Putinin baş sağlığı verdiyi kəşfiyyatçı kimdir?

Putinin baş sağlığı verdiyi kəşfiyyatçı kimdir?

Hazırda oxunan: Putinin baş sağlığı verdiyi kəşfiyyatçı kimdir?

6524

Rusiya prezidenti Vladimir Putin Sovet kəşfiyyatçısı Corc Bleykin ölümü ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.

Bleykin gərgin zəhmətinin Soyuq müharibə illərində strateji bərabərliyin əldə edilməsinə və dünyada sülhün qorunmasına əvəzsiz töhfə verdiyini vurğulayan Putin, "Bu əfsanəvi insanın parlaq xatirəsi qəlbimizdə əbədi qalacaq" deyə qeyd edib.

Atası İngiltərə vətəndaşı Sefarad Yəhudi və anası Hollandiyalı olan Corc Bleyk 11 Noyabr 1922-ci ildə Rotterdamda anadan olub. 1942-ci ildə İngiltərəyə köçən Bleyk İngilis kəşfiyyatı MI6-nın Hollandiya şöbəsinə təyin edilib.

1948-ci ildə Bleyk SSRİ-də Uzaq Şərq, Primorskiy Bölgəsi, Sibir, Mançurya haqqında məlumat toplamaq tapşırığı ilə MI6-nın Seuldakı nümayəndəsi təyin edilir. 1950-ci ildə Seulda işləyərkən Şimali Koreya ordusu tərəfindən ələ keçirilir və 3 il həbsdə qalır.

Bleyk 1951-ci ilin yazında Koreyalı zabit vasitəsi ilə Sovet səfirliyinə mesaj göndərir və xarici kəşfiyyat nümayəndəsi ilə görüşmə tələb edir. Danışıqlar zamanı Bleyk Sovet kəşfiyyatı ilə əməkdaşlıq etməyi təklif edir və İngilis kəşfiyyat xidmətləri haqqında dəyərli məlumatlar ötürməyə razılıq verir.

Bleyk Koreyada atəşkəs razılaşması imzalandıqdan sonra Londona dönür və MI6-nın qərargahında işinə davam edir. Bleyk SSRİ-yə İngiltərə Müharibə Departamentinin kəşfiyyat hesabatlarını, habelə İngilis və Amerikalıların SSRİ-nin hərbi sirlərini bilmə dərəcəsinə dair məlumatları göndərirdi.

Bleykin  məlumatlarına əsasən, Sovet xarici kəşfiyyatı, "təsadüfən" Amerika və İngilis kəşfiyyat xidmətlərinin 1956-cı ildə Berlindəki Sovet ordusunun Almaniya qrupunun rabitə xəttlərinə çıxmaq üçün qazdıqları tuneli tapır və əməliyyat böyük siyasi əks-səda doğurur.

MI6-dakı Sovet agenti haqqında MKİ-yə məlumat verən Polşa kəşfiyyat zabiti Golenevskinin xəyanətindən sonra, Bleyk 1961-ci ildə həbs olunur və 42 il həbs cəzasına məhkum edilir. 4 il həbsxanada yatdıqdan sonra Bleykin qaçışı təşkil edilir. 1965-ci ildə yoldaşlarının köməyi ilə Berlin üzərindən Moskvaya tranzit köçürülən Bleyk o vaxtdan bəri Georgi Ivanovic Behter adı altında yaşayırdı.

Xatırladaq ki, xarici kəşfiyyatda polkovnik rütbəsinə qədər yüksələn Corc Bleyk keçdiyimiz günlərdə 98 yaşında vəfat edib.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO