“2021-ci il Qarabağda quruculuq, müttəfiqlik ili olacaq” – Oleq KUZNETSOV

“2021-ci il Qarabağda quruculuq, müttəfiqlik ili olacaq” – Oleq KUZNETSOV

Hazırda oxunan: “2021-ci il Qarabağda quruculuq, müttəfiqlik ili olacaq” – Oleq KUZNETSOV

7079

''2020-ci il müasir Azərbaycan tarixində ən əhəmiyyətli il idi. Bu ildə sizin ölkəniz ərazi bütövlüyünü təmin etdi, 1988-1994-cü illər ərzində itirilmiş torpaqları geri qaytardı. Digər məsələ odur ki, müharibənin nəticələri Azərbaycan xalqı üçün vacibdir. Niyə? Ona görə ki, bununla da dövlətçiliklə birbaşa əlaqəli olan Azərbaycan siyasi birliyinin formalaşdırılması yekunlaşır''.

''Azərbaycan xalqı özünün tarixi ərazi bötövlüyünün sahibi oldu. Həmçinin xalq dövlətçilik ideologiyasının daşıyıcısına çevrildi, çünki əvvəllər cəmiyyət və hökumət ayrı dəyərləndirilirdi. Müharibə zamanı və qələbədən sonra isə Azərbaycanda cəmiyyət və hökumətin birləşməsinin şahidi olduq. Bununla da Azərbaycan xalqı özündə dövlətin suverenliyini ehtiva edən dövlətçilik ideologiysınının və milli mentalitetin daşıyıcısı oldu''. 

Bunu Bizim.Media-ya açıqlamasında rusiyalı politoloq, tarixçi və Qafqazşünas Oleq Kuznetsov dedi. 

O, qələbənin niyə məhz prezident İlham Əliyevin adı ilə bağlı olduğunun izahını verdi:

''Belə bir deyim var ki, siyasətçilər hərbçilərdən qələbəni oğurlayır. Lakin Azərbaycanın Vətən müharibəsində baş verənlər bu formuldan uzaqdır. Məsələ orasındadır ki, son 10 ildə prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Azərbaycan xalqı məqsədyönlü şəkildə savaş və qələbəyə hazırlaşırdı. 2013-cü ildə Azərbaycanda yeni tip ordunun yaradılması ilə bağlı 10 illik proqramın icrasına start verildi''.

''Proqrama ordunun müasirləşdirilmə, silahlandırma və hərbçilərin hazırlığı da daxil idi. Bu modernləşmənin qayəsində isə silah gücünə ərazi bütövlüyünün bərpa olunması dayanırdı. Bu halda deyə bilərik ki, silahlı qüvvələr dövlət siyasətinin bir növ mühüm aləti idi. Bu səbəbdən də müharibə və zəfər prezident İlham Əliyevin xidmətləridir''. 

Oleq Kuznetsov 2021-ci il üçün Azərbaycanın perspektivlərindən danışanda bildirdi ki, bu il Azərbaycan üçün yeni sosial-iqtisadi imkanlar açılacaq.

''Ermənistanla müharibədə qələbə 2 vacib faktoru ortaya çıxartdı. Müasir dildə danışsaq, buna Azərbaycan dövlətinin inkişafının drayverləri də demək olar. Birincisi, savaşda qələbə Azərbaycan xalqının böyük daxili enerjisini azadlığa buraxdı ki, həmin güc azad olunmuş torpaqlarda özünü göstərəcək''.

''Moskvada yaşamağıma baxmayaraq hazırda Rusiyada biznesmen olan və vaxtı ilə Qarabağdan qaçqın düşən azərbaycanlılarla tez-tez ünsiyyətdə oluram. Onlar tarixi Azərbaycan torpaqlarına qayıdıb, öz dədə-baba evlərini, hətta kəndləri bərpa etmək istəyirlər. Bunu özlərinə mənəvi borc sayırlar. Əminəm ki, 30 ildir Azərbaycanın digər yerlərində yaşayan qaçqın və məcburi köçkünlər də Qarabağa qayıtmağı arzulayırlar''.

İkinci faktoru Qarabağın böyük iqtisadi potensialı ilə əlaqələndirən Oleq Kuznetsov işğaldan azad olunan torpaqlarda kənd təsərrüfatını 3-5 ilə bərpa etməyin mümkün olduğunu dedi:

“Belə olan halda Azərbaycandan təkcə Rusiyaya göndərilən kənd təsərrüfatı məhsullarının həcmi 3 dəfə arta bilər. Bu və digər gəlirlərinə görə Qarabağ Azərbaycanın əsas inkişaf lokomotivlərindən birinə çevriləcək. Sözsüz ki, Qarabağa xarici sərmayələr də cəlb olunacaq. Burada Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan, Belarus və başqa ölkələrə aid şirkətlərin sponsorluğu gözləniləndir”.

Qarabağın faydalı qazıntılarla zəngin olduğunu deyən Oleq Kuznetsov bununla metallurgiya və maşınqayırma sahələrinin də tərəqqisinin qaçılmaz olduğunu qeyd etdi: 

“Yeni iş yerləri açılacaq və yüksək gəlirlərə görə nə vaxtsa ölkəni iş üçün tərk edənlər də qayıda bilər, ən əsası isə onların sayı minimuma enər”.

Politoloqun fikrincə, Qarabağda dəmir yollarının bərpası bütün Cənubi Qafqazda yeni nəqliyyat-logistik imkanlar yaradacaq:

“Bununla da Azərbaycan regionun iqtisadiyyatını müəyyənləşdirə biləcək ölkəyə çevriləcək”.
“Buna görə də düşünürəm ki, 2021-ci il Azərbaycan üçün böyük sosial-iqtisadi imkanlar dövrü olacaq. Əsas odur ki, Azərbaycan hökuməti siyasi-iqtisadi müstəvidə bir neçə addım da irəliləmək şansını əldən verməsin, çünki 2021-ci il Qarabağda quruculuq, müttəfiqlik ili olacaq” deyə Kuznetsov fikrini tamamladı.

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO