Qırmızı Xaçın göz yumduğu Laçın Novruzovun dəhşətli əsirlik HEKAYƏSİ – Qardaşları DANIŞDI - FOTO

Qırmızı Xaçın göz yumduğu Laçın Novruzovun dəhşətli əsirlik HEKAYƏSİ – Qardaşları DANIŞDI - FOTO

Hazırda oxunan: Qırmızı Xaçın göz yumduğu Laçın Novruzovun dəhşətli əsirlik HEKAYƏSİ – Qardaşları DANIŞDI - FOTO

68047

1994-cü ildə Xocavəndin Edili kəndində əsirlikdə olarkən yazdığı məktubu yayılan azərbaycanlı hərbi qulluqçu Laçın Novruzovun ailəsinə yazdığı daha bir məktubu Bizim.Media əldə edib.

Məktub 1994-cü il mart ayının 24-də yazılıb və bir gün sonra Qırmızı Xaça təqdim edilib. Həmin məktub elə həmin vaxt ailəsinə çatdırılıb.

Bu məktubda Füzulidə əsirlikdə olduğunu deyən Laçın, ata-anasından yalvara-yalvara kömək istəyib, onu dəyişdirib girovluqdan xilas etmələrini xahiş edib:

"Salam ata, mama, bu məktubu yazan Laçındır, sağ salamatam, Füzulidəyəm, qurban olum, gəlin məni qutarın, mən yaşamaq istəyirəm, qurban olum, mama, məni tez dəyişin, yaşamaq istəyirəm".

Həmin məktubu Bizim.Media-ya Qubanın İkinci Nügədi kəndində yaşayan qardaşı Yalçın Novruzov təqdim edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı əsirin məktubu 18 il sonra üzə çıxdı – Qırmızı Xaç onu sağ görüb, amma xilas etməyib! 


Yuxarıdakı sətirlər də həmin məktubdandır. Laçının bu məktubdan başqa Xocavəndin Edili kəndindən yazdığı digər məktubu  da bu günlərdə sosial şəbəkələrdə yayılıb. Bu məktubda da Laçın valideynlərindən ürək dağlayan sözlərlə onu burdan qurtarmalarını istəyib. Məktubları müqayisə edərkən belə görünür ki, Laçın ermənilərin 1993-cü ilin 23 avqustunda işğal etdiyi doğma Füzulimizdən sonra Xocavəndin Edili kəndində əsir saxlanılıb və  Qırmızı  Xaç vasitəsilə növbəti məktubunu  da buradan yazıb. Əsir Laçının yalvarış dolu məktubu Qubaya-valideynlərinə çatsa da adını Beynəlxalq Humanitar təşkilat qoyan Qırmızı Xaç əslində girovluqda saxlanan azərbaycanlı döyüşçüyə heç bir kömək etməyib.

Qardaşı Yalçın danışır ki, "atam Əhməd  "Laçın, Laçın" - deyə rəhmətə getdi, çox axtardı, çox getdi atam döyüş bölgəsinə, Füzuliyə, Ağdama. Bir xəbər ala bilmədi. Elə Laçının dərdi, tapılmaması atamı 2008-ci ildə həyatdan apardı".

Laçının digər qardaşı Elçin Novruzov isə Qırmızı Xaç Komitəsinin qardaşı Laçından gətirdiyi  məktublardan sonra qurumun niyə kömək etməməsi ilə bağlı sorğumuzu cavablandırıb:

"Atam Əhməd bunu həmişə soruşub, Qırmızı Xaçdan isə ancaq bir söz deyirdilər, əsirin yeri dəyişdirilib".

Yeri gəlmişkən deyək ki, ailənin təqdim etdiyi şəkildə Laçının 31 avqust 1993-cü ildə həlak olduğu qeyd edilib. Hesab edirik ku, həmin qeyddə yanlışlığa yol verilib. Əgər Laçın 1994-cü ilin 24 martında öz xəttilə valideynlərinə məktub yazıbsa, deməli, həmin qeyd yanlışdır. 

Məlumat üçün bildirək ki, 1973-cü ilin 27 aprelində Qubanın İkinci Nügədi kəndində doğulan Laçın Novruzov 1991-ci ildə hələ SSRİ dağılmamışdan əvvəl Ukraynada əsgərlikdə olub. Qarabağda müharibə getdiyini biləndə evə yox, birbaşa ora yollanıb.

Füzulidə, Hadrutda vuruşub. Sonrası məlumdur. Füzulinin işğalından sonra ermənilər tərəfindən əsir alınıb. Ailə ondan aldığı məktublar vasitəsilə sağ olduğunu bilsə də sonralar heç bir xəbər tuta bilməyib. 


İtkin kimi qeydə alınan Laçına şəhid statusu verilsə də ata-ananın Laçın sarıdan bağrı həmişə qan içində olub. Ata həyatdan köçüb, anası Rəna xanımı isə Yalçınla Elçinin xahişilə danışdırmadıq. Oğul yarasını təkrar qanatmamaq üçün...

"Xəstədir, Laçının adını eşidib daha da pis olacaq" - dedilər.

Aytəkin Alxaslı, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO