Yevlaxın 2 kəndində su üstündə mübahisələrə son qoyuldu – MARAQLI QƏRAR

Yevlaxın 2 kəndində su üstündə mübahisələrə son qoyuldu – MARAQLI QƏRAR

Hazırda oxunan: Yevlaxın 2 kəndində su üstündə mübahisələrə son qoyuldu – MARAQLI QƏRAR

74826

Yevlax rayonu suvarma suyuna ən çox ehtiyacı olan bölgələrdəndir. Hər il təsərrüfatlarda su qıtlığı ucbatından məhsuladarlıq aşağı düşür və su üstündə mübahisələr ən son həddə qədər gedib çıxırdı.

Bizim.Media-nın yerli bürosuna açıqlama verən Hacıselli kənd sakini Qoşqar Məmmədov bildirib ki, nəhayət kənd camaatı vəziyyətdən çıxış yolu tapıb.

Hacıselli və Marzılı kənd sakinləri könüllü cuvarlardan ibarət qrup yaradıblar. O özü də suçudur:

"Marzılı və Hacıselli kəndlərinin su təminatını həyata keçirən arxlar mənbəyini Yuxarı Şirvan Kanalının su paylayıcı şəbəkəsindən götürür. Təxminən üst-üstə 2 kilometr məsafədə uzanan arxlarımız boyu hər iki kəndin fərdi və ümumi torpaq sahələri yerləşir. Hamıya su vacibdir, hər kəsin isə öz torpağı, öz ehtiyacı var. Çox korluq çəkirdik, su üstündə mübahisələr əlbəyaxa olmağa qədər gəlib çatırdı. Axır  qərara gəldik ki, kənd sakinlərinin içindən könüllü suçular seçək və o da növbəli şəkildə mütamadi bu işlə məşğul olsun. Təşəbbüsümüz öz nəticəsini verdi”. 

Qoşqar Məmmədov deyir ki, əvvəllər yoncalığı ildə bir dəfə güc-bəla ilə suvarmaq mümkün olurdu. Hazırda isə arxlara verilən suyun həcmi xeyli artıb.

Hətta ənənəvi əkin sahələrində artıq bir deyil, iki dəfə yaz suvarılmasını aparmağa nail olmuşuq:

“Kəndlilər arasında mübahisə və münaqişə də yoxdur. Cuvar insanların yerlərdə seçdiyi ictimai vəzifədir. Özləri seçdiyi üçün bizə inanır və eşidirlər. Növbə prinsipini də heç kim pozmur”.

Qoşqar Məmmədov bildirir ki, könüllü cuvar kimi günboyu arxların civarını dolaşır. Qonşu kəndlərədək nəzarət edir, növbəsiz və icazəsiz qoşulmaların qarşısını alır və texniki problem yaranan kimi əlaqədar qurumlara müraciət edir: 

“Problem olan kimi, dərhal bizə texnika və maşın ayırırlar, hər sözümüzə həssaslıq göstərirlər. Su təminatı arxlarında hazırda aparılan yaz təmizlik işləri də cuvarların təşəbbüs və nəzarəti ilə həyata keçirilir. 2000 metr məsafədə uzanan arxların böyük hissəsi xüsusi texnikaların köməyi ilə təmizlənib və su ötürmə qabiliyyəti güclənib”.

Könüllü cuvarlıq sistemi indi Yevlaxın iki kəndində bütün narazılıqlara son qoyub. Məhsuldarlıq da artıb, qonşular arasında söz-söhbət də bitib. Qoşqar Məmmədov deyir ki, təşəbbüsümüzə digər kəndlərin də qoşulmasını arzulayırıq.

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO