Politoloq: “Müharibənin başlaması Rusiya üçün arzuolunmaz nəticələr verə bilər”

Politoloq: “Müharibənin başlaması Rusiya üçün arzuolunmaz nəticələr verə bilər”

Hazırda oxunan: Politoloq: “Müharibənin başlaması Rusiya üçün arzuolunmaz nəticələr verə bilər”

6618

“Əslində Azərbaycan rus sülhməramlarının girdiyi 5-ci respublikadır. Daha əvvəl rus sülhməramlıları Moldova, Ukrayna, Gürcüstan və Tacikistana daxil olub. Lakin bu sülhməramlılar BMT TŞ-nın mandatına sahib deyillər. Hətta Ukrayna, Moldova və Gürcüstana razılaşmadan giriblər”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində açıqlayan politoloq Cümşüd Nuriyev əlavə etdi ki, rus sülhməramlıları Qarabağa üçtərəfli bəyanat əsasında daxil olub.

Politoloqun fikrincə mətbuatda bəyanatı saziş kimi qələmə versələr də, ortada heç bir saziş və müqavilə yoxdur. 

“Onlarla nə bir sazişimiz, nə də müqavilə var. Sadəcə Azərbaycan tərəfi müvəqqəti sülhü bərpa etmək üçün razılaşıb. Amma təəssüf ki, Rusiya sülhməramlıları digər ölkələrdə olduğu kimi səlahiyyətlərinə uyğun davranmırlar.

“Azərbaycanda yaranan presedent bir şeyi gündəmə gətirdi ki, Rusiya kimi böyük dövlət mane olsa da, istənilən dövlət öz gücü hesabına ərazi bütövlüyünü bərpa edə bilər” deyən Cümşüd Nuriyev Qarabağ münaqişəsinin həll olunmasının digər konfliktlərə nə kimi təsir edəcəyindən bəhs edərkən əldəqayırma Dnestryanı respublika və Moldovanın ərazi bütövlüyünün bərpasından danışdı:

''Moldova üçün çətin olacaq, çünki orda bir problem var ki, tanınmayan Dnestryanı respublikanın vətəndaşlarına Rusiya pasportu verilib''.

Rusiyanın Dövlət Duması isə bir qanun qəbul edib ki, dünyanın harasında olursa, olsun, hətta sərhədi olmasa belə, vətəndaşlarına görə həmin dövlətlərin ərazisinə müdaxilə edə bilər. Bu da durumu kifayət qədər mürəkkəbləşdirir. Moldovada Qarabağ nümunəsindən istifadə olunub, olunmayacağı gələcəkdə bilinəcək”.

Politoloqun fikrincə, Gürcüstan NATO-nun köməyi ilə Abxaziya və Cənubi Osetiya məsələsində Qarabağ nümunəsindən istifadə edə bilər. Rusiyada savaş ehtimallarından danışan Cümşüd Nuriyev bildirdi ki, Kreml müharibə variantını seçsə, Rusiya birmənalı olaraq dağılacaq. 

''Çünki Rusiya təklənəcək və Moskva bunu anlamalıdır. Rusiyanın dünya müharibəsi aparmaq imkanları çox məhduddur''.

ABŞ-da hakimiyyətə gələnlərin də demokratlar olduğunu nəzərə alaraq bilməliyik ki, onlar hər zaman müharibə təyinatlı olublar. Demokratların daha çox hərbi elitanı dəstəklədiklərinə görə, ABŞ büdcəsinə silah satışının böyük payını anlayaraq Rusiya belə bir riskə getməz. Dünəndən ABŞ-ın müəyyən sualtı qayıqları və başqa hərbi avadanlıqlar Fars körfəzinə girib, Tramp isə, gethagetdə nəsə edəcək. Ən azından Baydenə problem yaratmaq üçün ABŞ İranı vura bilər. İranın vurulması isə, yeni savaşın başlanmasına təkandır”. 

O ki qaldı Qarabağın azad olunması fonunda Ukraynanın Donbas, Luqansk və Krımda yaşadığı problemlərin həllinə: 

“2021-ci ildə Ukrayna bu problemləri həll edəcək. Çünki mövcud məsələnin həlli üçün Ukraynanın hər cür imkanı var. Artıq Türkiyədən PUA-lar alınıb, Ukraynanı dəstəkləyən ABŞ kimi dövlətdə Baydenin hakimiyyətə gəlişi də nəzərə alınmalıdır. Tramp biznesmen, Bayden isə siyasətçidir və o, Amerikanın əvvəlki hegemon statusunu bərpa etmək naminə müəyyən addımlar atacaq. Ən azından Ukraynanın ərazi bütövlüyünü bərpa etmək üçün atacağı addım Ağ Evə böyük hörmət qazandıracaq. Hadisələrin ilin hansı rübündə başlayacağını deyə bilmərəm, amma Kiyev ilk növbədə Donetsk və Luqansk problemlərini həll edəcək ki, daha sonra Krımla bağlı məsələ qaldıra bilsin. Çünki onsuz da dünyada Krımla bağlı Moskvanın problemləri çoxdur”.

Politoloq rusların o vaxt Dağlıq Qarabağı dəstəkləməklə SSRİ-ni dağıtdığını xatırladaraq Kremlin hazırki siyasətinin Rusiyanın parçalanmasına səbəb olacağını da istisna etmədi. 

Anar Rəhimov, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO