Son iki günün əsas mövzularından biri “şortik” geyinənlərin draması oldu. İsmayıllıda bu geyim formasına etiraz edərək kənd cavanları qonaq gələn turistə basqı ediblər. Məsələ də budur ki, “kənddə “şortik” geyinmək olmaz, ayıbdır”.
Əslində bir müddət əvvəl anaoloji vəziyyət “Meyvəli” ticarət mərkəzində də baş vermişdi. Ticarət obyektinə “şortik”lə gələn alıcı geri çevrilmiş və girişə qadağa qoyulmuşdu.
MÖVZU İLƏ BAĞLI:
İsmayıllıda şort QALMAQALI - VİDEO
Azərbaycanlılar üçün geyim ilkin mədəniyyət göstəricisi olduğu üçün əvvəlcə geyiminə baxıb qarşılayırlar, sonra ağlına baxıb yola salırlar. “Şortik” davaları da bu ilkin qavramanın təzahürüdür. Amma bundan sonra kim nə qədər ağıl nümayiş etdirə bilir, bu “alayı söhbətdir”.
Xalq artisti Şeyx Əbdül Mahmudovun da Bizim.Media-ya üçün birinci hala münasibətinin ikinci fazası maraqlı oldu:
“Mən bilə bilmirəm ki, bu xalq, bu millət hansı səmtə inkişaf etmək istəyir. Məsələ işin mahiyyətindədir, görkəmində deyil. Çadraya bürünmək, hicab geyinmək hələ əxlaq göstəricisi olmadığı kimi, “şortik” geyinmək də əxlaqsızlıq əlaməti deyil. Problem bizim lazımi səviyyədə formalaşa bilməməyimizdədir. Bimirik ərəbə oxşayaq, bilmirik ingilisə oxşayaq, bilmirik rusa oxşayaq... Hamıya oxşamaq istəyirik. Amma nədənsə özümüzə oxşuya, özümüz ola bilmirik.
Kim nə istəyir qoyun geyinsin. Sinəsi açıq gəzməkdənsə “şortik” geyinmək daha yaxşıdır. Təkcə geyimlə əxlaqlı olmaq olmur. Əxlaqı müəyyən edən ciddi faktorlar var. Əsas faktorda odur ki, özün olmalısan, kiməsə bənzəməyə çalışmamalısan”.
Tanınmış modelyer Leyla Babazadə isə məsələyə bu cür yanaşdı:
“İnsan özünü hansı geyimdə daha rahat hiss edirsə o cür də geyinməlidir. Əsas odur ki, adamın insani keyfiyyətləri, mədəniyyəti yerində olsun. Yoxsa harda nə geyinməyin önəmi yoxdur. Əgər insan zəngin mədəniyyətə və intelektə sahibdirsə, o, harda nə geyinəcəyini çox gözəl bilir.
Fikrimcə, “şortik” geyinmək də, nə müasirlikdir, nə də əxlaqsızlıq”. Surxay Atakişiyev,
Bizim.Media