Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, qanunsuz miqrasiya ilə mübarizə sahəsində fəaliyyətlər davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Dövlət Sərhəd Xidmətinin Mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, yalnız son 5 gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 6 halda 9 əcnəbi və 1 nəfər Azərbaycan Respublikası vətəndaşının saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.
Mart ayının 11-də “İzmir-Bakı” reysi ilə ölkəmizə gələn 2 nəfər İran vətəndaşı 1990-cı il təvəllüdlü Panahkivaj Saeid Hassan və 1980-ci il təvəllüdlü Fallahi Habib Najafın sərhəd naryadına təqdim etdikləri Fransa və Yunanıstana məxsus pasportların həqiqiliyi şübhə doğurduğundan, əsaslı yoxlama zamanı pasportların saxtalaşdırılması müəyyən edilib.
12 mart tarixində Türkiyə vətəndaşı 2000-ci il təvəllüdlü Demirkıran Çekdar “İzmir-Bakı” reysi ilə qanuni sənədlərlə Azərbaycan Respublikasına gəlib tranzitlə “Bakı-London” istiqamətində uçub gedərkən Türkiyə Respublikasının pasportu ilə yanaşı, təqdim etdiyi Böyük Britaniya yaşayış kartının saxta olması aşkarlanıb.
Həmin gün Bakı-London reysinin rəsmiləşdirilməsi zamanı İran vətəndaşı 1996-cı il təvəllüdlü Natoori Saranın pasport nəzarətinə təqdim etdiyi Böyük Britaniya pasportunun həqiqiliyi şübhə doğurmuş, səyahət sənədinin əsaslı yoxlanılması zamanı pasportun saxtalaşdırılması müəyyənləşdirilib.
Martın 14-də “Doha-Bakı” reysi ilə ölkəmizə gələn 5 nəfər əslən Yəmən vətəndaşları - 1981-ci il təvəllüdlü Al Baiti Ali Hasan Ali, 1983-cü il təvəllüdlü Al Kumaim Reem Al Sharif Mohammed Ali, 2010-cu il təvəllüdlü Al Baiti Tamer Ahmed Hasan, 2013-cü il təvəllüdlü Al Baiti Yazan Ahmed Hasan və 2016-cı il təvəllüdlü Al Baiti Rawan Ahmed Hasanın Malaziya pasportlarının saxtalaşdırılması aşkarlanıb.
Martın 15-də “Bakı-İstanbul-Nyu-York” reysinin rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikasının vətəndaşı 1998-ci il təvəllüdlü Səidi Vüqar Nicat oğlunun ABŞ vizasının saxtalaşdırılmış olması müəyyənləşdirilib. Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.
Bizim.Media