“Kəpəz”i Premyer Liqaya hər kluba 3 xal vermək üçünmü gətiriblər? – ETİRAZ

“Kəpəz”i Premyer Liqaya hər kluba 3 xal vermək üçünmü gətiriblər? – ETİRAZ

Hazırda oxunan: “Kəpəz”i Premyer Liqaya hər kluba 3 xal vermək üçünmü gətiriblər? – ETİRAZ

90788

Gəncənin “Kəpəz” futbol klubunun Misli Premyer Liqada ardıcıl 4-cü böyük hesablı məğlubiyyətindən sonra komandanın rəhbərliyi, məşqçilər heyəti ilə azarkeşlər arasında yaranan narazılıq pik həddinə çatıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Kəpəzsevərlər sosial şəbəkələrdə komandanın bu günkü vəziyyətinə ciddi etirazlarını bildirirlər və klubun bu gün ağır vəziyyətində olmasında rəhbərliyi və məşqçilər heyətini günahkar görürlər.

Bəhruz Baratzadə adlı azarkeş öz sosial şəbəkə hesabında bunları yazıb:

“Əziz Dostlar! Mən 1961-ci ildən “Kəpəz”in azarkeşi və fanatıyam. “Kəpəz”in sevinci sivincim, kədəri isə kədərim olub. Amma heç vaxt, hətta yüksək liqaya keçən vaxtda, belə biabırçılıq olmayıb” deyə B. Baratzadə fikrini bildirib.

“Kəpəz”in sadiq azarkeşlərindən olan Xətai Hüseynov da son məğlubiyyətdən sonra öz şəxsi səhifəsində komandanın dəhşətli durumda olduğunu, bu biabırçılıqda nəinki AFFA və məşqçilər korpusunun, hər kəsin günahkar olduğunu vurğulayır:

“Kəpəz”in bu günə düşməyində tək AFFA və Vahabzadə deyil, proseslərə laqeyd yanaşan digər “Kəpəz” rəsmiləri və Gəncə ictimaiyyətidir” deyə azarkeş öz narazılığını ifadə edir.

“Kəpəz” futbol veteranlarının sədr müavini Firuz Qulami də veteranlar adından xeyli müddətdir klub rəhbərliyini və məşqçilər korpusunun qeyri peşəkarlığını qeyd edərək təcili sürətdə istefa vermələrini tələb edirlər.

Onların fikrincə, komanda hələ 1-ci divizionda olarkən belə bu rəhbərlik və məşçilərlə bir uğura nail ola bilməyib:

“Yaşar Vahabzadə, onun məşçilər heyəti, klub rəhbərliyi bu günə kimi hansı müsbət işlərlə yadda qalmışdılar ki, onları Premyer Liqada da komandada saxladılar. “Kəpəz” köklü klubdur. Bura eksperiment yeri deyil. Hesab edirəm ki, bu qədər azarkeşin əsəbləri ilə oynamaq lazım deyil. Nə qədər gec deyil, təcili bu heyət istefa verməli, komandaya normal idarəçilik qabiliyyəti və futbol biliyi olan peşəkarlar gətirilməlidir” deyə Qulami əlavə edib. 

Veteran futbolçu “Kəpəz”in son biabırçı məğlubiyyətindən sonra baş məşqçinin verdiyi müsahibədə söylədiklərinə də öz iradını bildirib:

“Son günlər bir çox mediada Y. Vahabzadənin bu məğlubiyyətlərdə çox da günahı olmadığı deyilir. Səbəb kimi də büdcənin azlığı və heyətin güclü olmamasıdır. Amma bir sual vermək istəyirəm. Bu komandanı kim formalaşdırıb? Kim gətirib kluba bu oyunçuları? Niyə klub rəhbərliyi o zaman bu barədə düşünmürdü? Hələ transfer pəncərəsi bağlanmamış nəsə etmək lazımdır. Yoxsa “Kəpəz”i Premyer Liqaya hər kluba 3 xal vermək üçünmü gətiriblər? Bu biabırçılıqdır” deyə veteran futbolçu veteranlar adından etirazını bildirib.

Məlumat üçün deyək ki, Gəncə təmsilçisi 4 turdan sonra sıfır xalla sonuncu pillədə qərarlaşıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO