ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiya hansı sonluqla bitəcək?  - MÜSAHİBƏ

ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiya hansı sonluqla bitəcək?  - MÜSAHİBƏ

Hazırda oxunan: ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiya hansı sonluqla bitəcək?  - MÜSAHİBƏ

5399

Xəbər veridiyimiz kimi ABŞ Dövlət Departamenti Rusiya istehsalı S-400 komplekslərinin alınmasına görə Türkiyəyə sanksiya tətbiq etdiyini açıqlayıb.

Bu sanksiya əslində hansı ölkəyə tətbiq edilib Rusiyaya yoxsa, Türkiyəyə?

Bununla bağlı politoloq Əli Hacızadə ilə söhbətləşdik. Hacızadə Bizim.Media-ya açıqlamasında bəzi maraqlı məqamlara toxunub:

-Türkiyəyə qarşı sanksiyalar tətbiq olunduqdan sonra ABŞ dövlət katibinin köməkçisi bunun Rusiyaya qarşı olduğunu açıqlayıb. Lakin sənədə baxdıqda, siyahıda ancaq türkiyəli məmurların adlarını görmək olar. Bəli, bu bəlkə Rusiyaya da təsir edəcək, NATO-ya üzv olan digər dövlətlər Rusiyadan silah almağa çəkinəcəklər. Çünki onlara da oxşar sanksiyalar tətbiq oluna bilər.

-Bildiyimiz qədər Türkiyə hava hücumundan müdafiə sistemləri ilə bağlı dəfələrlə NATO və ABŞ-a müraciət edib, lakin onlardan adekvat cavab almadığı üçün Rusiyadan bu sistemləri əldə edib. ABŞ nə istəyir, Türkiyənin müdafiə gücü olmamalıdır?

-  Haqlısınız, Türkiyə 10 ildir ki, raket hücumundan müdafiə sistemlərinin alınması üçün həm Almaniyaya, həm də ABŞ-a müraciət edib. Burada xüsusi olaraq “Petriot” raket sistemi haqqında söhbət gedirdi, lakin Türkiyənin cəhdlərinə baxmayaraq, onun heç bir müraciəti müsbət qarşılanmayıb. Sonra Suriyada vətəndaş müharibəsi aktiv fazaya keçəndə, Almaniya ona məxsus iki “Petriot” kompleksini guya Türkiyəni hava hücumlarından müdafiə etmək üçün NATO çərçivəsində Türkiyə Suriya sərhədində yerləşdirmişdi. Altı ay müddətində o komplekslər orada qaldıqdan sonra, Almaniya onları öz ərazisinə qaytardı. Bütün bu müddət ərzində ABŞ bu komplekslərin Türkiyəyə satılmağını istəmirdi və bundan birbaşa imtina edirdi. Əslində, burada açıqlanmayan bir maraqlı məqam var. Türkiyə ABŞ-dan “Petriot” raket kompleksini almaq üçün öz şərtlərini irəli sürmüşdü. Şərtə görə, raket kompleksini alan Türkiyə onun texnologiyasını da əldə etməli idi. ABŞ isə bunu istəmirdi, çünki Türkiyə bu texnologiyadan istifadə edib, öz analoqunu yarada bilərdi. Türkiyənin Rusiya ilə imzaladığı  müqavilədə isə bu şərt öz əksini tapıb. Bununla da Türkiyə raket kompleksinin əhəmiyyətli texnologiyasını əldə edib.

- Məlumdur ki, Yunanıstan da bu sistemləri Rusiyadan əldə edib, lakin bu, nə ABŞ, nə də NATO rəhbərliyində hər hansı neqativ münasibətə səbəb olmayıb.

- Yunanıstan 90-cı illərin sonunda Rusiyadan S-300 raket kompleksləri alıb. O zamanlar bunu Yunanıstan deyil, Cənubi Kipr əldə etmişdi. Lakin Türkiyənin də etirazından sonra komplekslərin Yunanıstan ərazisində yerləşdirilməsi haqqında qərar verildi. Əslində, Yunanıstana NATO tərəfindən müəyyən etirazlar var idi. Lakin bu Türkiyəyə olunan qadağalarla müqayisə ediləcək bir etiraz deyildi. Onu da qeyd edim ki, hazırda da bu raket kompleksi Yunanıstandadır və NATO indiyə qədər onlara heç bir sanksiya tətbiq etməyib.

- Türkiyənin atacağı addımı da gəlin proqnozlaşdıraq, Ankaranın əlində hansı rıçaqlar var?

-Ankaranın əlində olan rıçaqlar aydındır. Birinci Türkiyə öz milli hərbi sənayesini daha da inkişaf etdirə, daha sonra o Rusiya və ya Çinlə hərbi əməkdaşlığını daha da dərinləşdirə və Rusiyadan yeni silah sistemləri ala bilər. Bundan başqa Suriya istiqamətində Türkiyə ilə ABŞ arasında bəlli gərginlik var. Ola bilər ki, Türkiyə Suriya istiqamətində ABŞ-ın orada dəstəklədiyi proksi (kürd) qüvvələrinə qarşı hər hansı bir addımlar atsın. Lakin mənim fikrimcə, Türkiyə bu addımları atmağa tələsməyəcək, çünki hazırda ABŞ-da olan administrasiya tezliklə, Co Baydenin komandası ilə əvəzlənəcək.

- Bu sanksiyalar NATO - Türkiyə münasibətlərinə hansı yandan təsir edə bilər? Türkiyəsiz Yaxın Şərq əməliyyatları ABŞ üçün çətinlik yaratmazmı?

- Bu sanksiyalar təbii ki, NATO-nun daxilində çox ciddi problemlərə yol aça bilər. Çünki NATO-nun iki əsas üzvləri öz aralarında  faktiki soyuq müharibə yaşayırlar. Başqa bir üzvü Fransanın da həmçinin Türkiyə ilə münasibətləri yaxşı deyil. Bu hər an hərbi əməliyyatlara keçə bilər. Bu da NATO-nun bütövlüyü üçün ciddi bir zərbədir. NATO-da yaranan bu promblemlər də Rusiya üçün əlverişlidir. Yaxın Şərq əməliyyatları üçün Türkiyənin rolu böyükdür, ancaq son zamanlar ABŞ bu missiyanı Türkiyəsiz həyata keçirməyə çalışır. Bu da onlarda uğursuz alınmır.

- Bir də Trampın gethagedində bu sanksiyaya nə hacət vardı? Bu, ABŞ dərin dövlətinin gedənin əli ilə vurmaq, gələnə əlavə divident qazandırmaq planı deyil ki?

- Fikir versəniz, Tramp administrasiyasının getdiyi bir vaxtda bir tək Türkiyəyə deyil, İrana və Rusiyaya da qarşı sanksiyalar tətbiq edib. Buradan da aydın olur ki, böyük dövlətlərin idarəçilərinin kimliyindən asılı olmayaraq, yürütdükləri siyasətlərinin bəlli xətti var və onlar bu cığırla da yollarına davam etdirirlər. Bəlkə də Türkiyə Co Bayden administrasiyası ilə bəlli razılığa gələcək, lakin bu olmaya da bilər. Bəlkə də münasibətlər daha da qəlizləşəcək, bu haqda proqnoz vermək hələ ki, çox tezdir. Ancaq Bayden administrasiyasının Türkiyə qarşı fərqli bir davranış göstərəcəyinə inanmıram. Co Baydenin Türkiyəyə qarşı böyük bir müsahibəsi var, orada o, Türkiyəni tənqid deyil bilavasitə təhqir edir. Ona görə də Türkiyəyə qarşı Bayden administrasiyasından xüsusi bir rəğbət gözləmək düzgün deyil.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO