Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyasının Məşvərət Şurası erməni faşist Qaregin Njdeyə haqq qazandırmağa çalışan Rusiya Erməniləri İttifaqının (REİ) prezidenti Ara Abramyanı kəskin şəkildə pisləyib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya qurumdan bildirilib.
“REİ prezidenti ictimai rəyi manipulyasiya edərək Njdeyə haqq qazandırır və onu parlaq şəxsiyyət adlandırır.
O, həmçinin göstərir ki, “Qaregin Njde” bədii filmi Rusiya Federasiyası ərazisində nümayişi qadağan olunmuş filmlər siyahısına daxil edilməyib. Biz faşizmin hər hansı formada, o cümlədən faşist silahdaşlarına həsr olunmuş bədii filmin nümayişi, ədəbiyyatın nəşri, abidələrin ucaldılması və s. vasitəsilə tərənnüm edilməsini yolverilməz hesab edirik”, - bəyanatda deyilir.
Müraciət müəllifləri qeyd edirlər ki, “Qaregin Njde” bədii filminin nümayişi həlak olanların və Böyük Vətən müharibəsi dəhşətlərini yaşayanların xatirəsinə təhqirdən başqa bir şey deyil.
“A.Abrahamyanın bəyanatından sonra mediada və sosial şəbəkələrdə qızğın müzakirələr aparılıb. Onun “Ölkəmizin qanunları çərçivəsində hərəkət edirik və başqalarından da bunu tələb edirik” sözləri çaşdırır. Maraqlıdır, o, hansı qanunları, hansı dövləti nəzərdə tutur?
Xatırladırıq ki, Rusiya Federasiyasında “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Sovet xalqının Qələbəsinin əbədiləşdirilməsi haqqında” 19 may 1995-ci il tarixli FZ-80 Federal Qanunu qüvvədədir.
Bu qanunun 6-cı maddəsi xüsusi olaraq faşizmin təzahürlərinə qarşı mübarizədən bəhs edir.
Bundan əlavə, 2021-ci il dekabrın 17-də BMT Baş Assambleyası səs çoxluğu ilə nasizm və irqçiliyin tərənnüm edilməsini pisləyən Rusiya qətnamə layihəsini qəbul edib”, - deyə məlumatda bildirilir.
Bizim.Media