Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Azərbaycan Milli Elmlər Akademiyası nəznindəki institutların Elm və Təhsil Nazirliyinin tabeliyinə keçməsi və nazirliyinin adının dəyişməsi Azərbaycan təhsilinin gələcəyi üçün ümid kəsb edirmi? Bu dəyişiklik formal yoxsa əsaslıdır?
Bizim.Media-a məsələni şərh edən təhsil eksperti Elçin Əfəndi AMEA-da imkan və maliyyə dəstəyinin az olduğunu bildirib:
MÖVZU İLƏ BAĞLI:
AMEA-da yüksək post tutan millət vəkilləri – SİYAHI
“Prezident tərəfindən verilmiş 28 iyul tarixli fərman əsasında Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırıldı. Eyni zamanda AMEA-nın sırf texniki institutları Elm və Təhsil Nazirliyinin nəznində fəaliyyət göstərəcək. Təbii ki, bunlar ümumi təhsil islahatı kimi dəyərləndirilə bilər.
Çünki bura qədər AMEA-da alimlərin, tədqiqatçıların və digər şəxslərin ümumi elmi işləri aparması üçün imkanlar geniş deyildi. Bundan sonra isə gözlənilir ki, həmin alimlərin elmi tədqiqat işləri aparması üçün imkanlar artsın. Həmçinin müəyyən qrant layihələr vasitəsilə laboratoriyaların yaradılması nəzərdə tutulub”.
Ekspert yeni sistemi müsbət qiymətləndirib.
“Elm adına, ölkə təhsili adına nikbin fərman imzalanıb. AMEA-nın tərkibində ancaq humanitar yönümlü institutlar qalsa da onlara ciddi nəzarət olacaq. Elm və təhsil vəhdəti hər zaman olmalıdır. Bu dəyişikliklər formal xarakter daşımır, əksinə, təhsilin gələcəyi üçün Azərbaycanda hələ də ümid var”.
Mia Quliyeva, Bizim.Media