Cəfər Cabbarlının ev muzeyi niyə bağlı saxlanılır? – Xızıdan REPORTAJ

Cəfər Cabbarlının ev muzeyi niyə bağlı saxlanılır? – Xızıdan REPORTAJ

Hazırda oxunan: Cəfər Cabbarlının ev muzeyi niyə bağlı saxlanılır? – Xızıdan REPORTAJ

57118

“Ay Sonası, çay gətir mənimçün, 
Qələndərəm, pay gətir mənimçün. 
Bağ yeridir, qəndi çox işlətmərəm, 
İstəyirsən, say gətir mənimçün”. 

Bu misralar ölməz dramaturqumuz və ədibimiz Cəfər Cabbarlının məşhur şerindədir. Sevimli Sonasına xitabən yazdığı bu şeir ədəbiyyat həvəskarlarına həyat yoldaşı Sona Cabbarlının xatirələrindən yaxşı məlumdur.

Azərbaycan ədəbiyyatına "Oqtay Eloğlu", "Almaz", “Sevil", "Solğun çiçəklər", “1905-ci ildə” və bu kimi çox qiymətli incilər bəxş etmiş sadə kəndli ailəsinin yetirməsi olan Cəfər Cabbarlı öz əsərlərini o dövrə məxsus sadə qələmini mürəkkəbqabına batıraraq yazıb. Cəfər zehnini yazılara köçürən bu qələm və mürəkkəbqabı indi Cabbarlının Xızıdakı evmuzeyininin qiymətli eksponatıdır. 

Bu barədə muzeyin direktoru Həcər Rəsulova Bizim.Media-ya danışıb.

Onun məlumatına görə, ölməz ədibin bu qəbilli şəxsi əşyaları onun anadan olduğu evdəki muzeyində çox ciddiliklə qorunur.

"Bu qələmə və mürəkkəbqabına toxunanda adamı qəribə hisslər bürüyür. O dövrün neqativlərini və mənfi tiplərini kağıza köçürən ədibin yaradıcılığınının bir anını yaşayır adam sanki".

Həcər Rəsulova deyir ki, Cabbarlının ev muzeyində anası Şahbikə xanımın evdə işlətdiyi mis qazanlar samovar dəmkeşləri, xalça və palazlar da qiymətli eksponat kimi qorunur və muzeyə gələn ziyarətçilərin çox marağına səbəb olur.

C.Cabbarlı özünün bir çox əsərlərini Xızıdakı ata evi təmirsiz olduğundan yay aylarında Şurabad bağlarında dincələrkən qələmə alıb.

Çay içməyi çox sevən Cəfər elə sevimli Sonasına "Çay gətir, mənimçün" misraları ilə başlayan məşhur şeirini də zarafatyana Şurabad bağında yazıb.

Xızıda C.Cabbarlının evmuzeyi ədibin ömür-gün yoldaşı Sona xanım Cabbarlının təşəbbüsülə 1956-1958-ci illərdə yaradılıb: 

"Cabbarlı bu evdə doğulub, iki yaşında atası Qafarın ağır xəstəliyi səbəbi ilə ailə bibisi Zərnişanın himayəsində Bakının "Dağlı məhəlləsi"nə köçüb”. 

Uzun illər bərpa edilməyən Cabbarlı muzeyinin binası 1999-cu ildə BMT-nin nümayəndəsi Elcan Muratın təşəbbüsü ilə əsaslı bərpa edilib. Həmin il Azərbaycan Prezidenti Heydər Əliyevin tapşırığı ilə Xızıda C.Cabbarlının möhtəşəm abidəsi ucaldılıb. 

Hazırda Cabbarlının Xızıdakı ev muzeyində böyük ədiblə bağlı 564 ədəd eksponat qorunur. Həcər Rəsulova onu da qeyd edib ki, muzeyin ilk direktoru Cəfərin yaxın qohumu Balaxanım Məmmədova olub. O, 1956-1994-cü iĺlərdə Cabbarlı yadigarlarını qoruyub saxlamaqla məşğul olub. Maraqlısı oldur ki, indi muzeyin hazırki bələdçisi Rəsmiyyə Kərimova muzeyin ilk direktoru Balaxanım Məmmədovanın nəvəsinin həyat yoldaşıdır.

Amma təəssüflə qeyd edək ki, 2019-cu ildə əsaslı təmirə bağlanmış C.Cabbarlının evmuzeyi ziyarətçilərin üzünə bağlıdır.

Muzeydə təmir jşləri yekunlaşsa da bədii tərtibat işlərinin başa çatdırılmaması səbəbindən Xızıya gəlib Cabbarlı evilə tanış olmaq istəyən turistlər muzeyə daxil ola bilmirlər. Necə deyərlər, qapısı bağlı olmasa da ziyarətçiləri qəbul etməyə hazır deyil. 
 

Ümid edək ki, Mədəniyyət nazirliyi C.Cabbarlı muzeyinin  tamaşacı həsrətinə son qoyulması üçün bədii tərtibat işlərini başa çatdırıb muzeyin rəsmi istifadəyə verilməsi işlərini sürətləndirəcək.


Mədəniyyət nazirliyinə məsələ ilə bağı sualımız olacaq, bizi izləyin. 

Aytəkin Alxaslı, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO