Qusardakı istirahət parkı niyə vəhşi görkəmdə saxlanılır? - SİRRİ bəlli oldu – FOTO/VİDEO

Qusardakı istirahət parkı niyə vəhşi görkəmdə saxlanılır? - SİRRİ bəlli oldu – FOTO/VİDEO

Hazırda oxunan: Qusardakı istirahət parkı niyə vəhşi görkəmdə saxlanılır? - SİRRİ bəlli oldu – FOTO/VİDEO

81171

“N.Nərimanov adına Qusar şəhər mədəniyyət və istirahət parkı Azərbaycanda sırf meşədən salınan yeganə parkdır. Düzdür, Bakıda Rəsulzadə qəsəbəsində və Gəncədə bu stilli park var, amma həmin parklarda ağaclar əkilib, bu isə təbii meşə zolağında salınan ilk meşə-parkdır".

Bu məlumatı Bizim.Media-ya Qusar şəhərinin tanınmış ziyalısı, N.Nərimanov adına şəhər Mədəniyyət və İstirahət parkına ictimai əsaslarla rəhbərlik edən Sənan Xəlilov deyib.

O parkın tarixi və bu gününün ən dolğun və dəqiq bilicisidir, desək, qəti səhv etmərik. 3 ilə yaxındır ki, parka ictimai əsaslarla rəhbərlik edir, hər qarışını, hər otunu-ağacını çox yaxşı tanıyır.
Sənan müəllim də bu parkın 1853-cü ildə Qusarda fəaĺiyyət göstərən rus hərbi qarnizonunun komandirinin təşəbbüsü ilə yaradıldığını deyir:

“Həmin vaxt bu ərazilər sıx meşəlik idi. Bunu olduqca bəyənən komandirin tapşırığı ilə təbii meşəlik olan 3 hektar sahə çəpərlənərək park şəklinə salınır. Və beləliklə təbii şəkildə - təbiətin gözəl flora və faunasına toxunmadan unikal istirahət guşəsinin təməli qoyulur”.

Sənan Xəlilov parkın illərdir qorunan qiymətli flora və faunasından ətraflı danışdı.

Söylədi ki, parkda 15-ə yaxın qiymətli ağac növü var, onlardan ən yaşlısı göyrüc ağacıdır (göyrüş - lat. Fraxinus). Parkda 200-250 yaşı olan 10 göyrüc ağacı indiyəcən qalıb. 

Daha sonra cökə, akasiya, yemişan, alça, vəhşi şabalıd və endemik bitkilər-vəhşi soğan, vəhşi sarımsaq və digər maraqlı ağac və bitkilər Qusar parkının təbii bəzəyidir.
Ümumiyyətlə, Qusardakı bu park vəhşi təbiətin bir nümunəsi saxlanılan park kimi tarixə düşüb. Parkın gözəlliyi, unikallığı elə budur.

Ömrümdə görmədiyim iki gövdəli vəhşi şabalıd ağacını da burda görürəm. Ağac kökündən iki gövdəli olmaqla bir metrə yaxın uzandıqdan sonra yuxarıda birləşir. Sənan müəllim deyir ku, bu, təbiətin nadir hadisəsidir. Ancaq Qusarın havasındandır, ya nədəndir, parkda balaca iki gövdəli göyrüc ağacı da var, bunlar nadir hallarda qeydə alınan təbii hadisələrdir.

Parkın vəhşi görkəminə gəldikdə, Sənan Xəlilov deyir ki, burada heç bir ağac əkilməyib, əkilsə gözəllik pozular, heç ehtiyac da yoxdur. Burada hansısa ağac quruyub məhv olursa, yerinə 10 təbii ağac bitir. Ona görə parkda ağaclar arası abadlıq işləri aparılmasının qəti əleyhinəyik, əgər ağaclar arası otlardan təmizlənib boşaldılsa, bu vəhşi gözəllik pozula bilər.

N.Nərimanov adına Qusar şəhər mədəniyyət və istirahət parkında sovetdən qalma xeyli abidələr var. Voleybolçu, diskobolçu, quzğun(qartal) və əlində çomaq olan çoban və s tarixi heykəllər gələnləri çox heyran edir. Parkın adını daşıdığı böyük ictimai xadim N.Nərimanovun, qusarlı Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyevin heykəlləri də bura sovet dövründə qoyulub.
Gələn il 170 yaşı olacaq N.Nərimanov adna Qusar şəhər Mədəniyyət və İstirahət parkı ilə bağlı qusarlıların çox maraqlı və nostalji xatirələri var. Ötən yazımızda da bunu xatırlatmışdıq.

Qusarlı müəllim Qorxmaz Muradov "Aytəkin xanım, kaş ki bu parkı 60-cı illərdə görərdiniz" deyə Bizim.Media-nın verdiyi "170 yaşına varan Çar Rusiyasından qalma park" yazısına münasibət bildirmişdi.

Qusarlıların dili ilə Qusar parkının keçmişinə, onları narahat edən problemlərə və rəsmi mövqe olmaqla sabahkı yazımızda geniş toxunacağıq. Sağlamlıq turizmi üçün Qusarın bu parkı nə qədər əlverişlidir? Sabahı gözləyək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
































 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO