Azərbaycanın ən böyük çayı və ölkənin əsas su mənbəyi sayılan Kür çayında suyun səviyyəsi kəskin azalıb.
Bu barədə Aran bölgəsinin sakinləri həyəcan təbili çalır. Dediklərinə görə, Kür çayının səviyyəsi o qədər aşağı düşüb ki, çayda şirin su ehtiyatı tükənir və Xəzərdən çaya axan duzlu su bu ərazilərdə içməli su problemi yaradıb. Ümumiyyətlə bu məsələ 10 ildən çoxdur ki, aktuallaşıb.
Təbii ki, Kür çayının qurumasında təbiətin də bilavasitə rolu danılmazdır. Yağış suyu və qar azaldığından, ekoloji tarazlıq pozulub. Amma ekoloqlar aidiyyəti qurumların digər qabaqlayıcı tədbirlər atılmadığından da şikayətçidirlər.
MÖVZU İLƏ BAĞLI:
Kür çayının Sabirabaddan keçən hissəsindəki körpü bərpa olunacaq – FOTO
AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, təkcə bu problem Kürün özü ilə deyil, həm də insanlarla bağlıdır:
“Kürün üstündə təkcə respublikamızda 5-6 nəhəng su anbarı tikilib. Onların həcmi 30-35 milyard tona bərabərdir. İkincisi əhalinin artım məsələsi və qənatin olmaması rol oynayır. Bundan əlavə yağıntılar da azdır və bu, periodik bir haldır. Eradan əvvəl və Peyğəmbərin dövründə də deyirdilər ki, filan vaxtı quraqlıq oldu. Bu il də yağış və qar azalıb. Nəticədə bütün bu kompleks tədbirlər Kür çayını məhv etdi”.
Ekoloq vəziyyətdən çıxış yolunu belə izah edib:
“Eradan əvvəl quraşdırılan suvarma sistemlərini ləğv etmək və inkişaf etmiş ölkələrin müasir tipli texnikalarını ölkəyə gətirməklə, yağıntının azlığından, çoxluğundan asılı olmayaraq quraşdırmaqdır. Bununla yanaşı Azərbaycanda kənd təsərrüfatına barmaqarası yanaşılır. Nəticədə isə ümumdaxili məhsulda balıqçılıqla yanaşı kənd təsərrüfatı 0,4 faiz yer tutur. Hansı ki, vaxtilə Azərbaycanın kənd təsərrüfatı ən yüksək inkişaf etmiş səviyyədə olub. Bir sözlə suvarma sistemləri yenilənməsə, problemlərimiz çox olacaq”.
Ənvər Əliyevin sözlərinə görə su anbarlarına yığılan sular çoxdur və onun enerjisini alıb satırıq:
“Əslində su anbarları tikiləndə su tənzimləyici də rol oynayır, təkcə enerji alınmır. Bu baxımdan bu məsələdə də müəyyən manevrlər etmək vacibdir.
Hesab edirəm ki, aldığımız enerjinin bir hissəsini Günəş enerjisindən alsaq daha yaxşı olar. Çünki Kür çayı keçən ərazi Azərbaycanın yarımsəhra və quruçol ərazisidir. Günəş radiasiyası orada çox yüksəkdir. Zavodlar tikilməli və paneli qurulmalıdır. Çoxdan Günəş enerjisinə keçməyin vaxtıdır. Müxtəlif bəyanatlar var, amma nəticə yerində qalır”.
Mövzunu davam etdirəcəyik.
Alçina Amilqızı, Bizim.Media