Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlərin təməlində ortaq tarixi köklərin, dil, din, mədəniyyət, adət-ənənə və dəyərlərin dayandığı vurğulanıb.
Prezident Şavkat Mirziyoyev qeyd edib ki, münasibətlərimiz dövlətlərimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib.
MÖVZU İLƏ BAĞLI:
Sahibə Qafarova qazaxıstanlı həmkarı ilə görüşdü - FOTO
Son illərdə isə Azərbaycan və Özbəkistan arasında ikitərəfli əməkdaşlığın inkişafında daha geniş uğurlar əldə olunub. O, bildirib ki, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasında dövlət başçılarımız arasında münasibətlərin mühüm rolu vardır.
Milli Məclisin sədri Sahibə Qafarova səmimi qəbula görə Özbəkistan Prezidentinə minnətdarlığını bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.
O, deyib ki, Azərbaycan və Özbəkistan arasında dərin tarixi köklərə əsaslanan əlaqələr iki xalqın rifahı naminə möhkəmlənməkdə və inkişaf etməkdə davam edir.
Spiker qeyd edib ki, Azərbaycan və Özbəkistan dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər çox dinamik, səmərəli və qarşılıqlı faydalı münasibətlərin inkişafında mühüm rol oynayır.
Prezident Şavkat Mirziyoyev onun da salamını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib və xoş arzularına görə ona minnətdarlığını bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Bizim.Media