İyunun 27-də intihar edən tanınmış ginekoloq-həkim Xalidə Kəngərli ərindən boşanmaq ərəfəsində olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, X.Kəngərli əri Rüfət Kəngərlidən boşanmaq üçün özünə vəkil də tutubmuş.
MÖVZU İLƏ BAĞLI:
Çempion rəfiqələri ginekoloqun müəmmalı ölümündən danışdı: "Əri döyüb, məcbur edib ki…"
İddia olunur ki, həmin vəkil həkimin ərindən boşanması üçün hüquqi sənədləri hazırlayırmış. Bildirilir ki, X.Kəngərli intihar etməmişdən bir neçə gün əvvəl vəkil ilə boşanmasını müzakirə edib.
Amma boşanma ilə bağlı sənədlər vaxt məhdudiyyətinə görə, məhkəməyə təqdim olunmayıb.
Qeyd edək ki, iyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərli paytaxtın Yasamal rayonu ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından özünü ataraq öldürüb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Yayılan məlumatlara görə, X.Kəngərli xeyli vaxt əri tərəfindən şiddətə məruz qalıb. Şiddət görən qadının bədəninin müxtəlif nahiyələrində işgəncə izlərinin də olduğu iddia olunub. Qeyd olunur ki, X.Kəngərli intihar etməmişdən əvvəl də ərinin şiddətinə məruz qalıb. Hazırda bu iş üzrə istintaq araşdırması davam edir.
Eldar Məmmədli, Bizim.Media