Hərbi Prokurorluqdan Ballıqaya qətliamı barədə AÇIQLAMA

Hərbi Prokurorluqdan Ballıqaya qətliamı barədə AÇIQLAMA

Hazırda oxunan: Hərbi Prokurorluqdan Ballıqaya qətliamı barədə AÇIQLAMA

90801

Bu gün ermənilər tərəfindən mülki azərbaycanlılara qarşı törədilən Ballıqaya qətliamından 30 il ötür. Mövzu ilə bağlı Respublika Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev açıqlama verib.

Bizim.Media xatırladır ki, 1992-ci il mayın 18-də Laçın rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra həmin rayonun sakinləri Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmaq məcburiyyətində qalıblar.

"Laçın rayonu sakinlərinin bir qrupu Goranboy rayonunun Ballıqaya kəndinə köçüblər. Həmin kənddə məskunlaşmış Laçın rayon sakinləri 1992-ci ilin avqustunda düşmənin silahlı hücumuna məruz qalıb, hücum nəticəsində xeyli insan qətlə yetirilib, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu faktla əlaqədar Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq ibtidai araşdırma aparılıb. Bir müddət sonra isə cinayət işi üzrə istintaq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda davam etdirilib", deyə Hərbi Prokurorluğun sözcüsü qeyd edib.

Onun sözlərinə görə, aparılmış istintaqla müəyyənləşdirilib ki, Goranboy rayonunun dağlıq hissəsində yerləşən Ballıqaya kəndində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlər - dinc sakinlər 1992-ci il avqustun 28-də erməni silahlı dəstəsinin hücumuna məruz qalıb, səhər saat 05 radələrində hücum zamanı 24 nəfər günahsız insan - qoca, qadın, uşaq və hətta 6 aylıq körpə xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edilib, 9 nəfərə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib:

"Ümumiyyətlə, ermənilərin Azərbaycanın mülki əhalisinə qarşı törətdikləri cinayətlərlə bağlı müxtəlif maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə göndərilib.

Hazırda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin nəzarəti və Baş prokurorun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin prosessual rəhbərliyi ilə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO