Ermənistan tərəfi regional məsələləri müzakirə etmək üçün Bakıya səfər etməyə hazırdır.
Bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mətbuata açıqlamasında bildirib.
Erməni rəsmisinin bu açıqlaması isə ciddi müzakirələrə səbəb olub. Belə ki bir sıra ekspertlər Qriqoryanın bu açıqlamasının indiki situasiyada real olmadığını qeyd edirlər.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan Təhlükəsizlik Şurasının katibi Bakıya gələcək – RƏSMİ AÇIQLAMA
Lakin məsələ ilə bağlı Bizim.Media-ya müsahibə verən politoloq Zərdüşt Əlizadə Qriqoryanın Bakıya səfərinin reallaşa biləcəyini qeyd edib:
“Niyə də real olmasın? Onlar Bakıya gələ, bizimkilər isə, İrəvana gedə bilərlər. Və yaxud da Tiflisdə tərəflər arasında görüş keçirilə bilər. Əsas odur ki, nəticə əldə olunsun”.
- Necə düşünürsünüz, sözügedən addım atılarsa, bu danışıqlar prosesində dönüm nöqtəsi ola bilərmi?
“Əlbəttə. Əgər Ermənistan Təhlükəsizlik Şurasının katibi deyibsə ki, mən Bakıya da getməyə hazıram, İrəvanda da qəbul etməyə hazıram, bu o deməkdir ki, Ermənistanda Azərbaycanla razılığa gəlməklə bağlı qərar qəbul olunub. Qalıb texniki cəhətdən danışıqlar aparıb razılığa gəlmək. Niyyət var, tələb var, yalnız həyata keçirmək qalıb”.
- Əgər belə bir görüş baş tutarsa, bu yəqin ki, ikitərəfli olacaq, deyilmi?
“Hələlik, ikitərəfli söhbət gedir. Orada qeyd edilməyib ki, Qriqoryan Bakıya gəlsə, Rusiyanın, Fransanın və ya Amerikanın nümayəndəsi mütləq orada olmalıdır. Artıq, əlhəmdülillah ki, danışıqlar ikitərəfli gedir”.
Murad Əhmədov, Bizim.Media