Elton Məmmədov Ramiz Mehdiyev haqqında: “AMEA-nı ailə biznesinə çevirib” – EKSKLÜZİV MÜSAHİBƏ

Elton Məmmədov Ramiz Mehdiyev haqqında: “AMEA-nı ailə biznesinə çevirib” – EKSKLÜZİV MÜSAHİBƏ

Hazırda oxunan: Elton Məmmədov Ramiz Mehdiyev haqqında: “AMEA-nı ailə biznesinə çevirib” – EKSKLÜZİV MÜSAHİBƏ

57016

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbər strukturunda baş verən gərginlik və çəkişmələr bitmir. AMEA-nın Tarix İnstitutunun rəhbəri Kərim Şükürovun Akademiya prezidenti Ramiz Mehdiyevlə çəkişməsi bir vaxtlar elmi ocaqdan kənarlaşdırılan və 10 aydan çoxdur məhkəmə qalmaqalı ilə üz-üzə qalan AMEA-nın işlər idarəsinin sabiq müdiri Elton Məmmədovun məsələsini də gündəmə gətirib.

Professor Elton Məmmədovun Bizim.Media-ya özəl müsahibəsini təqdim edirik: 

- Elton müəllim, AMEA-da nə baş verir? Elm ocağı niyə gərginlik və çəkişmə ocağına çevrilib? 

- İnsanlar xidməti vəzifələrini Əmək Məcəlləsi və Əmək müqaviləsinə uyğun olmayan şəkildə icra edən yerdə dedi-qodu olar. Bu gün AMEA-da 90 faiz əməkdaş sadəcə olaraq Əmək müqaviləsinə deyil, iş vaxtına uyğun gedib-gəlməklə məşğuldur. Heç biri görəcəyi işlə məşğul olmur. AMEA-nın çox ölkələrlə əməkdaşlıq etdiyi müqavilələri var. Dövlət o müqavilələrdən irəli gələn birgə elmi tədqiqatın ortaya qoyulması, çoxsaylı alimlərin tamamlanmamış elmi məsələləri üçün Avropaya kifayət qədər vəsait verir.
 

MÖVZU İLƏ BAĞLI:

Mehdiyev və Məmmədov arasında qalmaqal yeni dövrə qədəm qoydu


O vəsait isə təyinatı üzrə yox, şəxsi adamların maraqlarına sərf olunur. Mən bunları AMEA-da işlər idarəsinin rəhbəri vəzifəsində işlədiyim dövrdə aydınlaşdırmışam və hamısı Hesablama Palatasının öz aktında əksini tapıb. Bu özbaşınalıqların qarşısını almaq istəyən Elton Məmmədov kimi Azərbaycan ziyalısını, elmlər doktoru və professorunu uzaqlaşdırıb, kənara qoymaq nə deməkdir? Özbaşınalıqlar, yeyintilər, yersiz  köçürmələr, Yüksək Texnalogiyalar Parkının içərisində ofşor zona kimi dövlət vəsaitinin verilərək oradan silinməsi kimi məsələləri ortaya çıxarıb vicdanlı əməkdaş kimi rəhbərə məruzə etdim ki, bu işlər olub amma olmamaldır.

Adını akademik qoyan Ramiz Mehdiyevin bu gün Rəyasət Heyətinin üzvlərinə, idarə və təşkilat rəhbərlərinə, elmi konsepsiyaya söykənən konkret mövqe ortaya qoya bilməməsi səriştəsiz idarəetmə sistemi deməkdir. Səriştəsizlikdən ortaya çıxan məsələlər isə dedi-qodulara, institut rəhbərlərinin birbaşa narazılığına gətirib çıxaracaq ki, bu da Azərbaycan ictimaiyyətinin bu gün üzləşdiyi faktlardır. Özüm məruz qaldığım üçün bunlar hamısı həqiqəti özündə əks etdirir. 

- Dedi-qodu, şəxsi maraqlar deyəndə nəyi nəzərdə tutursunuz? 

- Ramiz Mehdiyevin ətrafında olan akademiklərdən tutmuş idarə və şöbə rəislərinə kimi hamısı ona diktə etməklə məşğuldur. Kamal Əliyevin rəhbərlik etdiyi Hüquq şöbəsinin fəaliyyəti ancaq çəkişmələrdən, dedi-qodulardan və Akademiyanın qrupundakı yazışmalardan  ibarətdir. Ramiz Mehdiyev erməni baldızının oğlunu AMEA-da vəzifəyə qoyub. Gündə işi-peşəsi qəzetdən qayçı ilə dedi-qoduları kəsməkdir.

Üstəlik Rəyasət Heyətində oradan-buradan qovulmuş yaxın adamlarını və qohum-əqrəbalarını oturdub. Bu gün həmin qohum-əqrəba Ramiz Mehdiyevə “pas” ötürür. Çünki o, özü-özünü idarə edə bilmir, öz fikrinin daşıyıcısı və icraçısı deyil. O zamanlar AMEA-da Rasim Ağasiyev var idi. Hansı ki, zamanında Ramiz Mehdiyevin pasport və qeydiyyat şöbəsində işləyən qaynı Levan Qurskaya Yuriyeviçlə birləşib birbaşa ermənilərin Azərbaycan və rus adı ilə Azərbaycandan köçməsinə xidmət ediblər.

AMEA-da elə insanlar var ki, səsini çıxara bilmir. İxtisası üzrə uzun müddət Mərkəzi kitabxanada fəaliyyət göstərən gənc xanımı da həqiqəti dediyi üçün təhvil və təslim aktına imza atmadığı üçün sıxışdırırlar. Hansı ki, özündə dövlətin böyük tarixini və sirrini əks etdirən 1 milyondan çox kitab,  eləcə də bütün sənədlər dövlət fondundan yoxa çıxıb.

Ölkənin ideologiyasına kim rəhbərlik edir? Fatma Abdullazadənin nəzarəti və İsa Həbibbəylinin kurasiyası ilə Ramiz Mehdiyev! Ramiz Mehdiyev düşüncə tərzi ilə bu gün oranı idarə edə bilmir.

Tək patent almaq hələ elmin inkişafı demək deyil. AMEA elm ocağı ilə yanaşı həm də böyük təsərrüfatdır. Mən Yüksək Texnologiyalar Parkının ərazisində 800 kvadratmetrlik elmi tədqiqatların sonu olaraq tətbiq sahəsi yaratmışdım. 

- AMEA-dan konkret olaraq niyə kənarlaşdırıldınız? 

- O vaxtı da Ramiz Mehdiyevin təzyiqi ilə işdən çıxanda ölkə rəhbərinə ərizəmdə yazmışdım ki, AMEA-da olan ziddiyyətlər, qeyri-sağlam mühit, ölkə rəhbərinin siyasətinə zidd addımlar məni burada milli ideologiyaya xidmət etməyə maneçilik törədir. Nə oldu, professor Kərim Şükürov ora müraciət edən kimi Rəyasət Heyəti dərhal müşavirə keçirdi və toplandı. Ərizəsinin tərkib hissəsi araşdırıldı. Amma Elton Məmmədov ərizə ilə müraciət edəndə və tərkibində də məhz səbəbləri göstərdiyi halda heç nə araşdırılmadı. Akademiyada ilk addımı mən atmışam. Rəyasət Heyətində kəskin ziyalı və vətəndaş mövqeyimi ortaya qoydum. Akademiyanın tamamilə başqa bir şeylə məşğul olduğunu, çəkişmələrin kənarda qalmasını və İnstitutlarda sağlamlaşma getməsini tələb etdim. Elm milliləşə bilməz. Bu gün AMEA-nın dövlət başçısının müəyyənləşdirdiyi prioritetlərdə və yaxud hansısa sahələrdə əməli, elmi tərkibi yoxdursa, Akademiyanın özünü hansı fəaliyyət növü kimi müəyyənləşdirməsi məlumdur. 

- Ramiz Mehdiyevlə məhkəmə işiniz nə yerdədir?

- AMEA-nın maraqlarını məhkəmədə Kamal Əliyev təmsil edir. Hansı ki,  bu gün AMEA-nın Hüquq və kadrlar şöbəsinin müdiri, eləcə də keçmiş “Tərtər” hadisələrində Azərbaycan xalqının zabitlərinin və əsgərlərinin başına oyunlar gətirən, ədalətsiz qərarlar qəbul edən Bakı Hərbi məhkəməsinin hakimidir.
 

MÖVZU İLƏ BAĞLI:

Ramiz Mehdiyev Elton Məmmədovu işdən niyə çıxarıb? — TƏFƏRRÜAT


Ötən il aprelin 13-də Rəyasət Heyətinin iclasında çıxış edib, ərizəmi təqdim etmişəm. Rəyasət Heyətinin iclasında heç bir akademik və ya üzv işdən getməyimə, yaxud ərizəmdə qeyd olunan fikrə münasibət bildirmədən haqqımda qərar qəbul edib. Aprelin 13-də ərizə yaza-yaza, ayın 12-də Ramiz Mehdiyev məni işdən azad edir. Axı canlı Rəyasət Heyətinin iclasıdır. İclasdan məhkəməyə vəsadət qaldırdım və həmin səsyazısını tədqim etdim. Kamal Əliyev Ramiz Mehdiyevlə məsləhətləşəndən sonra deyir ki, gizli səsyazısıdır. Gizli səsi agentura yazır,  heç bir gizli səs yazmamışam.

Kamal Əliyevə mənə təzyiq olunduğunu və məhkəməni yalnış istiqamətə yönəltmə deyə bildirdim. Sonuncu məhkəmədə mənə deyir ki, o, texniki səhvdir. Halbuki bir texniki səhv ucbatından insan məhkumluq həyatı yaşaya bilməz. Beləliklə haqlarıma istinad olunaraq işə bərpa olundum. Dövlətdən məvacib və məzuniyyət haqqı alaraq, aprel ayında 56 gün məzuniyyətdə olmuşam.

İyun ayının 24-də gəlib öz ərizəmlə işdən kənarlaşmalı idim. May ayında Əmək müqaviləmə xitam verilib. Yenə Kamal Əliyevə sual verirəm ki, əgər may ayında işdən çıxmışamsa, dövlət iyunun 24-nə kimi mənə necə maaş verə bilər? Cavab yoxdur... Səbail Rayon Məhkəməsi yenə də dekabr ayında ədalətli qərar verdi və vəzifəmə bərpa olunmalı idim.

Son 7 gün ərzində yenidən məni Apelyasiya Məhkəməsinə veriblər. İndi fevralın 15-də apelyasiya məhkəməsidir. Nə oldu, Hüquq şöbəsinin müdiri Kamal Əliyev mənlə bağlı, AMEA-nın vitse-prezidenti İsa Həbibəyli də “Hörümçək” məsələsini texniki səhv kimi dəyərləndirir.

Texniki səvdirsə, bu sahədən çıx, səhv etməyənlər qoy gəlib idarə etsin. Bir insanın texniki səhvindən bütün elm ictimaiyyəti əziyyət çəkir. Elə bir şey olarmı?  Akademik bir yerdə işləməlidir. İsa Həbibəyli həm millət vəkili, həm Ədəbiyyat İnstitutunun direktoru, həm də AMEA-nın vitse-prezidenti kimi maaş alır.

Bu qədər şeymi olar? Dəfələrlə bu məsələni qaldırdım. Hesablama Palatası büdcə sərfiyyatını yoxlayanda iradlar tutur. Mən pis adam oldum. Halbuki dövlət vəsaitini qəpiyinə kimi qorumuşam ki, təyinatı üzrə getsin. Akademik bir yerdə işləməlidir ki, elmə yönəlsin.

Bir deputat digər bir yerdə inzibati vəzifə daşıya bilər? Bunları deyəndə niyə sağlam qəbul etmirlər? 

- Apelyasiya Məhkəməsində qərar sizin xeyrinizə çıxarılmasa, hansı addımları atacaqsınız? 

- Vətəndaş hüququ olaraq təbii ki, növbəti məhkəmə prosesinə müraciət edəcəyəm və tam prosedur qaydalarına uyğun olaraq Ali Məhkəməyə və Konstitusiya məhkəməsinə, sonra isə Avropa məhkəməsinə çıxacağam. Burada tək Azərbaycan professorunun hüququ pozulmur, ictimaiyyəti yalnış istiqamətə aparan proseslər gedir. Ölkə rəhbərinin siyasətinə zidd addımlar atılır. Bu gün AMEA-da baş verən proseslər Azərbaycan milləti ilə bağlıdır. Biz bu yad əllərdən və bədnam fikirlərdən qurduğumuz demokratik cəmiyyəti xilas etməliyik.

Ölkə rəhbərinin siyasətinə dəstək verməliyik. Nə qədər ki, Akademiyada Ramiz Mehdiyevin kürəkəninin qardaşı Fikrət Əliyev (mənim yerimdə olduğuna görə demirəm, səmimiyyətimə inanın) işlər idarəsinin müdiri vəzifəsini icra edir, onun da yaxın dostu cinayətkar Kamal Əliyevdirsə, AMEA-da çəkişmələr bitməyəcək.

Tərtər hadisələrinin araşdırması gedir və inşallah Kamal Əliyev də öz cəzasını alacaq. Onların birbaşa Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə gətirib çatdırdığı xəbərlər, onun da qızına, arvadına deməyi ailə münaqişəsidir. Ramiz Mehdiyevin şəxsən özünə də demişəm ki,  bizi buradan uzaqlaşdırmaqla, qətiyyətiniz ailə biznesi qurmaqdır.

Latın qrafikasına keçidlə bağlı 10 milyona yaxın dövlət vəsaitinin heç bir alqı-satqı olmadan silinməsi ölkə rəhbərinə, müqqəddəs pula xəyanət deyilsə, nədir? Dövlət təşkilatından alınan maşınları şəxsi ailəsinin istismarına vermək, bir yox, iki yox, üç yox, bunlar nə deməkdir? Guya mən kiminsə qardaşına görə siyasi repressiyaya məruz qalmışam. Ölkədə siyasi repressiya var?

Haqq-ədalət yerini tapmalıdır. Hər ailədə və kollektivdə söz-söhbətin olması mümkündür. Amma yaxşı rəhbər çağırıb o sahədə olan problemi birbaşa özünə deyir və tapşırıq verir ki, həmin sahəni istiqamətləndirsin. Daha belə münaqişəyə çevirmir. Ramiz Mehdiyevə və ya kiminsə şəxsinə ziddiyətim yoxdur.

Mən ədalətsizliyə, haqsızlığa və qüruruma qarşı mübarizə aparıram. Ölkənin sıravi vətəndaşından tutmuş generalına kimi heç kim vətəndaşın qüruru ilə oynaya bilməz.  

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO