Avtobus dayanacaqlarına girən taksiləri könüllülər uzaqlaşdıracaq - BNA

Avtobus dayanacaqlarına girən taksiləri könüllülər uzaqlaşdıracaq - BNA

Hazırda oxunan: Avtobus dayanacaqlarına girən taksiləri könüllülər uzaqlaşdıracaq - BNA

6883

Dünyada hər bir ölkənin ən böyük infrastrukturu, ərazisinin ən əsas qollarından biri nəqliyyat sektorudur.

Elə bu səbəbdən də  əsas problemlər də nəqliyyat sahəsində yaşanır. Hər ölkədə olduğu kimi ictimai nəqliyyatla bağlı problemlər Azərbaycanda da mövcuddur.

Avtobusların sərnişinlərin sayına uyğun təmin olunmaması, intervalların qeyri-dəqiq və uzun olması və ictimai nəqliyyat üçün ayrılmış dayanacaqlardan avtomobillərin istifadəsindən yaranan bu problemlər hər zaman ölkə gündəmində qalır. 

Mövzunun aktuallığını nəzərə alaraq Bizim.Media bu barədə kiçik araşdırma edib. 

İctimai nəqliyyat üçün ayrılmış dayanacaqlarda taksi və şəxsi avtomobillərin səbəb olduqları problemlərlə bağlı BNA-nın mətbuat katibi Mais Ağayevə müraciət etdik.

Qurumun mətbuat katibi dayanacaqlarda avtomobil saxlamağın qadağan olduğunu bildirib.

“Ümumiyyətlə ictimai nəqliyyata aid olan ərazilərdə digər nəqliyyat vasitələrinin dayanması qadağandır. Bu avtobusların işinə ciddi çətinlik yaradır. Bu səbəbdən avtobuslar nəzərdə tutulmuş yerlərə daxil ola bilmir və  yolun hərəkət hissəsində saxlamalı olurlar. Bu zaman da ən ciddi problem, sərnişinlər üçün təhlükəli vəziyyət yaranır. Buna görə də sərnişinlər yolun hərəkət hissəsində avtobusa minib-düşməyə məcbur olurlar. Bu da sərnişinlərin həyatını təhlükəyə atır”.

Mais Ağayev bu sahədə ciddi tədbirlərin görüldüyünü və həmin ərazilərin xüsusi nəzarətə götürüldüyünü də qeyd edib. 

“Sərnişin və avtobusların sıx hərəkətdə olan ərazilər var. Bu kimi halların qarşısını almaq üçün əsas dayanacaqlar maksimum nəzarətə götürülüb və ciddi tədbirlər görülür. Eyni zamanda bu problemlə bağlı xüsusi maarifləndirmə tədbirləri də aparılır.  Bundan başqa 30-dan artıq əsas dayanacaqlarda könüllülər fəaliyyət göstərir. Onlar maska taxmaq, məsafə saxlamaq  və təmizlik aparılması ilə bağlı əhalini maarifləndirirlər. Könüllülər, həmçinin dayanacaqlarda avtomobilini saxlayaraq qanunu pozan sürücülərə xəbərdarlıq edirlər”. 

Bundan başqa mətbuat xidmətinin rəsmisi qeyd edib ki, taksi dayanacaqlarının olmasına baxmayaraq, bu avtomobillər qanunu pozmağa davam edirlər. 

Onun sözlərinə görə, bu hallar ən çox metrostansiyaların yaxınlığında baş verir.

''Bakıda “20 yanvar”, “Xalqlar dostluğu”, “Nərimanov” və “Gənclik” metrostansiyalarının yaxınlığında taksilər üçün nəzərdə tutulan xüsusi dayanacaqlar yaradılıb. Avtobuslar üçün nəzərdə tutulmuş yerlərdə taksilərin və digər nəqliyyat vasitələrinin saxlanılması qanun pozuntusudur. Bu avtomobillər həmçinin qeyri-qanuni sərnişindaşıma ilə də məşğuldurlar. Bu cür hallar ən çox “Əhmədli” metrostansiyasının ətrafında baş verir''.

''Ərazidə taksi dayanacaqlarının olduğuna baxmayaraq, çox təəssüf  ki, qanunsuz sərnişindaşıma ilə məşğul olan və dayanacaqları zəbt edən avtomobillər günü-gündən artır. Eyni pozuntular “Koroğlu” metrostansiyasının ətrafında da tez-tez baş verir'', - deyə o vurğulayıb.

Vüqar Ağamalıoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO