Göyçə gölünün suyu bir neçə il dalbadal yay aylarında yaşıl rəngə boyanır. Bəzi ekspertlərin fikrincə, bu fenomen ilk növbədə suyun səviyyəsinin azalması ilə bağlıdır.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri “Sputnik Ermənistan” nəşri yayıb.
Mənbə yazır ki, Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalında yerləşən Göyçə gölü yenidən “rəngini dəyişib”. Su parlaq yaşıl olub. Ondan xoşagəlməz xüsusi qoxu gəlir.
“Sputnik Ermənistan”ın müxbirlərinin Kəvər şəhərində, gölün sahilindən çəkdiyi kadrlar suyun rənginin açıq-aşkar dəyişdiyini göstərir. Üstəlik, yaşıl rəng daha çox suyun səviyyəsinin digər yerlərə nisbətən aşağı olduğu ərazilərdə özünü göstərir.
Qeyd edək ki, Göyçə gölü bir ildən çoxdur ki, yayın istisində yaşıllaşır. Bunun səbəbi mavi-yaşıl yosunların çiçəklənməsidir ki, buna yüksək hava temperaturu, suyun səviyyəsinin aşağı düşməsi kimi amillər kömək edir. Bütün bunlar gölün ekosisteminin tarazlığının pozulmasına gətirib çıxarır. Digər amil suda üzvi maddələrin miqdarının artmasıdır.
Qeyd edək ki, Hidrometeorologiya və Monitorinq Mərkəzi iyulun 4-dən 10-dək Göyçə gölündə suyun səviyyəsinin 3 santimetr azalaraq 1900,7 metr təşkil etdiyini, 2021-ci ilin eyni dövrü ilə müqayisədə bu göstəricinin 5 santimetr az olduğunu bildirib.
Xatırladaq ki, Göyçə gölünün sahilində Sevan şəhərindən başqa bütün yaşayış məskənlərində azərbaycanlılar yaşayıb və 1988-ci ildə zorla öz dədə-baba torpaqlarından deportasiya edilib.
Bizim.Media