Şimal bölgəsində may ayında payız və qış havası davam etməkdədir. Quba və Qusar rayonlarının dağlıq ərazilərinə yenə qar yağıb.
Bizim.Media xəbər verir ki, bölgədə bir neçə gündür davam edən yağıntılı hava dağ kəndlərində qarla əvəzlənib. Bu gün səhər Qubanın Qrız, Xınalıq, Qarxun, Buduq və digər kəndlərinə qar yağıb.
Quba ərazi hidrometerologiya müəssisəsindən Bizim.Media-ya məlumat verilib ki, Qubada ən çox qar 14 sm olmaqla Qrız kəndində qeydə alınıb.
Xınalıq kəndində isə yerli sakinlərin sözlərinə görə, qarın hündürlüyü 20 sm-dən çoxdur. Qarxun kəndində 5 sm qar qeydə alınıb.
Yağıntı hazırda davam edir.
Havanın temperaturu 5-8 dərəcə aşağı düşüb. Qubanın Qrız kəndində havanın temperaturu -5 dərəcə təşkil edir.
Quba hidrometerologiya müəssisəsindən havanın nə vaxt düzələcəyi ilə bağlı konkret tarix bildirilmir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu