Qız “İnstagram”da tanış olduğu oğlanı bıçaqladı - ŞOK OLAY  

Qız “İnstagram”da tanış olduğu oğlanı bıçaqladı - ŞOK OLAY  

Hazırda oxunan: Qız “İnstagram”da tanış olduğu oğlanı bıçaqladı - ŞOK OLAY  

86919

Gəncə şəhərində 2003-cü il təvəllüdlü Kəmalə Vəliyeva sosial şəbəkədə tanış olduğu İsmayılı (adlar şərti verilib – red.) bıçaqlayıb.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, cinayət işi üzrə ifadə verən Kəmalə bildirib ki, İsmayıl hadisədən təxminən 4 ay əvvəl ona “İnstagram” sosial şəbəkəsində yazaraq tanış olmaq istədiyini bildirib: “İsmayıla yazmamağını desəm də, o, yenə də sosial şəbəkədə yazaraq məndən əl çəkmədi, tanış olmaq istədiyini dedi”.  

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan 2 gün sonra İsmayıla Gəncə şəhəri Atatürk prospektində yerləşən mərkəzi şəhər stadionunun yaxınlığına gəlməsini və orada söhbət etmələrini təklif edib:

“Ora getməkdə məqsədim İsmayılla mənə yazmaması, yaşadığım evə gəlməməsi barədə söhbət etmək olub. Görüşəndə İsmayıla mənə yaxın gəlməməsini və narahat etməməsini dedim.
İsmayıl isə ona şans verməyimi, məndən əl çəkməyəcəyini dedi. İsmayıla dəfələrlə məndən əl çəkməsini desəm də, o, yenə də öz dediyində dayanaraq məndən əl çəkməyəcəyini bildirdi”. 

Kəmalə qeyd edib ki, bundan sonra İsmayıl təxminən 5-6 gün ərzində yenə də onu narahat edib:

“Məni gördüyü hər yerdə yaxınlaşdı, sevgili olmaq istədiyini dedi. Bir müddət sonra İsmayıl mənim telefon nömrəmi haradansa tapdı, məni narahat etməyə başladı. Onu hər yerdə blok etsəm də, müxtəlif nömrələrlə yığdı, məni narahat etməyə davam etdi. Bir müddət bu cür davam etdikdən sonra İsmayıl ondan qaçdığımı gördü və bu hərəkətlərini dayandırdı”.

Kəmalə bildirib ki, təxminən 2 ay sonra İsmayıl yenidən “İnstagram” sosial şəbəkəsində ona yazıb:

“Məndən yenə də  əl çəkməməyə başladı, ona şans verməyimi istədi. Bundan sonra İsmayılla bir-iki dəfə dost kimi görüşdük. Söhbətlər zamanı İsmayıl məni Bakı şəhərinə aparacağını, orada mənimlə evlənəcəyini dedi”.

Kəmalə qeyd edib ki, sonuncu dəfə İsmayılla görüşən zaman onu istəmədiyini deyib:

“Mənə yaxın gəlməməsini ondan xahiş etdim. Lakin İsmayıl yenə də məni bezdirdi. Arxamca yaşadığım evə, işlədiyim iş yerinə gəldi. Məni şəhərin Poçt qəsəbəsində gördü. Yaxınlaşaraq məni həmin ərazidə yaşamağa qoymayacağını dedi.

İsmayıl bu cür məni mütəmadi narahat etdiyinə görə, uzun müddət əvvəl aldığım bıçağı evdən götürdüm və üstümdə gəzdirdim. Məqsədim İsmayılın məni bezdirsə, onu qorxutmaq məqsədi ilə bıçaqla vurmaq olub”.
Kəmalə qeyd edib ki, hadisə günü İsmayıl ona zəng edib və qaldığı evin kirayə pulunu ödəyə bilmədiyini deyib:

“Məndən pul istədi. Mən də hələ maaşımı almadığımı dedim. Bu zaman İsmayıl dedi ki, işlədiyim şirkətə gələcək, saçımdan tutaraq məni yerdə sürüyəcək. Bündan 10 dəqiqə sonra İsmayıl mesaj yazaraq aşağı düşməyimi istədi. Aşağı düşmək istəmədim.  

İsmayıl yuxarı qalxacağını dediyindən, iş yoldaşlarımın yanında mübahisə etməmək üçün məcbur aşağıya düşdüm. İsmayıl mənə dedi ki, təcili maaşını al, çantanı götür, birlikdə Bakı şəhərinə gedəcəyik. Ona heç bir yerə getməyəcəyimi desəm də, yenə təkidlə birlikdə gedəcəyimizi deyərək, məni təhqir etdi.  

Onunla gəlməyəcəyim halda yuxarı qalxaraq özü müdirlə danışacağını dedi. Bu zaman cibimdə olan bıçağı çıxartdım və İsmayılın qarın nahiyəsindən 1 dəfə vurdum”. 

Cinayət işi üzrə zərərçəkmiş İsmayılın sözlərinə görə, Kəmalə ilə 2020-ci ilin martından “İnstagram” sosial şəbəkəsi vasitəsi tanış olub və aralarında dostluq münasibətləri olub: 

“Kəmalənin yaşı az olduğundan mənimlə başqa heç bir münasibətə girmək istəmədi. Onunla tanış olduqdan bir müddət sonra Kəmalə  evdən qaçdığını, mənə qalmağa ev lazım olduğunu dedi. Kəmaləyə bir günlük qalmağa ev tapdım. Səhəri gün Kəmaləyə həmin evin mənə məxsus olmadığını, başqa ev tapmaq lazım olduğunu dedim. Kəmalə də həmin gün evdən getdi”.  
Zərərçəkmiş qeyd edib ki, Kəmalə ilə aralarında olan sevgi münasibətlərinin bitməsini istəməyib:

“Buna görə də bəzən Kəmaləyə zəng etmişəm, onun arxası ilə getmişəm. Bu hərəkətlərimin Kəmaləni bezdirmək kimi başa düşməmişəm. Sadəcə, iki sevgili kimi onunla münasibətimi davam etdirmək istəmişəm”.

İsmayıl ifadəsində həmçinin, Kəmalə tərəfindən bıçaqlanması barədə danışıb. O, xəstəxanada tibbi yardım aldığını, sonradan Kəmalə ilə barışdığını, ona qarşı şikayəti olmadığını deyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kəmalənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 2 il sınaq müddəti olmaqla, 3 il şərti cəza təyin olunub.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO