1993-cü ilin iyun hadisələrinin üzərindən 29 il keçməsinə baxmayaraq hələ də baş verənlərlə bağlı qaranlıq qalan sirrlər gün üzünə çıxanlardan daha çoxdur. Hələ də həmin dövrün iqtidarı və müxalifəti fərqli arqumentlər əsas gətirərək bir-birlərini ittiham etməyə davam edirlər.
Ən çox mübahisə doğuran məqamsa iyunun 3-də AXC hakimiyyətinin keçmiş polk komandiri Surət Hüseynovun faktiki nəzarətində olan 709-cu briqadanı tərksilah etmək üçün qoşunlarını Gəncəyə göndərməsi ilə bağlıdır. O dövrün iqtidarı polkun dinc yolla tərksilah etməyi hədəflədiklərini açıqlasalar da, Surət Hüseynov hökumət qüvvələrinin Gəncəni bombalamaq və bununla da öz hakimiyyətlərinin gücünü xalqa göstərməyi hədəflədiyini bildirib.
Həmin dövrdə hadisələrin fəal iştirakçılarından olan keçmiş AMİP sədri Etibar Məmmədov isə yerli mətbuatın AXC hakimiyyəti tərəfindən 709-cu briqadanın tərksilah edilməsi məqsədilə hazırlanan “Tufan” kod adlı əməliyyatla bağlı sualını cavablandırarkən, əvvəllər açıqlanmayan yeni bir iddia ilə çıxış edib:
“25 il sonra iyun hadisələri ərəfəsində keçirilmiş Təhlükəsizlik Şurasının iclasının protokolları mətbuatda dərc olundu və məlum oldu ki, elə həmin Şuranın sədri prezident Elçibəy özü olub”.
Etibar Məmmədovun sözlərinə görə, bütün təhlükəsizlik məsələləri məhz Təhlükəsizlik Şurasında, Elçibəyin iştirakı ilə müzakirə olunub.
Qeyd edək ki, bu günə qədər verilən açıqlamaların mütləq əksəriyyətində, hətta Surət Hüseynovun özü tərəfindən də hadisənin səbəbkarı kimi sabiq baş nazir Pənah Hüseyn ittiham olunur və əməliyyatın Elçibəyin məlumatı xaricində həyata keçirildiyi bildirilirdi.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan AXC hökumətinin baş naziri Pənah Hüseyn, ümumiyyətlə, Gəncə ilə bağlı hər hansı hərbi əməliyyatın müzakirə olunmadığını açıqlayıb:
MÖVZU İLƏ BAĞLI:
Etibar Məmmədovla 20 Yanvarla bağlı ÖZƏL MÜSAHİBƏ – “Mən heç vaxt elə söz deməmişəm”
“Birincisi, Təhlükəsizlik Şurası deyil, Müdafiə Komitəsi olub. İkincisi, Dövlət Müdafiə Komitəsində hər hansı kod adı ilə əməliyyat müzakirə olunmayıb. 26 may tarixli Dövlət Müdafiə Komitəsinin iclasının stenoqramını mən ötən il dərc etmişəm. Orada ölkədəki ümumi hərbi-siyasi vəziyyət, eləcə də Surət Hüseynovla bağlı məsələyə də toxunulub. Göstəriş verilib ki, məsələ hüquq çərçivəsində aidiyyatı dövlət orqanları tərəfindən tənzimlənsin.
“Tufan” və s. kimi şaiyələr isə uydurmadır”.
Hadisələrin canlı şahidlərindən olan və baş verənləri öz kitabında yazıya çevirən politoloq Zərdüşt Əlizadə isə hadisələrin bu səviyyəyə gəlib çıxmasında AXC daxilindəki müxtəlif qrupların hakimiyyət uğrunda mübarizəsinin mühüm rol oynadığını vurğulayıb:
“Elə Kəlbəcər hadisələrinin efirdə müzakirəsi zamanı, Kəlbəcər ziyalılarından biri Pənah Hüseynin xatirinə saldı ki, sən deyirdin “Gəl birləşək, “saqqalı” (Elçibəy nəzərdə tutulur) kənarlaşdıraq”. Hamısı istəyirdi hakimiyyətə sahib olsun. Surət Hüseynovun isə siyasətdən ümumiyyətlə başı çıxmırdı. Oturmuşdu Qarabağda, öz aləmində Qarabağı xilas edirdi. Halbuki Qarabağ hadisələrini daha böyük qüvvələr, daha dəqiqi Rusiya idarə edirdi. Bütün döyüş əməliyyatları, kimin hara hücum edəcəyi, nə qədər itki verəcəyi, hamısını Rusiya müəyyənləşdirirdi”.
Politoloq da AXC hökumətinin Gəncəyə hücum əməliyyatı hazırladığını bildirib:
“Bəli əməliyyat hazırlanmışdı, adı da Tufan və ya Tayfun idi. Lakin Xalq Cəbhəsi liderləri o qədər vecsiz, bacarıqsız adamlar idi ki, əməliyyatı həyata keçirə bilmədilər. Surət Hüseynovun 250-300 nəfərlik dəstəsi var idi. Ona qarşı 4000 adam yığdılar. Onlar da idarə olunmadığına, yaxud başqa cür idarə olunduğuna görə məğlub oldular”.
Murad Əhmədov, Bizim.Media