Yola saldığımız həftə ərzində neft-qaz sahəsində yadda qalan hadisələrin çoxu Azərbaycanın daxili bazarında və ya Azərbaycanla bağlı olan hadisələr ətraf cərəyan edib. Ona görə də diqqəti bunların üzarinə yönəldəcəyəm. İlk əvvəl başlayaq qlobal bazarlardan, çünki Azərbaycanın ixracının 92 faizi məhz neft, neft məhsulu və təbii qazın xarici bazarlarda satışından əldə edilir.
Dünya bazarı. Bu həftə neft qiymətləri dünya bazarlarında özünün dəyişkənliyi, qaz qiymətləri isə mart ayından yaşanmayan artımı ilə yadda qaldı.
London birjasında Brent markalı neftin sentyabr ayında bazara çıxarılan qiymətləri həftəyə bir bareli 114 dollardan təkliflə çıxarılsa da, iyulun 6-7 tarixlərində minimal partiyalar 98,5 dollara satıldı. Bunun səbəbi dünya iqtisadiyyatının ilin ikinci yarısında vəziyyətinə dair Beynəlxalq Valyuta Fondunun yeni proqnozlarının açıqlanması idi. Əgər əvvəllər dünya iqtisadiyyatının artım tempi cari ildə 4,2 faiz göstərici ilə güman edilirdisə, indi bu rəqəm 3,6 faizədək azaldıldı və hətta ilin sonunda 3,2 dərəcəyədək azalması qeyd edilir.
MÖVZU İLƏ BAĞLI:
OPEC+ dağılacaqmı? - Neft qiymətlərinin FƏLAKƏT HƏDDİ...
Xatırladım ki, 2021-ci ilin yekunlarına görə, dünya iqtisadiyyatı 6,1 faiz artım nümayiş etdirmişdi. Bu baxımdan dünya iqtisadiyyatının 2 dəfəyədək azala biləcək inkişaf tempi təbii ki, enerjiyə olan tələbatı da aşağı salan amil rolunda çıxış edir. Həmçinin ABŞ-da neft ehtiyatlarının həftəlik artımı, ondan xəbər verdi ki, artıq neft heç də əvvəlki günlər kimi aktiv istehlak edilmir.
Neft qiymətlərini aşağı salan daha bir amil isə dolların dünya bazarında ikinci yığım valyutası hesab edilən avroya nisbətdə rekord səviyyədə bahalaşması oldu.
Avropa valyutasının 2002-ci ilin dekabrında olan göstəricilərə qədər ucuzlaşması qeydə alındı: 1 avro = $1,0081. Bir zamanlar isə 1 avro 1,38 ABŞ dollarına qədər bahalı idi. Dolların bahalaşması isə Avropa iqtisadiyyatının zəifləməsi, yüksək infyasiya və qarşıda onu daha da sarsıda biləcək mümkün enerji böhranından qaynaqlanır.
Enerji böhranının əsasını isə Avropa bazarlarında Rusiya qazının get-gedə azalması və 11 iyul tarixindən “Şimal axını-1” layihəsi üzrə “Qazprom” şirkətinin Avropaya qaz ixracını 10 gün müddətində tamam dayandırması xəbəri təşkil edir. Düzdür, “Qazprom” bunu cari təmir işləri ilə əlaqələndirir, amma Rusiyanın qazdan Qərbə qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi variantı daha çox hallanır. Buna görə də həftə ərzində Avropada 1000 kubmetr qazın ən bahalı partiyası 1962,9 dollara satıldı. Cari ildə martdan sonra bu, ən bahalı qiymət idi. Sonradan qiymətlər azalsa da, ancaq 1700 dollardan baha satılır, çünki Rusiya ilə hərbi-siyasi gərginlik səngimək bilmir.
Belə bir halda daha çox Avropa ölkəsi yollar artayır ki, özünün qaz bazarını şaxələndirsin və Rusiya qazından və onun neqativ fəsadlarını azaltsın. Bu baxımdan Azərbaycan qazının ixrac həcmlərinin genişlənməsi yönümündə həftə sonu diqqət çəkən bir addım atıldı.
Yunanıstan-Bolqarıstan birləşdirici kəmərinin (IGB) iyulun 8-də istifadəyə verilməsi mərasimi keçirildi. Yunanıstanın Komotini yaşayış məntəqəsində keçirilən mərasiminə Bolqarıstanın baş naziri Kiril Petkov, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, hər iki ölkənin energetika nazirləri Aleksandr Nikolov və Kostas Skrekas, həmçinin Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Avropa Komissiyası, Avropa İnvestiya Bankının nümayəndələri qatılıblar.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis IGB-nin açılış mərasimində deyib ki, Azərbaycan qazını nəql edəcək bu kəmər Yunanıstanın və Bolqarıstanın enerji müstəqilliyinə güclü təkan verəcək.
"Bu gün Yunanıstan, Bolqarıstan, Balkanlar və bütün Avropa üçün vacib məqamdır. Çünki bu gün sadəcə qaz xəttini deyil, Yunanıstanla Bolqarıstanı birləşdirəcək enerji körpüsünü açırıq. Boru xətii TAP-a qoşulacaq, eləcə də Aleksandrupolisdə yerləşən maye qaz qəbul edən obyektlərlə birləşəcək ", - deyə nazir bildirib.
Öz növbəsində kəmərin Yunanıstan hissəsinin icraçı direktoru Konstantinos Karayannakos bəyan edib ki, IGB Cənub-Şərqi Avropanın enerji xəritəsini dəyişəcək.
"IGB əvvəldən TAP, TANAP, mayeləşdirilmiş təbii qaz terminalı kimi layihələr nəzərə alınaraq hazırlanıb və bu da onu Avropanın enerji strategiyası və prioritetlərinin ayrılmaz hissəsinə çevirib. Biz bu layihə üzərində tamamilə fərqli beynəlxalq mühitdə işləməyə başlamışdıq, indi isə IGB heç vaxt olmadığı qədər vacibdir. Yunanıstan-Bolqarıstan interkonnektoru regionun enerji xəritəsini dəyişəcək yeni təhlükəsiz və şaxələndirilmiş tədarük marşrutudur", - deyə o bildirib.
Kəmərin Bolqarıstan hissəsinin icraçı direktoru Teodora Georgiyeva isə diqqəti ona yönəldib ki, İGB-nin istifadəyə verilməsi qazı Qərbi Balkanlara tədarük etməyə, hətta Moldova və Ukraynaya tədarükü təmin etməyə imkanlar açır.
Tədbirdə deyərdim ki, ən maraqlı çıxışı ilə yadda qalan Azərbaycanın energetika naziri oldu. Çünki real faktlarla çıxış etdi. Naziri Pərviz Şahbazov bəyan etdi ki, təqribən il yarım müddətdə Avropaya 13,5 milyard kubmetr Azərbaycan qazı ixrac edilib. Bunun 1,4 milyard kubmetri Yunanıstanın, 440 milyon kubmetri isə Bolqarıstanın payına düşüb.
“Bolqarıstana cari ilin ilk 6 ayında 160 milyon kubmetr olan qaz ixracının ilin sonuna 600 milyon kubmetrə çatacağı planlaşdırılır”, - deyə nazir bildirib. Onun sözlərinə görə, Azərbaycan Avropa ölkələri üçün şaxələndirilmiş qaz təchizatının sabit və strateji mənbəyi, həm də etibarlı tərəfdaşdır.
Qaz ixracı. Qeyd edək ki, Azərbaycan cari ildə Avropa ölkələri üçün əvvəlcədən proqnoz edilən göstəricilərdən daha çox qaz tədarük edib.
Azərbaycan Energetika nazirliyinin açıqladığı məlumata əsasən, 2022-ci ilin I yarısında ölkəmiz 11,2 milyard kubmetr qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,7% çoxdur.
Maraqlı fakt odur ki, ixrac edilən qaz həcminin artıq 48%-i və ya 5,4 milyard kubmetri Avropaya göndərilib. Hesabat dövründə Türkiyəyə 4,3 milyard kubmetr (38%), Gürcüstana isə 1,5 milyard kubmetr qaz (14%) ixrac olunub.
Demək bir müddət sonra Azərbaycanın Avropada satdığı qaz həcmləri qonşu ölkələrin bazarlarına çıxartdığımız həcmləri üstələyə bilər.
Xatırladım ki, 2020-ci il dekabrın 31-dən 2021-ci il dekabrın 31-dək Azərbaycan Avropaya 8,2 milyad kubmetr qaz ixrac etmişdi.
SOCAR hesabatı. Bu həftə Azərbaycan Dövlət Neft Şirkəti özünün ötən ilin yekunlarına həsr edilmiş maliyyə hesabatını ictimaiyyət üçün açıqladı. Qeyd edim ki, SOCAR-da 2021-ci ilin yanvarından rəsmən islahatlara start verilsə də, onun ictimaiyyət üçün açıqlanan statistikasının nə sürətində, nə də təqdimatında hansısa dəyişiklik hələ müşahidə edilmir. Halbuki Prezident sərəncamında bu işlər Azərbaycan İnvestisiya Holdinqinə həvalə edilib və şirkətin hesabatlığının yaxşılaşdırılması onun vəzifə borcudur.
Hesabatın şəffaflıq baxımından axsayan bir cəhəti də odur ki, artıq 13 ildir SOCAR-ın illik Maliyyə hesabatları yalnız bir beynəlxalq audit şirkəti tərəfindən hazırlanır. Biz orada açıqlanan məlumatlara əsla şəkk-şebhə etmirik, amma Xəzər ətrafında dövlətə məxsus “Kazmunayqaz”, “Rosneft” və “Özbəkneftqaz” şirkətlərinin hesabatlarını hazırlayan beynəlxalq auditorlarların mütəmadi dəyişdiyini görürük.
Qeyd edim ki, artıq neçə ildir ki, SOCAR-ın maliyyə hesabatı ictimaiyyət üçün ilk olaraq ingilis dilində açıqlanır (hesabatda isə göstərilib ki, bu sənədin hazırlanmasına məsul şəxs Turqay Teymurovdur).
Hesabatın rəsmi dövlət dilindəki versiyası adətən sentyabrda şirkətin saytında yerləşdirilir.
İndi isə qısaca nəzər yetirək, görək SOCAR ötən ili maliyyə baxımından necə başa vurub.
2021-ci ildə SOCAR-ın xam neft satışından əldə etdiyi gəlirlər 59,2%, qazdan isə 76,2% artıb. Şirkətin ötən il ümumi gəlirləri 45,6 milyard dollar (artım 56,3%), xalis mənfəəti isə 1,244 milyard dollar (2020-ci ildə - 1,02 milyard dollar xalis zərər) təşkil edib.
SOCAR-“Özbəkneftqaz” arasında yol xəritəsi. İyulun 5-də SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olub. Qeyd edim ki, ilk dəfə idi ki, SOCAR-ın yeni rəhbərliyi böyük nümayəndə heyəti ilə xarici səfərə çıxırdı. Və bu da səbəbsiz deyildi.
Çünki Daşkənddə müxtəlif səviyyələrdə keçirilən görüşlərdə Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığının perspektivləri, təcrübə mübadilələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə mövzusu olub. Sonda isə SOCAR və “Özbəkneftqaz” şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üzrə Yol Xəritəsi imzalanıb.
Bizim.Media