Azərbaycan 2022-ci ilin 5 ayında qaz ixracından nə qədər qazanıb? - “Bizim Barel”də İlham Şabanın HESABATI 

Azərbaycan 2022-ci ilin 5 ayında qaz ixracından nə qədər qazanıb? - “Bizim Barel”də İlham Şabanın HESABATI 

Hazırda oxunan: Azərbaycan 2022-ci ilin 5 ayında qaz ixracından nə qədər qazanıb? - “Bizim Barel”də İlham Şabanın HESABATI 

86188

Yola saldığımız həftə enerji bazarlarında kifayət qədər maraq doğuracaq hadisələr olub. Ölkə daxilində diqqətimi çəkən məsələ isə benzin və kerosin yanacaqlarının idxalına təqribən 215 milyon dollar vəsait xərcləməyimiz oldu. Beş ay üçün çox böyük bir rəqəmdir. Amma bu haqda bir qədər sonra, hələlik isə qlobal bazarlardakı vəziyyətə nəzər yetirək

Dünya bazarı. Artıq ilin yeddinci ayı başa çatmaq üzrədir, yəni ilin yarıdan çoxu artıq arxada qalıb. Qlobal bazarlarda yaşanan gərginlik isə səngimir, çünki Qərbin yarım əsrdən çox bir zamanda enerji xəzinəsi kimi baxdığı ölkə ilə - Rusiya ilə münasibətlərində heç bir yumşalma meylləri sezilmir, əksinə aydan aya daha da pisləşir. Bunun nəticəsidir ki, dünya bazarlarında neft, qaz, kömür, elektrik enerjisinin qiymətləri həddən ziyadə bahalaşıb.    

İlin əvvəlindən enerji qiymətləri proqnoz göstəricilərini xeyli üstələyirdi: neftin bir bareli 80 dollar ətrafında, qazın min kubmetri isə 900 dollar ətrafında ticarət edilirdi. 

O zamanın gözləntilərinə görə, enerjidaşıyıcılarının qiymətlərinin belə yüksək olması Avropa ölkələrinin qış mövsümünü yeraltı qaz anbarlarına topladıqları qazın hesabına başa çatdıra bilmək ehtimalından qaynaqlanırdı və güman edilirdi ki, yazın gəlişi ilə qiymətlər xeyli ucuzlaşacaq. Amma belə olmadı. Çünki hələ ötən ilin oktyabr ayından Rusiyanın Ukraynaya qarşı hərbi müdaxilə proqnozları ictimailəşsə də, nə siyasətçilər, nə də təhlilçilər bunun gerçəkləşəcəyinə inanmırdılar. Reallıq isə bütün gözləntiləri alt-üst etdi. Və martda Brent markalı neftin bir barelinin ən baha partiyası London birjasında 139 dollar 13 sentə satıldı.

Qaz qiymətləri isə fantastik artım nümayiş etdirdi: min kubmetr qaz üçün martın 7-də Avropada 3892 təklifi qeydə alındı.  
 

MÖVZU İLƏ BAĞLI:

OPEC+ dağılacaqmı? - Neft qiymətlərinin FƏLAKƏT HƏDDİ...


Təbii ki, neft və qazın qiymətlərini bu səviyyəyə qaldıran amil II Dünya müharibəsindən sonra Avropada masştabına və itkilərinə görə indiyə qədər yaşanmayan Rusiya-Ukrayna müharibəsi idi. Martın ilk həftəsindən baxanda böyük əksəriyyətin gözləntiləri bu idi ki, bir azdan münaqişənin hərbi fazası başa çatar, çox çəkməz bu dava-qırğın və üzü yaya doğru enerji daşıyıcıların yüksək qiymətindəki hərbi-siyasi risk faktorları azalmağa başlayanda qiymətlər də birjalarda ona adekvat şəkildə ucuzlaşar. 

Amma yayın gəlişi ilə nə müharibə bitdi, nə də enerjiyə Qərbdə tələbat azaldı. Çünki bu yay Avropanın əksər ölkələri indiyə qədər görünməmiş istilərlə üzləşdilər. Təkcə Avropanın cənub ölkələrində deyil, hətta şimalda yerləşən İngiltərədə belə temperatur 40 dərəcəni aşdı. Düzdür, isti günlər iki həftədən sonra başa çatdı, amma qazın qiymətini qızdıran, onu daha da bahalaşdıran başqa bir hadisə baş verdi: bu dəfə Rusiya üzü Avropaya tuşlanmış özünün əsas qaz ixrac kəməri “Şimal axını” boruları ilə mavi yanacaq nəqlini 10 gün dayandırdı və bunu belə izah etdi ki, profilaktiki tədbirlərə görə belə addım atır.

Əslində isə Qərbdə anlayırdılar ki, məqsəd Avropanın yeraltı qaz anbarlarına yay mövsümündə kifayət qədər ehtiyat yanacaq toplamasının qarşısını almaqdır. İyulun 21-də Rusiya qaz nəqlini bərpa etdi, amma tam həmcdə yox. Daha sonra isə iyulun 27-də “Qazprom” Qərbin sanksiyalarının təsirlərini səbəb kimi göstərərək (nasos-kompressor qurğuları sanksiyaların ucbatından tam şəkildə təmir oluna bilmir) “Şimal axını” ilə onun buraxıcılıq gücünün cəmi 20%-i qədər həcmində qaz nəql edə biləcəyini açıqladı.

Bu isə Avropa qaz bazarlarına neqativ təsirlərini göstərməyə bilməzdi: elə həmin gün qazın birja qiymətləri 2350 dollara qədər yüksəldi.

Düzdür, sonrakı günlər bir qədər qiymətdə enmə müşahidə olunsa da, amma mavi yanacaq yenə də 2000 dollardan baha qiymətə ticarət edilirdi. Nəticədə iyul ayı üçün Avropada qazın min kubmetrinin birjalarda orta satış qiyməti 1805 dollar səviyyəsində qeydə alındı. 

Bahalı qaz isə arxasınca nefti də çəkib aparmaq gücündədir. Çünki qazın bahalı dövründə istehlakçılar, əsasən də elektrik enerjisi istehsalçıları nisbətən ucuz xammala üz tuturlar – mazuta və kömürə meyl artır. Nəticədə müəyyən zamandan sonra bu kimi enerji daşıyıcılarının qiyməti də yüksəlir. Bu baxımdan yola saldığımız həftənin son hərracında – iyulun 29-da London birjasında Brent markalı neftin bir barelinin qiyməti 110 dollar həddini aşdı. Bu, iyulun 5-dən sonra neftin ən bahalı qiyməti idi. 

Enerji daşıyıcılarının qiymətinin dünya bazarlarında yüksək olması iqtisadiyyatı neft və qazdan asılı olan Azərbaycan kimi ölkələrin gəlirlərinin xeyli artması deməkdir. 
 

Azərbaycanın qaz gəlirləri. 2022-ci ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 9 milyard 458 milyon 59,77 min kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,1% çoxdur. 


AR Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir ki, bu müddətdə qaz ixracından $5 milyard 994 milyon 793,6 min məbləğində gəlir (artım 4,5 dəfə) əldə edilib. 

2022-ci ilin yanvar-may aylarında ixracın əsas həcmi – $639 milyon 440,02 min məbləğində 3 milyard 625 milyon 460,63 min kubmetr qaz (bütün ixracın 38,3%-i) Türkiyənin payına düşüb.

Azərbaycan qazının 2022-ci ilin 5 ayında ölkələr üzrə qaz ixracı strukturu:

Ölkə    Həcm, 1000 m3    Müqayisə    Gəlir    Müqayisə

Türkiyə    3 625 460,63    -38,4%    $1 057 719,48    +31,4%

Gürcüstan    1 624 551,17    -11,4%    $226 558,13    -5,3%

İtaliya    3 571 372,00    + 3,1 dəfə    $4 193 647,84    +17,2 dəfə

Bolqarıstan    126 236,50    +37,2%    $33 570,61    + 2,75 dəfə

Yunanıstan    383 081,08    + 3 dəfə    $478 463,51    +14,6 dəfə

Cəmi    9 458 059,77    +3,1%    $5 994 793,6    +4,5 dəfə

Qeyd edək ki, Azərbaycan qazının TAP kəməri ilə Avropaya - İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.

TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.
 

Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub. Kəmərin ötürücülük qabiliyyəti onun gücünü iki dəfə – ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.


Qaz proqnozları. 2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin birinci rübündə isə 2,6 milyard kubmetr qaz ixrac edib. 2022-ci ildə Azərbaycan qazının Avropaya ixrac həcminin 10,5 milyard kubmetrə qədər artırılması proqnoz edilir. 

Verilən proqnozları bu həftə Brüsseldə yüksək tribunadan səsləndirilən fikirlər də təsdiq edir. Enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson iyulun 26-da Avropa İttifaqı Nazirlər Şurasının enerji məsələləri ilə bağlı fövqəladə iclasının yekununda mətbuat konfransı zamanı bəyan edib ki, Aİ bu il Azərbaycandan qaz tədarükünün artmasını gözləyir.

O, ötən həftə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə birgə Azərbaycana səfərini xatırladıb və əlavə edib ki, “biz Azərbaycanda 2027-ci ilədək Aİ-yə qaz tədarükü həcminin iki dəfədən çox artırılması barədə razılıq əldə etdik. Artıq bu il tədarükün artmasını gözləyirik”.

Kəşfiyyat qazması. Bu həftə məlum olub ki, Azərbaycan Xəzər dənizində yerləşən yeni qaz yatağının kəşf edilməsi üçün praktik addımlar atmağa başlayıb. 

Belə ki, Böyük Britaniyanın «Aquaterra Energy» şirkəti (dənizdə neft-qaz üçün mühəndis həlləri sahəsində dünya lideri) Xəzər dənizinin Azərbaycan sektorunda “Babək” strukturunda kəşfiyyat quyusunun qazılması məqsədilə “Umid Babek Operating Company” əməliyyat şirkəti üçün dirək tədarük edəcək.

«Aquaterra Energy» dirək sistemi və xüsusi birləşdiriciləri təqdim edcək, hansılar ki, dənizin 62 metr dərinliyində özüqalxan qazma qurğusu vasitəsilə istismar ediləcək.

“Babək” strukturunda ilk axtarış-kəşfiyyat quyusunun qazılması üçün "Satti" özüqalxan qazma qurğusundan istifadə olunacaq. “Babək” strukturunun dayazsulu hissəsində axtarış-kəşfiyyat işlərinin aparılması üçün mühəndis geoloji-geotexniki tədqiqatlar aparılıb, hazırda zəruri avadanlığın alınması prosesi davam etdirilir.
 

SOCAR geoloqlarının məlumatına görə, Bakıdan 75 km cənuba doğru məsafədə yerləşən “Babək” strukturunun geoloji ehtiyatları 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat həcmində qiymətləndirilir. Bu baxımdan aparılacaq kəşfiyyat qazması nəticəsində “Babək” strukturunun yatağa çevrilməsinin Azərbaycan iqtisadiyyatı üçün müstəsna əhəmiyyəti ola bilər.


Çünki burada qaz laylarının gözlənildiyi həcmdə kəşf edilməsi “Babək” yatağını Azərbaycanın ikinci ən böyük qaz yatağına çevirə bilər. Belə ki, hazırda təsdiq edilmiş ehtiyatlarının həcminə görə, Azərbaycanın ən böyük qaz yatağı “Şahdəniz”dir – 1 trilyon kubmetr. Daha sonra 2011-ci ildə kəşf edilmiş “Abşeron” yatağı – 350 milyard kubmetr. Üçüncü yerdə isə 2010-cu ildə açılmış “Ümid” yatağı gəlir ki, onun da ehtiyatlarını Azərbaycan geoloqları 200 milyard kubmetr həcmində müəyyənləşdiriblər. 

İdxal yanacağına xərclənən vəsait. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, Azərbaycan 2022-ci ilin ilk 5 ayında özünün yanacağa olan tələbatını ödəmək üçün təkcə avtomobil benzinlərinə 204 milyon dollar vəsait xərcləyib.

Və bu məqsədlə təkcə yüksəkoktanlı avtomobil benzinləri idxal edilməyib, həmçinin xarici bazarlarda Ai-92 markalı benzin də alınıb.

Hesdabata əsasən, Azərbaycan 2022-ci ilin yanvar-may aylarında 148 min 79,29 ton Ai-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 29,6 dəfə çoxdur. AI-92 markalı avtomobil benzininin idxal həcmi dəyər ifadəsində $169 milyon 900,72 min (artım 71,2 dəfə) təşkil edib.

$122 milyon 143,5 min dəyərində 106 min 456,58 ton AI-92 markalı avtomobil benzini (bütün idxalın 72%-i) Rusiyadan idxal edilib.

Qalan həcm ($41 milyon 731.96 min dəyərində 36 min 571 ton avtomobil benzini) Türkmənistandan və Rumıniyadan ($2 milyon 27.08 min dəyərində 1 min 525,41 ton avtomobil benzini) idxal edilib. Bu marka benzinin idxalı yalnız 2022-ci ilin fevral-may aylarında həyata keçirilib.

Azərbaycanın 2022-ci ildə idxal etdiyi benzinlər üzrə məlumat:

Benzinlərin növü    İdxal həcmi, tonla    İdxal dəyəri

Ai-92    148 079,29    $169 900 720

Ai95    34 772,61    $33 536 600

Ai-98    508,92    $557 230

Bundan əlavə cari ilin ilk beş ayında Azərbaycan müxtəlif təyinatlı kerosin yanacaqların idxalına 10,75 milyon dollar vəsait xərcləyib. Ölkəmiz sürtkü yağlarının idxalına isə xarici şirkətlərə 46,7 milyon dollar vəsait ödəməli olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO