Bülbülün anadan olmasının 125-ci ilidir

Bülbülün anadan olmasının 125-ci ilidir

Hazırda oxunan: Bülbülün anadan olmasının 125-ci ilidir

80379

Bu gün Azərbaycan vokal məktəbinin banisi, lirik-dramatik tenor səsə malik opera müğənnisi, görkəmli xanəndə, Azərbaycan və SSRİ Xalq artisti Bülbülün (əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədovdur) anadan olmasının 125-ci ili tamam olur.

Bizim.Media xatırladır ki, o, 22 iyun 1897-ci ildə Şuşada dünyaya göz açıb və bu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olub. 

İlk təhsilini də burada mədrəsədə alıb, bir çox ustad xanəndələrin ilk musiqi biliyinə yiyələndiyi bir ocaqda – Molla İbrahimin məktəbində muğam sənətinin qanun-qaydalarını mənimsəyib.

Xüsusilə görkəmli xanəndə Cabbar Qaryağdıoğlundan o, sənətin çox sirlərini öyrənib. Bülbül ilk səhnə fəaliyyətinə 1916-cı ildə Məşədi Cəmil Əmirovun Gəncədə səhnəyə qoyduğu “Seyfəlmülk” operası ilə başlayıb.

Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası idi) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarında İbn Səlam, Kərəm, Qərib rollarını oynayıb. O, 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Yüksək səs tembrinə, məlahətli ifa tərzinə malik müğənni təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. 1931-ci ildə Milan Konservatoriyasında Delliponti və R.Qraninin siniflərini bitirərək Vətənə dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.

Bülbül 1938-ci ildə SSRİ Xalq artisti adını alıb, 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının professoru seçilib, 1950-ci ildən SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. Eyni zamanda, I və V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, iki dəfə Lenin, iki dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, İtaliyanın “Haribaldi” ordeni və medallarla təltif olunub.
Bülbül 1961-ci il sentyabrın 26-da Bakıda vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.

Bülbülün vətəni olan Şuşada xanəndənin bürünc büstü qoyulub. 1992-ci ilin may ayında Şuşanın ermənilər tərəfindən işğalından sonra bu büst (şairə Natəvanın və bəstəkar Üzeyir Hacıbəylinin büstləri ilə birlikdə) düşmən tərəfindən Gürcüstana metal kimi satılıb, sonradan Azərbaycan hökuməti tərəfindən geri alınaraq Bakıya gətirilib. 30 ilə yaxın düşmən əsarətində qalan doğma Şuşamız düşmən tapdağından azad olduqdan sonra hər üç görkəmli sənətkarın büstü yenidən Şuşaya aparılaraq orada ucaldılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO