“Benzinin qiyməti qalxıb ki? Dünən başım qarışıq olub. Bu gün də iş dalınca qaçmışam deyə məlumatları izləyə bilməmişəm. Benzinin qiymətinin artırılmasından heç xəbərim yoxdur”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bu dəfə “benzin”i “dizel” lə səhv salması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti artdı
Deputat adından yayılan bu cür informasiyaya əsəbləşərək, onlara xəbərdarlıq edib:
“Siz dediniz indi məlumatım oldu, “Aİ-95” markalı benzinin qiymətinin qalxmasından heç xəbərim yox idi. Onu mənim adımdan kim yazıbsa ən alçaq və əxlaqdan kənar adamdır. Bu addımı atıb mənim adımdan yalan yazan insan getsin DNT-ni yoxlatdırsın. Bu cür insanları diri-diri yandırmaq lazımdır, çünki şərxatadırlar. Əgər bizdə islam dinin qayda qanunları olsaydı, o cür şər, böhtan, yalan danışan adamların ya qolu, ya da dili kəsilərdi. Amma demokratik cəmiyyətdə yaşadığımız və konstitusiyalı quruluşumuz olduğu üçün sözügedən şəxsləri ancaq ictimai qınaq və şəxsiyyətini müəyyənləşdirdikdən sonra məhkəmə yolu ilə cəzalandırmaq lazımdır.
Özüm də bu məsələni araşdıracağam. Kimsə uğursuz alçaqlıq etmək istəyir, amma eybi yoxdur”, - deyə R.Nurullayev açıqlamasında bildirib.
Qeyd edək ki, bir neçə gün öncə deputatın Prezident İlham Əliyevin Qurban bayramı ilə bağlı “Facebook” sosial şəbəkəsindəki paylaşımına yazdığı təbrik də böyük səs-küyə səbəb olub.
Belə ki, o, yanlışlıqla Qurban bayramı əvəzinə, Ramazan bayramını qeyd edib.
Səkinə Yusibli, Bizim.Media