Şəhər landşaftını zənginləşdirmək üçün hər il paytaxtın küçə və prospektlərində yüzlərlə gül kolları və ağaclar əkilir. Bu zaman isə əkilən ağacların daha çox görünüşünə fikir verilir. Amma elə bitkilər var ki, ətrafa təkcə gözəllik deyil, həm də ölüm saçır.
Məsələn oleander kolu kimi. Hazırda paytaxtın əksər küçə və prospektlərində bu kola rast gəlmək olur.
Çəhrayı-ağ çiçəkləri olan bu bitki sən demə ətrafa oksigenlə yanaşı zəhər də saçırmış. Bu kolların evdə, dibçəkdə əkilməsi qəti olmaz. Açıq havada isə ona toxunanları və qoxuluyanları ciddi zəhərləyə bilir. Deyilənə görə, bir dəfə İtaliyada bir qrup fransız əsgəri bilmədən bitkinin təzə yığılmış budaqlarından hazırlanmış şişlərdə ət qızardıblar. Bu yeməkdə iştirak edən on iki əsgərdən səkkizi oleander şirəsi ilə zəhərlənərək ölüb. Bundan sonra bu kolun şəhərlərdə əkilməsinə qadağa qoyulur. Amma bizim küçələrimizdə hələ də çoxlu sayda oleander bitkisi var.
Bizim.Media ilə söhbətində AMEA-nın Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev bildirdi ki, küçələrdə əkilən bəzək bitkilərinin böyük əksəriyyətinin yarpaq və meyvələrinin yeyilməsi, qusma, ürək bulanması, allergik reaksiya kimi narahatlıqlar yaradır:
“Kiçik yaşlı uşaqlar onların təhlükəli olduğuna bilmədiklərinə görə bitkilərin müxtəlif hissələrinə əllə toxunur, yarpaq və çiçəkləri cəlbedici rənglərə malik olduğuna görə qoparıb yeyirlər. Bu mənada oleander bitkisi çox təhlükəlidir”.
Bioloq onu vurğuladı ki, oleanderdən zəhərlənmənin ilk əlamətlərində (qarın ağrısı, qusma, ishal, başgicəllənmə, nəbzin yavaşlaması, sonradan fasilələrlə olur, dərinin siyanozu, qıcolmaların görünüşü) dərhal zəhəri çıxarmaq üçün tədbirlər görmək lazımdır:
“Xəstəyə yemək və xüsusilə spirt verilməməlidir. Zəhərlənmənin şübhəli və ya mübahisəsiz səbəbi olan zəhərli bitkinin qalıqlarını qorumaq da məqsədəuyğundur: bu, həkimə düzgün diaqnoz qoymağa kömək edəcəkdir”.
Tanınmış memar Cahiq Həsənov isə məsələ ilə bağlı Bizim.Media-ya bildirib ki, memarlıq və şəhərsalmanın ayrılmaz hissəsi olan yaşıllaşdırma layihələndirilərkən və yaxud icra olunarkən düşünülmüş addımlar atılmalıdır:
“Məsələn, yaşayış binasını, kommersiya obyektinin və yaxud ictimai binanın inşası zamanı salınan yşıllıq zolaqları müvafiq qurumların və mütəxəssislərin rəyi əsasında tikilməlidir. Çox təəssüf ki, indi bir çox sahibkarlar və yaxud podaratçı təşkilat yaşıllıq zolağını öz bildiyi və şəxsi zövqünə uyğun inşa edir. Bu zaman da həm yerli relyefə uyğun olmayan, həm də oleander kimi zəhərli ağaclar və kollar əkilir. Sonradan iqlimə uyğun olmayan ağaclar quruyur, bəziləri də ətrafa ziyan vurur”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:25 / 02.08.2022
Bioloqdan XƏBƏRDARLIQ: Şəhərimizi bəzəyən BU ÇİÇƏKLƏR uşaqlarınızı öldürə bilər!
Hazırda oxunan: Bioloqdan XƏBƏRDARLIQ: Şəhərimizi bəzəyən BU ÇİÇƏKLƏR uşaqlarınızı öldürə bilər!
Hazırda oxunan: Bioloqdan XƏBƏRDARLIQ: Şəhərimizi bəzəyən BU ÇİÇƏKLƏR uşaqlarınızı öldürə bilər!
86620
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.