Adına maşın çıxan 3 yaşlı uşağın ailəsinin sosial yardımı nəhayət ki, bərpa olunub.
Bu barədə Bizim.Media-ya Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.
MÖVZU İLƏ BAĞLI:
Goranboyda ŞOK HADİSƏ: 3 yaşlı uşağın adına 23 il əvvəl necə avtomobil alınıb? - FOTO
O, qeyd edib ki, Aslanov Hüseyn Əkbər oğlunun ailəsinə 1 il müddətinə 495,1 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilib:
“Bundan əvvəliki dövrlərdə də həmin ailə ünvanlı sosial yardımla təmin edilib. Hüseyn Aslanovun yardım üçün son müraciəti zamanı yaranmış texniki uyğunsuzluq isə aradan qaldırılıb. Ailəyə təyin olunan ünvanlı yardımın artıq ödənişinə başlanıb”.
Xatırladaq ki, məsələni ilk olaraq Bizim.Media gündəmə gətirmişdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Hüseyn Aslanovun 2018-ci il təvəllüdlü oğlu Həsən Aslanovun adına 1976-cı ilin istehsalı olan “10XH563” dövlət nömrə nişanlı avtomobili olduğunu əsas gətirərək ailənin ünvanlı sosial yardım üçün müraciətini rədd edib.
Bizim.Media məsələni ictimailəşdirəndən sonra məlum olub ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istifadəsində olan nəqliyyat vasitələri və onların mülkiyyətçiləri barədə qeydiyyatın uçot bazasında 10-HX-563 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi ilə Hüseyn Aslanovun 3 yaşlı övladının soyadı, adı və ata adı eynilik təşkil edir. Aidiyyəti dövlət qurumu DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi sistemindən elektron qaydada məlumat alarkən anlaşılmazlıq yarandığını, bunun aradan qaldırılması üçün Hüseyn Aslanovun Dövlət Sosial Müdafiə Fonduna fərdi qaydada müraciət etməsini tövsiyə edib.
MÖVZU İLƏ BAĞLI:
3 yaşlı uşağın adına 23 il əvvəl alınan avtomobillə bağlı DİN-dən CAVAB - ÖZƏL
Goranboy rayonunun Balakürd kənd sakini Hüseyn Aslanov da sosial yardımın bərpa olunduğunu təsdiqləyib. Onun sözlərinə görə bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları ünvanlı sosial yardımı təmin etmək üçün onların ünvanında olub və maddi-məişət şəraitlərini yoxlayıb.
Bu gün isə Hüseyn Aslanovun telefonuna qərar barədə sms formasında məlumat göndərilib:
“İlk növbədə sizlərə minnətdaram. Çox sağ olun ki, məsələni ictimailəşdirdiniz. Siz də nazirlik əməkdaşları da məsələyə isti yanaşdı”, - deyə o, əlavə edib.
Qeyd edək ki, vətəndaş qərar verildiyi halda müraciət etdiyi ayın 1-dən etibarən ödənişləri almağa davam edəcək.
Alçina Amilqızı, Bizim.Media