həyat elə o vaxtdan -1965-ci ildən Qusarın Hil kəndində yaşayır:

"57 ildir bu kənddəyəm. İlk vaxtlar heç də asan olmadı mənə. Şəhərdə böyümüşdüm, indi böyük bir kənddə ləzgi ailəsində yaşamalı olmuşdum. Mən geyinib bəzənib-müasir geyimdə-hündürdaban tuflidə dərsə gedəndə hamı çönüb mənə baxırdı. Çətinliyim çox olurdu. Ləzgii dilini bilməməyim də üstəlik əlavə çətinlik yaradırdı".

Beləcə, illər ötür. Şəkili qızının ləzgi kəndində hörmət qazanması, kollektivdə hamı ilə dil tapa bilməsi 1975-ci ildə onun işlədiyi natamam orta məktəbə direktor təyin edilməsi ilə nəticələnir.

Həmin ildən 1992-ci ilə kimi direktor işləyir, həm də dövlət dilimizin təbliğinə böyük önəm verir. 1992-ci ildə qaragüruh qüvvələr şimalda fəallaşanda könüllü olaraq direktor postundan istefa verir.
Həmin vaxtdan 2012-ci ilədək bir neçə Hil kənd uşaq bağçasında müdir işləyən Həyat müəllimə eyni zamanda kənd məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etməkdə davam edib. 

Həyat Hüseynova ömür-gün yoldaşı Hüseyn müəllimi 2008-ci ildə itirib.

Övladları Şəfəq Bakıda, oğlu Sərvər isə Sumqayıt şəhərində yaşayır:

“Övladlarım məni öz yanlarına aparmaq istəsələr də heç vaxt kəndi tərk etmədim. Qızımın, oğlumun evində uzağı bir-iki gün qalıb evə qayıtmışam kİ, Hüseynin ruhu məndən inciyər ki, evdə deyiləm”.

Hil kəndinə Hüseynə görə gələn Həyat müəllimə artıq 15 ildir onsuz onun evinin işığını yandırır:

“Həyatımda, Hil kəndində keçirdiyim 57 il ərzində çox çətinlik yaşamışam, amma həyatımdan heç vaxt şikayətçi olmamışam. Çünki Hüseyni özümə həyat yoldaşı seçən vaxtdan bütün çətinliyi göz önünə almışdım, ruhdan düşməmişdim”.
Müsahibimin maraqlı bir cəhətini də qeyd etməsəm, olmaz. 62 ildir Şəkidən çıxsa da Şəkinin şirin ləhcəsini unutmayıb, bu ləhcə ilə elə danışır ki, elə bil Şəkidən bu dəqiqə gəlib. Üstəlik də həmişəki səliqəli, ziyalı geyimini də dəyişməyib, həmişəki  saç düzümü də öz yerində.

82 yaşını 15 iyulda qeyd edən Həyat müəllimənin Hil kəndində böyük hörməti var. 1930-cu ildə Qusarın rayon mərkəzi olmuş Hil kəndinin 8 minə yaxın sakinindən kimsə tapılmaz ki, onun haqqında xoş danışmasın.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO