"Ümid edirəm ki, nə vaxtsa Ermənistanla bizim qonşuluq əlaqələrimiz qurulacaq".
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində deyib.
Dövlət başçısı Beynəlxalq arenadakı fəaliyyətlə bağlı qonşu dövlətlərlə əlaqələrin uğurla inkişaf etdiyini bildirib:
MÖVZU İLƏ BAĞLI:
"Biz İkinci Qarabağ müharibəsini heç vaxt unutmamalıyıq" – İlham Əliyev
“Bu əlaqələr ənənəvi olaraq dostluq, əməkdaşlıq üzərində qurulubdur. Türkiyə ilə bu il imzalanmış Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırır, halbuki faktiki olaraq bu, müttəfiqlik əlaqələri idi, amma bu, artıq rəsmən təsdiqləndi və əlbəttə ki, bu bəyannamənin Şuşa şəhərində imzalanmasının xüsusi mənası var idi. Rusiya ilə əlaqələrimiz uğurla inkişaf edir. Əminəm ki, növbəti dövrdə Rusiya ilə də bizim əlaqələrimiz daha yüksək səviyyəyə rəsmən qaldırılacaqdır”.
Prezident İran və Gürcüstanla təmaslara da toxunub:
“Digər qonşularla, İran və Gürcüstanla daim təmaslar əsnasında, fikir mübadiləsi əsnasında dostluq və tərəfdaşlıq əlaqələri daha da inkişaf etmişdir. Artıq regionda çoxtərəfli əməkdaşlıq platformu formalaşır və əlbəttə ki, bu, bizim maraqlarımıza cavab verir.
Qonşular haqqında danışanda, təbii olaraq, Ermənistanı mən heç vaxt bu kateqoriyadan olan ölkələrə daxil etmirdim. Bu gün də hələ ki, daxil etmirəm. Amma ümid edirəm ki, nə vaxtsa Ermənistanla da bizim qonşuluq əlaqələrimiz qurulacaq.
Hər halda İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edərək Ermənistan da regional çərçivədə öz rolunu artıra bilər. Hər halda noyabr və dekabr aylarında Soçi və Brüssel şəhərlərində keçirilmiş görüşlər ümidvericidir və ümid edirəm ki, bu görüşlərdə əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaqdır".
Bizim.Media