Azərbaycanda 2022-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlanıb. Belə ki, Azərbaycanda 1 iyul 2021 – 30 iyun 2022 tarixində kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı isə 62 il 6 ay olacaq. 1 iyul 2022 – 30 iyun 2023 tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 63 il olacaq.
Bizim.Media Dövlət Statistika Komitəsinin açıqladığı statistik rəqəmlərə əsasən xəbər verir ki, bir il ərzində ölkəmizdə 65 yaşdan daha tez dünyasını dəyişənlərin sayı 22 min 911 nəfərdir.
Azərbaycan əhalisinin cəmi 7 faizini 65 yaşdan yuxarı insanlar təşkil edir. Bu isə ölkəmizdə pensiyaya çıxma yaşının ən yüksək həddə olduğunu göstərir.
Hər il minlərlə insanın pensiya yaşına çatmadan vəfat etdiyini nəzərə alsaq, pensiya yaşının artırılması nəyə əsaslanır?
Tanınmış sosioloq Əhməd Qəşəmoğlu Bizim.Media-ya açıqlamasında pensiya yaşının artırılma səbəbini iqtisadi problemlərlə əlaqələndirib:
“Bəli, etiraf etmək lazımdır ki, digər ölkələrlə müqayisədə bizdə pensiya yaşı yuxarıdır. Amma bunu da qeyd edək ki, pensiya yaşının qaldırılması sadəcə kiminsə istəyi ilə baş tutmur. Bunun arxasında ciddi iqtisadi məsələlər dayanır. Ölkədəki pensiya üçün ayrılan vəsaitlər əhalinin əmək haqqı və digər məslələrlə bağlıdır. İş yerləri, işçi qüvvələri və vergi ödəyiciləri az olanda pensiya fondu üçün nəzərdə tutulmuş vəsait arta bilmir. Bu problemə görə bir sıra ölkələrdə də pensiya yaşı artırılır. Bunun qarşısını almaq üçün təbii ki, ölkədə elə iqtisadi mexanizmlər olmalıdır ki, yüksək əmək haqqı olan iş yerləri çoxalsın, vergi büdcəsi artsın və bununla da pensiya yaşı aşağı salınsın.
Çalışmalıyıq ki, insanlar vaxtında pensiya yaşına çıxa bilsinlər. Bu onların yaradıcılıqlarına həmçinin yarımçıq qoyduqları işləri həll etməklərinə də kömək olacaq”.
Psixoloq Xatirə Səfərova isə pensiya yaşının artırılmasının təsirlərini individiual hesab edib.
Onun sözlərinə görə, yaşlanmağı istəməyən şəxslər üçün pensiya yaşının qaldırılması heç də problem hesab edilmir:
“Yaşa çox önəm verən insanlar üçün bu problem daha çox hiss oluna bilər. Həmçinin ömrünün çox zamanını işləyərək keçirən şəxslər, pensiya yaşına gəldikdə psixoloji sarsıntı keçirə bilərlər. Çünki bu zaman onlar özlərini yararsız hesab edirlər.
Düşünürlər ki, artıq bu yaşdan sonra onlar heç kimə, heç nəyə lazım deyil. Bizdə əksəriyyət ölənə qədər işləmək həvəsindədir. Bu da regionun temperamenti ilə bağlıdır. Lakin həyatını daha sakit tərzdə sürmüş şəxslər isə bu yaş həddini heç də dərd etmirlər. Əksinə işlədiklərinin əvəzi olaraq pensiya ilə yetinməyi və rahat şəkildə həyatlarını yaşamağa davam edirlər. Bu məsələnin əsası iki kateqoriyadan olan şəxsin məsələyə verəcəyi reaksiyaya bağlıdır. Hər kəs pensiya yaşının artırılması və ya azalmasına eyni reaksiyanı verə bilməz”.
Səkinə Yusibli, Bizim.Media