Şəhid ailəsi və Qazi adından istifadə edən dələduzlarla necə mübarizə aparaq?

Şəhid ailəsi və Qazi adından istifadə edən dələduzlarla necə mübarizə aparaq?

Hazırda oxunan: Şəhid ailəsi və Qazi adından istifadə edən dələduzlarla necə mübarizə aparaq?

66985

Azərbaycan 44 günlük Vətən Savaşında öz qüdrətini bütün dünyaya çatdırdı. Bu qüdrəti sübut edən isə Ali Baş Komandan İlham Əliyevin illərdir apardığı güclü siyasəti və  igid oğullarımızın göstərdiyi şücaət, məğrurluğu oldu. Nəticədə vətən torpağında 3 minə yaxın igidimiz şəhid oldu.

Minlərlə döyüşçümüz isə qazi statusunu qazandı. Onlar həmin şərəfli adları layiqincə daşıyaraq, müqəddəs hesab edilən “Şəhidlik”, “Qazi” adını daha da zirvəyə qaldırdılar.

Cəmiyyət olaraq bu adların qorunmasında xüsusi həssaslığımız da diqqətdən yayınmır. Dövlət tərəfindən də qazi, şəhid ailələrinin problemləri ən əsas da işlə təminat kimi məsələlər həll olunur, onların hər bir probleminin həllinə dəstək göstərilir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda polisə tabe olmayan saxta "qazi" həbs edildi


Bunları görən bəzi dələduzlar isə çox təəssüf ki, saxtakarlıqla bu adlardan istifadə edirlər. İstər dövlət, istərsə digər sahələr olsun bu tip şəxslər özlərinə “Şəhid ailəsindənəm”, “Qaziyəm” deyərək üstə çıxmağa, imtiyazlar əldə etməyə çalışırlar.

İşlə təmin olunmağı, ev və digər tələblər irəli sürürlər. Təbii ki, bu cür rola girmiş dələduzlara inanan, köməklik göstərən şəxslər də az deyil.

Tanınmış Qarabağ qazısı, jurnalist Rey Kərimoğlu Bizim.Media-ya dələduzları həqiqi şəhid ailələri və qazilərdən necə ayırd edə biləcəyimiz barəsində danışıb. Onun sözlərinə görə, bu tip hadisələr 1-ci Qarabağ Müharibəsindən sonra da baş verib:

“Şəhid ailələri və qazilərin adından istifadə edən şəxslər həmişə olub həmçinin indi də tez-tez görürük. Bu yolverilməz bir şeydir. Lakin bizim kimi döyüşlərdə iştirak etmiş, o çətinliyi görmüş veteranlar bu tipli insanları rahatlıqla tanıya, seçə bilir. Elə igidlik göstərən döyüşçülərimiz var ki, heç ağzını açıb bu haqda danışmır, dinmir. Ona görə də diqqətli olmaq lazımdır. 44 günlük Vətən Savaşında iştirak edən hər kəsin məlumatları sistemə vurulub, artıq bu adlardan sui-istifadə etmək istəyən şəxslərin işləri çətinə düşüb”.

Keçmiş döyüşçü həmin şəxslərdən rəsmi sənəd tələb olunmasının vacibliyini diqqətə çatdırıb:

“Kim ki, şəhid ailəsindədir, Qarabağ əlili və ya veteranıdırsa bu faktları təsdiq edən və dövlət tərəfindən təqdim olunan rəsmi sənədlər var.

Söhbət müxtəlif təşkilatların, ictimai birliklərin verdiyi sənəd və vəsiqələrdən getmir. Həmin vəsiqələr etibarsızdır və bir çox dələduzlar da həmin təşkilatların verdiyi vəsiqələr ilə özlərinə haqq qazandırmaq, saxta adla imtiyazlardan istifadə etməyə çalışırlar.
Sözügedən hallarla rastlaşan şəxslər, qurumlar yalnız dövlət tərəfindən verilən sənədi tələb etməlidirlər. Həmçinin hu mövzuda insanları məlumatlandırmaq da lazımdır.”

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO