Mədəniyyət beşiyimiz Şuşa azad olunandan az sonra şəhərdə məşhur Şuşa çörəyinin istehsalına başlanılıb. Şuşaya gedib o çörəkdən dadmaq indi özü bir ritualdır.
Şuşada olarkən Şuşanın bu nemətini sevə-sevə istehsal edən Azhun Holdinq MMC--nin direktoru İftixar Əliyevlə də elə bu barədə danışmışıq.
Onun sözlərinə görə, Şuşa hərbçilərimizin cəsurluğu, şəhidlərimizin qanı sayəsində erməni vandallığından xilas edildikdən sonra Müdafiə Nazirliyinin elan etdiyi tenderdə qalib gələrək burada çörəkbişirmə sənayesinin bərpasına başlayıblar:
"2020-ci ilin dekabr ayından biz Şuşada yerləşdik, bina götürərək yenidən tikdik, təmir etdik. Bakıdan müasir avadanlıqlar gətirərək fəaliyyətə başladıq"
MÖVZU İLƏ BAĞLI:
“Şuşa İli” çərçivəsində “Vikipediya”da məqalələr yaradılır
İİftixar Əliyev deyir ki, müəssisə ikinci ildir ki Şuşada və Laçında Müdafiə Nazirliyinin şəxsi heyətinin çörəklə təminatını həyata keçirir. Onun açıqlamasına görə, hazırda Şuşada və Laçında fəaliyyət göstərən "Qala çörəyi"adlanan zavodlarında hərbçilərə nəzərdə tutulan çörəklə yanaşı, şuşalıların qədim buxanka - Qala çörəyi də bişirilir. Şuşalılar bu çörəyi çox sevir. Biz bu çörəyin bişirilməsini bərpa etməklə şuşalıların tarixi Qala çörəyi ilə bağlı nisgilinə də son qoyduq".
"Bəs Şuşa çörəyinin bu qədər şan-şöhrətli olmasına səbəb nədir?"- sualına İftixar Əliyevin cavabı belə oldu:
"Şuşa çörəyinə heç bir kənar qatqı qatılmır, unu Bakıdan gətiririk, xəmirimiz Şuşanın suyu ilə yoğrulur, Şuşanın suyu da bir başqa aləmdir. Saf, təmiz, xüsusi dadı var. Çörəkbişirən işçilərimiz də bacarıqlı, xüsusi kurs keçmiş işçilərdir. Bütün gigiyenik qaydalara da yüksək səviyyədə əməl edilir. Bu çörəyin şirinliyi həm də orasındadır ki, onun içində bir Vətən tutqusu var. 30 illik həsrətin umsunduğumuz qoxusu var. Budur onun əsil sirri. Təbii ki, əlavə olaraq keçmişin nostalgiyası da əlavə dad verir”.
Müəssisə rəhbəri deyir ki, indi Şuşanın məşhur çörəyindən burada qulluq edən igid hərbçilərimizlə yanaşı, buraya yolu düşən mülki şəxslər, işləməyə gələn müxtəlif insanlar da böyük fərəhlə alırlar. Şuşanı ziyarətə gələnlər isə buradan torblarla çörək alıb evlərinə aparırlar:
“Bilirsiniz, gələ bilməyən adamlar var, nə qədər sifariş verirlər bizə. Mən hesab edirəm ki, bu məhz 30 illik ayrılığın bir az da çörək, bərəkət dadıdır ki, insanlarımız onu yemək yox, üzlərinə, nəfəslərinə tutub qoxlamaq istəyirlər”.
Direktoru İftixar Əliyev onu da söyləyir ki, biz çörəyimizi gündəlik tələbata uyğun bişiririk. Kifayət qədər un ehtiyatımız da var. Şuşada bu işi görməyin ayrı bir ləzzəti var. Çünki Şuşa çörəyi təkcə çörək demək deyil, tutuyadır, sevgidir, ağrıdır, həm də QƏLƏBƏDİR!
Bizim.Media