Bakıda daha bir xanım sərnişin taksi sürücüsü tərəfindən qısnamaya məruz qalıb.
Bu barədə Bizim.Media-ya 18 yaşlı Bakı sakini Aynur Nəzərova (ad, soyad şərtidir) məlumat verib. Onun sözlərinə görə ötən gecə saat 24:00 radələrində işdən evə qayıdarkən 20 yanvar ərazisində Sumqayıta getmək üçün taksilərdən birinə əyləşib.
Mercedes markalı “90-SS-720” dövlət nişanlı maşının sürücüsü Röyal Teymur oğlu Həsənov başqa sərnişin götürmədən avtomobili sürüb və xanıma "gedək şəhəri gəzək", sonra səni evə apararam” deyib.
MÖVZU İLƏ BAĞLI:
Taksi sürücüsü Bakıda 3 məktəbli qıza seksual hərəkətlər etdi
Xanım sərnişin sürücüyə maşını saxlamasını tələb etsə də, o, buna məhəl qoymayıb.
Qız sürücünün maşını saxlamadığını görüb qapını açıb. Bu dəfə taksi sürücüsü onun qolundan tutaraq sıxıb. Daha sonra arxa nahiyəsinə əl atıb. Xanım nəhayət ki, maşından düşə bilib və dərhal avtomobilin nömrəsini özündə qeyd edərək, Yasamal Rayon 29-cu Polis bölməsinə yaxınlaşıb:
“Parfümeriya şirkətlərindən birində çalışıram. İş saatım gecə 11-də bitir. Sumqayıta getmək üçün taksiyə əyləşdim. Elə bildim Sumqayıt taksilərindədir. Sən demə Sabirabada gedir. Hadisədən sonra fərqinə vardım”.
Polis bölməsində qadın sərnişinin baş verənlərlə bağlı izahatı alınıb və sürücü barədə məlumatlar axtarılıb. Məlum olub ki, xanıma qeyri-etik hərəkətlər edən və onu qısnamaya məruz qoyan sürücü Sabirabad sakini Röyal Teymur oğlu Həsənovdur.
Xanım sərnişin taksi sürücüsünün cəzalandırılmasını tələb edir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev araşdırma getdiyini və ictimaiyyətə məlumat veriləcəyini deyib.
Alçina Amilqızı, Bizim.Media