Səhiyyə Nazirliyi dərman işinə baxmır... EVDƏ QAL, EVDƏ ÖL?

Səhiyyə Nazirliyi dərman işinə baxmır... EVDƏ QAL, EVDƏ ÖL?

Hazırda oxunan: Səhiyyə Nazirliyi dərman işinə baxmır... EVDƏ QAL, EVDƏ ÖL?

5654

Səhiyyə Nazirliyi koronavirus xəstəliyinə yoluxan şəxslərə virus əleyhinə dərman preparatı vermir.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik evdə müalicə olunan xəstələrə yalnız vitaminlər verir. (Necə və harda?) Çünki, evdə müalicə olunanların simptomları yüngül olur. 

Nazirlik tərəfindən verilən dərmanlar isə bunlardır: Vitamin C, vitamin D, maqnezium, selen, sink və hərarət salmaq üçün parasetamol.

Nazirlikdən bildirilir ki, sahə poliklinikaları tərəfindən yalnız ilkin mərhələdə az simptomlu insanların hamısına həmin dərman kompleksi verilir: 

“Biz koronavirusun müalicəsi üçün lazım olan və olmayan bütün dərmanları vermirik. Kompleks vitaminlər ona görə verilir ki, insanlar az simptomlu, yüngül gedişatlı xəstəlik zamanı yalnız vitamin kompleksi və hərarəti salmaqla fəsad olmadan yaxşı nəticə əldə etsin”.

Bəs evdən çıxa bilməyən  xəstələr nə etməlidir? sualına cavab olaraq bildirirlər ki, evdə müalicə olunma ilə bağlı əvvəlki qərar davam edir. Əgər bir xəstədə ağırlaşma olubsa, ona hansısa daha ağır müalicə lazımdırsa, bu, o deməkdir ki, həmin xəstə stasionara getməlidir. Yox, əgər bir ailənin bir neçə üzvü virusa yoluxubsa və xəstəliyi yüngül simptomlarla keçirirsə, hər birinə evdə müalicə üçün lazım olan dərmanlar verilir. Bunun üçün sahə poliklinikası ilə əlaqə saxlanılmalıdır.

TƏBİB-dən isə bildirirlər ki, koronavirusa yoluxan xəstələr barəsində  "Evdə müşahidə edilməyə dair iltizam" sənədi mövcuddur. O sənədə əsasən evdə müalicəyə cəlb olunan koronaviruslu xəstələrə evi tərk etmək və ziyarətçi qəbulu  qəti qadağandır. Bu prosesə xüsusi mobil tətbiq vasitəsilə nəzarət edilir. Xəstə cihazına mobil tətbiqi mütləq qaydada yükləməlidir. Tibbi məsləhətə ehtiyac yarandığı təqdirdə ailə və ya  sahə həkiminə müraciət etməlidirlər. Şəxsi ehtiyac yarandıqda isə yaxınlarından kömək almalıdırlar. (Yaxını yoxdursa, ya gəlmirsə?)

Göründüyü kimi, heç nə aydın deyil. Sahə poliklinikaları o biri tərəfdən deyir ki, bizə dərman verilmir. Apteklərdə dərman ya tapılmır, ya da od bahasına altdan satılır. Təcili yardım çağırırsan gəlmir, xəstəxanalara tanışlıqla düşmək mümkündür. Bu vəziyyəti necə başa düşək?

Onda biz pandemiya ilə mübarizəni ancaq cərimələrdə görürüksə, belə çıxır ki, “Evdə qal, evdə öl” prinsipi ilə yaşamalıyıq.

Həkim professor Adil Qeybulla da səhiyyə sistemində olan boşluqlardan və biganəlikdən narahatdır.

- Dərman  çatışmazlığı, xəstəni nəzarətsiz buraxmaq kimi hallar hamısı səhiyyədə vahid rəhbərliyin olmamasından qaynaqlanır. İstənilən halda bir Operativ Qərargah yaradıldı. Amma bu qərargahın da işi göz önündədir. Azərbaycanda səhiyyə sistemi çöküb. Biz deməklə heç nə həll olunmur. Neçə müddətdir deyirik, təkliflər vermişik, yollar göstərmişik. Amma nə fayda, ictimai fikrə önəm verən yoxdur.

Ekspert Adil Qeybulla onu da söyləyir ki, koronavirusa yoluxmuş yüngül simptomlu və simptomsuz xəstələrin evdə özbaşına müalicə alması doğru deyil. Koronavirusun fəsadları və əlamətləri hər kəsdə fərqli ola bilər. Belə xəstələr evdə müalicə alsalar da, mütləq həkim nəzarətində olmalı, həkimin resepti əsasında dərman almalıdırlar:

- Biz təklif etmişdik ki, sahə  poliklinika həkimlərinə xüsusi əmək haqqı ayrılsın, xəstələri virtual izləmə sistemi qurulsun. Yəni, nəzarətsiz olmasınlar. Hər xəstəyə  fərdi şəkildə yanaşılmalıdır. Bir koronavirus xəstəsi bu dərmanı qəbul edirsə, mən də həmin preparatları qəbul edim, deməyin. Pis nəticələr ola bilər. Dərman qəbulunda doza həddi var. Hərarət üçün istifadə edilən dərmanları da dozadan artıq qəbul etmək olmaz. Mən bir həkim kimi koronavirus xəstələrinin evdə nəzarətsiz  müalicəsini düzgün saymıram. Bir daha yaranmış suallara cavab almaq

İstəyimizə Səhiyyə Nazirliyi üstünə basa-basa bir daha vurğuladı ki, ölkədəki aptekləri dərmanla biz təmin etmirik. Bunu özəl  şirkətlər həyata keçirir. Dərman qiymətlərinin tənzimlənməsinə isə İqtisadiyyat Nazirliyi baxır. 

Nəysə, bu işin axırı yoxdur, amma araşdırmamızın ardı olacaq.

Gülşanə Mustafayeva, Bizim.Media



 

 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO