Tomris Azəri: “Nazim İbrahimov Prezidentə qarşı işləməyimlə bağlı yalanlar uydurdu”

Tomris Azəri: “Nazim İbrahimov Prezidentə qarşı işləməyimlə bağlı yalanlar uydurdu”

Hazırda oxunan: Tomris Azəri: “Nazim İbrahimov Prezidentə qarşı işləməyimlə bağlı yalanlar uydurdu”

6762

Başa çatmaqda olan ilin son günlərində Bizim.Media-nın müsahibi Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidenti Tomris Azəridir.

Cümhuriyyət qurucularından biri olan Nağı bəy Şeyxzamanlının qızı Tomris xanımın rəhbərlik etdiyi Amerika Azərbaycanlıları Cəmiyyəti Azərbaycan həqiqətlərinin ABŞ ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. O, 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Bütün ömrünü, fəaliyyətini Azərbaycana həsr edən, Azrbaycanla nəfəs alan Tomris xanım hiss etdirməyə çalışmasa da, bir az da incikdir. Dədə-baba torpağından deyil, onun gördüyü işlərə kölgə salmaq istəyən, belə demək mümkünsə, ona oyun qurub, şər-böhtan kampaniyası aparanlardan... Deyir ki, xeyli zamandır müsahibə götürmək, yazılar hazırlamaq istəsələr də, mediadan uzaq olub. Uzun müddət  sonra T. Azəri ilk müsahibəsini Bizim.Media-ya verdi. 

-Tomris xanım, Azərbaycan 30 ildir işğalda olan torpaqlarını, Qarabağı azad etdi, ABŞ-da bu xəbəri eşidəndə hansı hisslər keçirdiniz ? 

-Bilirsiniz ki, mən ABŞ-da böyüdüm. Azərbaycanı tanıyaraq, onun bayrağını, himnini bilərək, hər qarışını sevərək boya-başa çatdım. Aydınlıq üçün qeyd edim ki, Azərbaycan Amerika Cəmiyyəti 1957-ci ildə qurulub. Həm mən, həm də Amerikada yaşayan azərbaycanlılar bu təşkilatla bərabər boy atdılar, yaşlandılar. ABŞ-dakı məktəblərimizdə milli rəqslərimizi oynadıq, Azərbaycandan danışdıq. Oradakı müəllimlərimiz “Dünya xəritəsində Azərbaycan deyə bir dövlət yoxdur” deyəndə, onlara Azərbaycanın xəritəsini göstərdik, Azərbaycanı Amerikada yaşatdıq. 1991-ci ildə Azərbaycanın müstəqilliyini duyduqda bizdən xoşbəxt insanlar yox idi.

Təəssüf ki, bu xoşbəxtlik uzun sürmədi, müharibə başladı, düşmən tarixi torpaqlarımızı işğal edirdi. Həmin vaxt ABŞ konqresində brifinqlər verdik, konqres üzvlərinə Qarabağ, tariximizlə bağlı geniş bilgilər çatdırırdıq,  Xocalı soyqırımı haqqında danışırdıq. 30 ildir bu fəaliyyəti davam etdiririk. Hər gün Azərbaycanda baş verənləri oxuyuram, izləyirəm. Bu  illərdə güclü Azərbaycan Ordusunun yaranmasına, digər dövlətlərlə qurduğu uğurlu ikitərəfli əlaqələrə, inkişafa sevinirəm. Sentyabr ayında düşmən hücumuna cavab olaraq, Azərbaycanın öz torpaqlarında antiterror əməliyyatlarına başladığını eşidəndə davam etməsi üçün dua edirdik və torpaqlarımızın azad ediləcəyinə inanırdıq.

Nəhayət ki, Azərbaycan Ordusu böyük zəfərə imza atdı, torpaqlarımız erməni işğalından azad edildi. Sevincim sonsuzdur, illərdir ki, bu zəfəri gözləyirdik, qürurlu və xoşbəxtik. Azərbaycanla fəxr edirəm.  

- ABŞ-da iki ölkə üçün böyük işlərə imza atırsınız. Hazırda hansı işləri görürsünüz və perspektivdə nələr var?

- Bu il bütün dünya koronovirusla mübarizə apardı. Bu səbəbdən hamı kimi virus bizim də planlarımızın gerçəkləşməsinə mane oldu. İlin əvvəlində Azərbaycan üçün çox böyük tanıtım tədbirlərimiz vardı, təəssüf ki, təxirə salmalı olduq. Amma hər il olduğu kimi, bu il də, burada ehtiyacı olan gənclərimizə yardım göstərdik. Koronavirus səbəbindən ev kirayələrini, elektrik, qaz xərclərini, məktəb vəsaitini ödəyə bilməyən tələbələrimiz üçün “Maddi yardım proqramı” elan etdik və ehtiyaclarını ödədik.

İllərdir tələbələrimiz üçün davam edən burs, yəni təqaüd proqramımız var, onu da uğurla həyata keçirdik. Hər zaman olduğu kimi ABŞ konqresinn üzvləri ilə daima əlaqə saxlayır, Azərbaycanla bağlı onlara məlumat verir, telefonla danışır, məktublar göndəririk. İnşAllah, gələn il Azərbaycan adına tanıtım proqramlarımıza davam edəcəyik. İllərdir, Türkiyə icması ilə birlikdə heç kimin həyata keçirə bilmədiyi proqramlar ortaya qoyuruq, həmrəylik və birliyimiz də öz yerində. Çox böyük təcrübələrimiz, əlaqələrimiz var, bunlardan yaralanırıq.

- Çoxdandır Azərbaycana gəlmirsiniz. Mediada yazılıb ki, sizin kimi Azərbaycan, türk sevdalısına oyun oynayıblar...

-Mənim haqqımda yalan xəbərlər, yalan raporlar yazaraq, insanları birləşdirmək yerinə böldülər və yalanları ilə gerçək dəstəkçilərini də itirirdilər. Bu bəziləri tərəfindən hazırlanan “Böhtan planı” idi. Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimov mən də daxil olmaqla, onlarla bir yerdə olmayanları, istədiklərini, söylədiklərini yerinə yetirməyənləri düşmən elan etdilər. Nə yazıq ki, mən də bu şəkildə onların “düşmən siyahısı”na düşdüm. Nə yazıq ki, ən böyük düşmənlərim öz xalqımn içindən çıxdı və bundan çox üzgünəm.

Həyatımı Azərbaycan üçün verdim, Azərbaycan olmadan böyüdüm və Azərbaycan üçün əlimdən gələni, bütün bacardıqlarımı etdim və edirəm. Ailəm, keçmişim məni gerçəkdən Azərbaycan üçün hazırladı. Oyun qurdular, Prezidentin adından guya mənə Bakıda olmayan bir dairə (ev) verildiyini dedilər, yalandan kağız göstərdilər. Bütün Azərbaycan mənim evimdir, heç bir evə ehtiyacım yoxdur. Prezidentə qarşı işləməyimlə bağlı yalanlar uydurdular, guya dövlət başçısı mənə Nyu-Yorkda üç mərtəbəli ev verib. Hamısı şər, böhtan idi, diaspora ilə məni düşmən etməyə, Bakı ilə əlaqələrimi yox etməyə çalışdılar.

Bütün bunları daha açıq, adları ilə birlikdə yazdığım kitabda vermək istəyirəm. Sonra da düşünürəm ki, düşmənlərimiz də oxuyacaq, mən bunu Azərbaycan üçün edə bilmərəm. Allaha şükür, Prezident İlham Əliyev məni də, ailəmi də yaxşı tanıyır. Allah mərhum Prezident Heydər Əliyevə də rəhmət eləsin, o da eynilə məni və ailəmi tanıyırdı. Məni çox sayda dəstəkləyənlər var, hamısı insanlığımı, xarakterimi, duruşumu yaxşı bilir, bir çoxları kimi ortada oynamıram, sözü açıq deyirəm, yaltaq deyiləm. Azərbaycandan heç vaxt heç nə istəmədim, kim olduğumu, hansı işi gördüyümü, haradan gəldiyimi bilirəm.

Ən böyük istəyim güclü bir Azərbaycan diasporudur. Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbəri mənə və sahib olduğumuz təşkilata çox hörmətlə yanaşır. Fuad Muradov yeni təyin olunanda ilk mənə zəng etdi və münasibətlərin yenidən qurulmasını istədiyini bildirdi.

 Azərbaycan mənim canımdır, vətənimdən heç vaxt küsə bilmərəm. Nə deyirlər desinlər, sonunda hər kəs doğrunu anlayır.  

-Tomris xanımın Qarabağa, Şuşaya getmək arzusu var?

-Allahın izni ilə 2021-ci ildə ən böyük arzum böyük bir Amerika qrupu, Türkiyədən və Avropadan olan dostlarımızla Qarabağın ürəyi Şuşanı ziyarət etməkdir. Şuşanı qarış-qarış gəzib, çay içəcəyik, Laçın, Ağdam, Kəlbəcər, Cəbrayıl, Füzuli, Quba, Gəncəni ziyarət edib, sevgili Bakımızda da qalacağıq. Ana vətənimin hər qarışı ilə qürur duyuram.

Anam, atam, babalarım, nənələrimin gözləri, ürəkləri, ruhları ilə vətənimi gəzəcəyəm. Allah bizə bunu nəsib etsin. Can Azərbaycandan gözəl xəbərlər, böyük uğurlar duymaq arzusu və 2021-ci ildə görüşmək diləyi ilə yeni iliniz mübarək olsun. Hamınızı çox istəyirəm.

Ağanisə Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO