Fövqəladə Hallar Nazirliyi (FHN) havaların kəskin soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
FHN-dən Bizim.Media-ya daxil olan müraciətdə deyilir:
"Hazırda ölkədə müşahidə olunan və bir neçə gün davam edəcək soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur.
Bu zaman xüsusilə mənzillərdə və ya fərdi yaşayış evlərində elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə yanğınla nəticələnə bilər.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını tövsiyə edir.
Bu məqsədlə, aşağıda göstərilən bəzi təhlükəsizlik qaydalarını bir daha xatırladırıq:
- nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə etməyin!
- elektrik şəbəkəsini həddindən artıq yükləməyin!
- işlək vəziyyətdə olan qızdırıcı cihazları nəzarətsiz qoymayın, onları uşaqlara həvalə etməyin!
- qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamayın!
- cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edin!
- elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin!
- mütəmadi olaraq qızdırıcı cihazların və tüstü bacalarının istismara yararlılığını mütəxəssislərə yoxlatdırın!
- mənzildə qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın!
Bu qaydalara əməl etməklə özünüzü və yaxınlarınızı yanğınlardan qoruyacaqsınız”.
Bizim.Media