Ukraynadakı müharibədən SONRA - Azərbaycanı, Gürcüstanı, Ermənistanı nə gözləyir? - MÜSAHİBƏ 

Ukraynadakı müharibədən SONRA - Azərbaycanı, Gürcüstanı, Ermənistanı nə gözləyir? - MÜSAHİBƏ 

Hazırda oxunan: Ukraynadakı müharibədən SONRA - Azərbaycanı, Gürcüstanı, Ermənistanı nə gözləyir? - MÜSAHİBƏ 

67172

“Moldova, Ukrayna və Gürcüstanın yaxın gələcəkdə Avropa İttifaqı və NATO blokuna qoşulma imkanları real görünmür”.

Bu sözləri Ukrayna-Rusiya müharibəsinin Cənubi Qafqaza təsiri mövzusunda Bizim.Media-ya verdiyi müsahibədə xaricdə yaşayan azərbaycanlı siyasi təhlilçi Fuad Şahbazov söyləyib.  

- Rusiya-Ukrayna müharibəsinin nəticələri cənubi Qafqaza xüsusən də, Qarabağdakı sülhməramlıların fəaliyyətinə necə təsir edə bilər?

- Müharibənin cənubi Qafqaza ilk öncə iqtisadi təsiri olacaq. Cənubi Qafqazda əsasən də Azərbaycan Rusiyanın ticarət tərəfdaşı olduğu üçün Rusiyaya qoyulan sanksiyalar Azərbaycana mənfi təsir edəcək. Xüsusilə Rusiyaya mal ixracı azalacaq və ya Rusiyadakı tərəfdaşlar ixrac olunan məhsulların pulunu ödəməkdə çətinlik çəkəcəklər. Rusiyada çalışan qafqaz əsilli əmək miqrantları məcburi şəkildə öz ölkələrinə qayıdacaqlar. Bu isə həmin ölkələr üçün bəzi iqtisadi problemlərə səbəb ola bilər.

Siyasi müstəvidə də problem yarana bilər. Rusiya ona qonşu olan dövlətlərdən daha çox loyallıq tələb edir. Məncə strateji və hərbi tərəfdaşı olduğu üçün Ermənistan Rusiyaya qarşı hər hansı bir sanksiyaya qoşulmayacaq. Azərbaycan isə öz ənənəvi balanslaşdırılmış siyasətini Qərb və Rusiya ilə davam etdirəcək və Rusiyanın əleyhinə olan heç bir sanksiyaya qoşulmayacaq.

- Gürcüstanın Avropa İttifaqına üzvlük üçün müraciət etməsi Rusiyada hər hansı bir qıcıq yarada bilərmi?

- Bildiyiniz kimi Ukrayna müharibəsi başladıqdan sonra Moldova, Ukrayna və Gürcüstan rəsmi olaraq Avropa İttifaqına üzvlüklə bağlı müraciət etdilər. Bu mənim qənaətimcə sadəcə, müharibə dövrünə təsadüf etmiş bir həmlədir. Çünki nə Moldova, nə Ukrayna nə də Gürcüstanın yaxın gələcəkdə Avropa İttifaqı və eləcə də NATO blokuna qoşulma imkanları real görünmür. Hər iki beynəlxalq təşkilat  hazırda dağılmaqda olan Ukraynanı və qonşu Gürcüstanı üzvlüyə götürməyə hazır deyil.

- Azərbaycan-Ermənistan münasibətlərinə Rusiyanın müharibədəki iştirakının hər hansı bir təsiri ola bilərmi?

- Xüsusi bir təsiri olacağını düşünmürəm. Yeganə təsir ancaq o ola bilər ki, müasir dünyadan izolyasiya olunmuş və iqtisadi cəhətdən zəifləmiş Rusiya müəyyən mənada Azərbaycan və Ermənistanı birbaşa dialoqa itələyə bilər. Bəzi məsələlərdə  Rusiyanın iştirakı olmadan Azərbaycan  Ermənistan ilə danışıqlar apara bilər. Başqa ciddi bir təsirini görmürəm.

- Əgər Rusiya Ukraynada məğlub duruma düşərsə, Cənubi Qafqazda nə kimi dəyişikliklər yarana bilər?

- Tam mənada demək olmaz ki, Rusiya müharibənin sonunda məğlub statusuna malik olacaq. Müharibə dayansa və atəşkəs müqaviləsi imzalasa, bu Rusiya mətbuatı tərəfindən taktiki hədəflərin başqa çatdırılması kimi qələmə veriləcək. Faktiki olaraq Rusiya böyük itkilərlə müharibədən çıxsa belə özünü qarşısına qoyduğu məqsədlərə nail ölkə kimi göstərəcək. Bununla bağlı Cənubi Qafqazda böyük geosiyasi və güc balansı səviyyəsində xüsusi bir dəyişikliklər gözləmirəm.

Azərbaycanla bağlı yeganə dəyişiklik o ola bilər ki, Azərbaycanın hərbi müttəfiqi və təhlükəsizliyinin qarantı olan Türkiyə ilə hərbi əməkdaşlıq gücləndirilsin. Ukraynada baş verən hadisələr Azərbaycanı öz hərbi imkanlarını genişləndirməyə sövq edəcək. Təbii ki, bu məqamda Türkiyənin  dəstəyi vacib olacaq.

- Bəs  Qərb nə üçün Cənubi Qafqaz ölkələri ilə nisbətən ehtiyatlı davranaraq tərəf tutmağı tələb etmir?

- Cənubi Qafqazda hazırkı vəziyyət Qərbi tam olaraq qane edir. Düşünürəm ki, müharibədən sonra uzun müddət Qərb Ukrayna və onun dirçəldilməsi ilə məşğul olacaq. Yaxın zamanda Qərbin Cənubi Qafqazı hər hansı bir bloka çəkmək cəhdlərini gözləmək yersizdir. Əksinə olaraq bu dəqiqə Qərbə Cənubi Qafqazda həm Rusiya, həm də onlarla ən azı minimal dialoqu qoruya bilən ölkələrin olması daha sərfəlidir.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO