M.F.Axundzadə ilə bağlı 10 MARAQLI FAKT – Stalin onun nəvəsini niyə güllələtdirdi?

M.F.Axundzadə ilə bağlı 10 MARAQLI FAKT – Stalin onun nəvəsini niyə güllələtdirdi?

Hazırda oxunan: M.F.Axundzadə ilə bağlı 10 MARAQLI FAKT – Stalin onun nəvəsini niyə güllələtdirdi?

83412

Bu gün görkəmli Azərbaycan drammaturqu, maarifçisi, filosofu və ədəbi tənqidçisi olan Mirzə Fətəli Axundzadənin anadan olduğu gündür. Belə ki, dahi şəxsiyyət 1812-ci il iyulun 12-də Nuxa (Şəki) şəhərində dünyaya göz açıb. 

M.F.Axundzadə təkcə Azərbaycan yox, ümumilikdə, Şərq ədəbi yaradıcılığında bir sıra ilklərin müəllifi kimi adını tarixə qızıl hərflərlə yazdırmağı bacarıb.

Bizim.Media dahi dramaturqun həyat və yaradıcılığı ilə bağlı bir sıra maraqlı faktları araşdırıb:

1. Axundazadə 1850-1855-ci illərdə qələmə aldığı 6 komediyası ilə təkcə Azərbaycanda deyil, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoyub.

2.  Azərbaycan teatrı məhz onun komediyaları əsasında yaradılıb. Belə ki, 1873-cü ildə Həsən bəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə Bakı məktəblərinin birində məşhur "Hacı Qara" əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoyub.

3. XIX əsrdə teatr səhnəsində Azərbaycan qadınının səhnədə kişilərlə birlikdə gülüb danışmasını göstərmək hünər tələb edirdi. Zamanına görə bu böyük işi də Mirzə Fətəli Axundzadənin əsərlərini səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirməyi bacarıblar.

4. Realist bədii nəsr və ilk ədəbi tənqid nümunələri Axunzadənin yaradıcılığı sayəsində Azərbaycan ədəbiyyatına daxil olub.

5. 1866-cı ildə M.F.Axundov böyük qızı Seyrəbəyimi Qacar şahzadələrindən Bəhmən Mirzənin oğlu Xanbaba xana ərə verir. Altı ildən sonra Seyrəbəyim vəfat edir, iki uşağı yetim qalır. Bu hadisədən bərk sarsılan M. F. Axundov ölən qızından yetim qalan körpə nəvələrinin anasızlığını hiss etməmələri üçün kürəkənin gözəl əxlaqi keyfiyyətlərə malik bir gənc olmasını nəzərə alaraq ikinci qızı Nisə xanımı da Xanbaba xana ərə verir.

6. Dahi dramaturqun soyadının Axundov və ya Axundzadə olması uzun müddət mübahisə mövzusu olub. Lakin tarixi sənədlərdə 1840-cı ilə qədər ədibin soyadının Axundzadə, sonrkı dövrdə isə Axundov olaraq yazıldığı məlumdur. 

7. Axundzadə iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı Tubu xanımdan dünyaya gələn 13 uşağından 11-i erkən yaşlarında dünyasını dəyişib. İki qızını ərə verdiyi Xanbaba xanın isə Hacı Zeynəlabdin Tağıyevlə qohumluq əlaqələri olub. İkinci həyat yoldaşı Nazlı Bəyim isə Gəncə xanı Cavad Xan Ziyadoğlunun nəslindəndir.

8. 1878-ci ildə vəfat edən dahi dramaturqun ölümü və dəfni isə daha faciəvi olub. Belə ki, onun dini görüşlərindən qəzəblənmiş axund və mollalar dəfnində iştirak etməkdən imtina edirlər. Buna görə də Axundzadənin nəşi 3 gün Tiflisdəki evində qalır. Yalnız yaxın dostlarının müdaxiləsindən sonra şəhərin müsəlman əhalisi ədibi vəsiyyəti üzrə müəllimi Mirzə Şəfi Vazehin yanında torpağa tapşırır.

9. Atası Mirzə Fətəlinin ölümündən bərk sarsılan Rəşid bəy uzun müddət toparlana bilmir və düşdüyü depressiya, ümidsizlik onun həyatına ciddi şəkildə təsir edir. Uzun müddət depressiya ilə boğuşan Rəşid bəy Axundov 1909-cu ildə intihar edərək həyatına son verib.

10. M.F.Axundovun adını daşıyan nəvəsi, Rəşid bəyin oğlu Fətəli bəy isə 1938-ci ildə Stalin repressiyalarının qurbanı olub. Nəvə Fətəlinin dövrünün seçilən ziyalılarından biri kimi “Molla Nəsrəddin”çilərlə çox yaxın münasibətdə olduğu bildirilir. Stalinin isə bu böyük nəsil haqqında hər cür məlumatı olub və böyük Mirzə Fətəli Axundovun Tiflisdəki fəaliyyəti ilə yaxından tanış idi. Onun irsinə qarşı qısqanclığının da olduğu deyilir.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO