Daha bir məktəbdə insident yaşanıb. Zəngilan rayonu 35 saylı məktəbin musiqi müəllimi 8-ci sinif şagirdini döyüb.
Son vaxtlar bu tip xəbərlər və videolar çox tez-tez yayılır. Bu isə o demək deyil ki, məktəblərdə inzibatçılıq güclənib, şagirdlərin haqqı və hüququ tapdalanır. Xeyr! Bu sırf sosial-mənəvi məsələdir. Çox təəssüf ki, son illər müəllimlərə qarşı bir basqı var. Yerindən duran, istənilən məsələdə müəllimləri qınayır.
Uşaq zəif nəticə göstərir günahkar kimi müəllimi göstəririk. Uşaq məktəbdə tərbiyəsizlik edir yenə günahkar axtaran baxışlar müəllimə zillənir...
Doğrudanmı hər məsələdə müəllim günahkardır?
Bir çox məsələdə haqlı-haqsız müəllimləri qınayırıq. Bu da cəmiyyətimizdə yaranan disbalansın nəticəsidir. Əvvəllər müəllimlə valideyn eyni mövqedən çıxış edirdi və ortaq fəaliyyət göstərirdi.
Uşağın savadsız və tərbiyəsiz olmasında daha çox valideyn məsuliyyət daşıyırdı. Amma indi hər şey atılıb müəllimin üstünə. Təbii ki, müəllimlərin də hamısı onlardan umulan böyük gözləntiləri verə bilmir.
İndi müəllim ən yaxşı halda tədris edir, öyrədir. Amma hər müəllim həm də yaxşı tərbiyəçi ola bilmir. Bunun da sosial əsasları var. İndi hər bir valideyn müəllimdən tələb edir ki, onun övladını savadlı yetişdirsin.
Lakin bu zaman valideyn heç də müəllimə hər ixtiyarı vermir. Müəllimin şagirdi nəinki döyməsi, hətta ona acıqlanması belə valideynlər və ictimaiyyət tərəfindən qınanır. Hətta bununla bağlı bəzi valideynlər polisə şikayət edir.
Müəllimə ehtiramın zəngin ənənəsi olub
Baxmayaraq ki, bizdə tarixən müəllimə qarşı ehtiramın zəngin ənənələri olub. Qədim zamanlarda valideyn uşağını müəllimin yanına gətirəndə deyirdi ki, “əti sənin, sümüyü mənim”. Ötən əsrin 90-cı illərinə qədər yerlərdə müəllimin taxılını valideynlər əkib-biçirdi, mal-qarasını kənd adamları otarırdı.
Səbəbsə bu idi ki, müəllimin sosial problemi olmasın. Müəllim diqqətini ancaq savadlı uşaqların yetişdirilməsinə yönəltsin. İnsafən nəticə də pis olmurdu. Ən əsası o zamankı uşaqlar həm də şəxsiyyət kimi yetişirdi. Müəllimin müqəddəsliyini qoruyurdu, böyük-kiçiyin yerini bilirdi, cəmiyyətdə yaxşı hərəkətləri ilə seçilməyə çalışırdı.
Hüququ olmayan müəllim nə etməlidir?
Biz indi savadlı övlad böyütsək də, çox zaman layaqətli və kamil şəxsiyyət yetişdirə bilmirik. İctimai nəqliyyatda və digər yerlərdə əksər cavanların ikrah doğuran hərəkərlərini hamımız görürük. Böyük-kiçik söhbəti aradan qalxıb. İctimai qınaq öz əhəmiyyətini itirib. Hamı hər şeydən narazıdır, bircə öz ağlından razıdır.
Hazırda müəllimin əlində çətin tərbiyə olunan uşağı islah etmək üçün heç bir rıçağı yoxdur. Müəllim şagirdə ən yaxşı halda tövsiyə verə bilər. Məsələn, “düz otur”, “yaxanı bağla”, “sakit ol” və sair. Amma müəllim şagirdi bu və ya digər şəkildə cəzalandırmaq hüququndan məhrumdur.
Əks təqdirə onun görüntüləri çəkilib sosial şəbəkələrdə yayılacaq. Və nəticə etibarı ilə islaholunmaz şagird yox, prinsipial və özünə hörmət edən müəllim cəzalandırılacaq. Qaydaları pozan şagirdlə bağlı isə başqa müxanizim işlək deyil.
Hələ o videoların çəkilməsi bir ayrı mövzudur. Məktəbə gedən hər şagirdin cibində mobil telefon var. Axı, niyə? Hələ onu demirik ki, şagirdlərin telefonları çox zaman müəllimin “qoz sındıran” telefonundan 10 dəfə baha olur.
İndi neyləyək, gələcəyimizi özbaşına buraxaq, yoxsa daha işlək və faydalı modellər quraq?
Buna gücümüz və ya həvəsimiz yoxdursa, onda müəllimlərin yaxasını sakit buraxaq.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:35 / 19.05.2022
Müəllim, şagird, valideyn arasındakı konfliktlərdə günahkar kimdir? - PROBLEM
Hazırda oxunan: Müəllim, şagird, valideyn arasındakı konfliktlərdə günahkar kimdir? - PROBLEM
Hazırda oxunan: Müəllim, şagird, valideyn arasındakı konfliktlərdə günahkar kimdir? - PROBLEM
75222
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.