Sosial şəbəkələrdə Masallı rayonunun Xırmandalı kəndində yaşayan qazi Namiq Yaqubovun evinin görüntüləri yayılıb. Şəkillərə baxanda insanın doğrudan da inanmağı gəlmir ki, müasir dövrümüzdə belə şəraitdə yaşayanlar var.
Ağrılı olsa da Bizim.Media qazinin özü ilə əlaqə saxlayıb:
“Bilirsiniz bu şəkli kim yayıb bilmirəm, bəli, mən o evdə yaşayıram. İmkanım budur. Amma buna görə ağlayıb, sızlayan adamlardan heç xoşum gəlmir. Özüm hərbiyə getməmişdən öncə usta işləyirdim. İmkan olan kimi evimi də təmir edəcəkdim”.
Amma indi qazimizin o imkanı nə vaxt olacaq bilinmir, indi onun qayğıya, normal şəraitdə yaşayacağı evə ehtiyacı var. Çünki ağır yaraları var.
Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Son döyüşü Qubadlının azadlığı uğrunda olub:
“Noyabr ayının 8-də qarın boşluğumdan yaralandım. Müalicəm üçün maraqlanan insanlar olub. Bu günə kimi iki dəfə əməliyyat olunmuşam. Yanvarın 3-də bir də əməliyyata girəcəm, həkimlər yaxşı olacaq deyirlər”.
Namiq Yaqubov maddi vəziyyətinin son dərəcə pis olmasına baxmayaraq, deyir ki, insanların min cür dərdi var. Bir də ki, gördüyün işə görə kiməsə minnət qoymamalısan:
“Bu, mənim Vətənə borcum idi. Nəyəsə görə gedib döyüşməmişəm. Yenə çağırsalar, yenə gedərəm. Vətən qüruruma kiminsə minnət qoymağını istəmərəm”.
Əslində belə igid, mərd bir qazimizin qarşısında məsuliyyətimiz daha da artır. Çünki belə kişilər gələcəyə də, elə bu günə də örnəkdilər. İnanırıq ki, yerli icra orqanları, Masallı rayonunun rəhbərliyi qazimizlə maraqlanacaq, onun qüruruna xələl gətirmədən dəstək olacaqlar.
Məsələni diqqətdə saxlayacağıq.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:14 / 24.12.2020
“Vətən qüruruma kiminsə minnət qoymağını istəmərəm” – QARABAĞ QAZİSİ
Hazırda oxunan: “Vətən qüruruma kiminsə minnət qoymağını istəmərəm” – QARABAĞ QAZİSİ
Hazırda oxunan: “Vətən qüruruma kiminsə minnət qoymağını istəmərəm” – QARABAĞ QAZİSİ
6226
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.